Son illər Azərbaycanda turizm təsərrüfatının
inkişafına xüsusi diqqət yetirilir. Vaxtilə
Azərbaycana ildə 300-500 min turist gəlirdisə, görülən işlər nəticəsində təkcə
2017-ci ildə ölkəmizdə olan turistlərin sayı 2 691 998 nəfər təşkil etmişdir. Prezident
İlham Əliyevin sərəncamı ilə artıq Azərbaycanda turizm sahəsində dövlət proqramı
qəbul olunmuşdur. Prezident ölkədə mühüm turizm məkanlarının açılışında bilavasitə
iştirak edir, müəyyən tapşırıqlar verir, vəzifələr irəli sürür.
2015-ci il avqustun 8-də Qalaaltı Hotel-Spa
Mərkəzinin açılışında ölkə rəhbərinin dediyi fikirlərin xüsusi əhəmiyyəti var:
"Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət
kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait... ən yüksək standartlara
uyğundur”.
Azərbaycan dünyanın ən zəngin turizm-rekreasiya
ehtiyatlarına malik ölkələrindən biridir. Burada mindən çox bulaq, mineral sular
mövcuddur ki, onların əksəriyyəti Azərbaycanın dağlıq və dağətəyi bölgələrində yerləşir.
Göstərilən mineral suların böyük əksəriyyətinin təbii çıxarları olsa da, onlardan
cəmi 30 mineral bulaqla bağlı tam geoloji araşdırmalar aparılmış və həmin yerlərin
istismar ehtiyatları müəyyənləşdirilmişdir. Belə müalicəvi əhəmiyyəti olan mineral
sulardan biri də Bakı şəhərindən 120 kilometr şimalda, Şabran rayonunun 16 kilometrliyində
Qalaaltı kəndinin şimal hissəsində üç tərəfdən meşə ilə əhatə olunmuş səfalı bir
ərazidə yerləşən Qalaaltı müalicə-istirahət kompleksidir.
Göstərilən ərazidə 1969-cu ildə müalicəvi
su kəşf edilmişdir. Buranın xüsusi təbii şəraiti ilə seçilən çox quru, təmiz havası
var. Ərazi Xəzər dənizi sahilindən 10-15 kilometrlik məsafədə, çox füsunkar məkanda yerləşir və burada dağ havası
dəniz havası ilə birləşərək insanların özlərini rahat hiss etməsinə səbəb olur.
Buranın xüsusi olaraq iqlimi və onların insan sağlamlığına təsiri məsələləri respublika
coğrafiyaçıları tərəfindən ətraflı tədqiq edilmişdir. Bu məsələdə tədqiqatçı Əsgər
Əyyubovun xidmətləri xüsusi qeyd edilməlidir. Əsgər Əyyubov "Azərbaycan SSR-in kurort
və istirahət yerlərinin iqlimi” əsərində bu ərazilər haqqında ətraflı məlumat vermişdir. Qalaaltıda ən isti ayın orta temperaturu 220C, ən soyuq
ayın temperaturu isə -10C olur. Qalaaltı istirahət kompleksində ayrı-ayrı illərdə
mütləq maksimum temperatur 390C, mütləq minimum temperatur isə -240C olmuşdur. Yay
ayları nisbətən sərin keçir. İl ərzində günəşli günlərin sayı 130 günə, tutqun günlərin
sayı 74 günə bərabərdir. Yanvar ayında havanın nisbi rütubəti 80, iyul ayında isə
65 faiz təşkil edir. Yağıntının illik miqdarı 430 mm-dir.
Qalaaltı müalicə-istirahət
kompleksi Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 700 metrlik yüksəkliklərində
yerləşən Qalaaltı mineral suyu əsasında 1976-cı ildə fəaliyyətə başlamışdır.
Yerli əhali bu suya "neftli su”, başqa sözlə, "naftusiya” deyir. Çox kəskin
qoxusu və dadı ilə seçilir. Uzun illər Azərbaycan alimlərinin apardığı çoxsahəli işlər sayəsində müəyyən olunmuşdur ki,
buranın suyu Ukraynanın Truskavets şəhərində çıxarılan naftusiya ilə eynidir. Müalicəvi Qalaaltı suyu tapılana qədər Truskavetsin
suyu SSRİ-də bu sahədə yeganə su idi. Qalaaltı
suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir.
Naftusiya suyunda isə bu göstərici 5-10 mq/litr arasındadır. Uzun illər istifadə
nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Mineral
suyun müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvi maddələrin
zənginliyindən asılıdır. Bu baxımdan yerli və xarici alimlərin keçmiş sovetlər dövründə
Qalaaltı mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri
ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.
1969-cu ilədək
Qalaaltı suyunun aşkar edilməsi və burada kurortun yaradılması keçmiş
S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin
Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) Geologiya və hidrokimya şöbəsinin əməkdaşlarının
1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallar
və üzvi maddələr olan bu müalicə əhəmiyyətli bulağı müəyyən etməsilə başlamışdır.
Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərmişdir ki, suyun tərkibi naftusiya
suyuna oxşardır. Azərbaycanın tibb sahəsi Qalaaltı suyundan əsasən sidik kisəsi
xəstəliklərinin müalicəsində istifadə edir. O, insan orqanizmindən kiçik daşların və qumun böyrəklərdən,
öd kisəsindən, sidik və öd yollarından çıxmasını asanlaşdırır. Böyrəklərdə daşların
yenidən yaranma meyilliyini aradan qaldırır. Orqanizmdə maddələr mübadiləsini normallaşdırır,
o cümlədən orqanizmin müdafiə gücünü bərpa edir.
Qalaaltı suyunu
istifadə üçün uzun müddət saxlamaq olmaz. Bu sudan yalnız yerində istifadə olunmalıdır.
Qalaaltı suyunun
perspektivli olduğu müəyyən edilmişdir. 1969-cu ildə Qalaaltı suyunun müalicəvi
xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan SSR Səhiyyə Nazirliyinə verilən təklif
qəbul edilmiş və bundan sonra suyun klinik tədqiqatlarına başlanılmışdı. Bunun üçün
Azərbaycan SSR Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə "Siyəzənneft”in nəzdində 50 çarpayılıq sanatoriya, eyni zamanda,
suyun fizioloji və müalicəvi xüsusiyyətlərinin daha dəqiq öyrənilməsi üçün institutun
alimlərindən ibarət ekspedisiya yaradılmışdır. Sanatoriyada ilk dəfə Qalaaltı suyu
ilə 100 xəstənin müalicəsi aparılmış və uğurlu nəticələr alınmışdır. Sonrakı illərdə
də, yəni 1974-cü ilədək institutun əməkdaşları tərəfindən aparılmış kliniki tədqiqatlar
bu suyun bir çox xəstəliklərin müalicəsində əvəzsiz şəfa mənbəyi olduğunu təsdiq
etmişdir. Azərbaycan alimləri 400 nəfər üzərində apardıqları müalicədən sonra belə
qənaətə gəlmişlər ki, Qalaaltı mineral suyu həm də soyuqdəymə ilə bağlı qarşıya
çıxan bir çox xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir.
1969-cu ildə
Qalaaltı mineral suyu yerləşən ərazidə aparılan tədqiqatlar bununla məhdudlaşmamışdır. Belə ki, Qalaaltı
mineral suyunun tədqiqi akademik M.A.Qaşqay, S.M.Hacıyev, Ə.M.Babayev, rusiyalı
alim Y.Lavruvin, Ə.T.Ələsgərov və digərləri tərəfindən davam etdirilmişdir. Bundan
əlavə, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası
Geologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən
Qalaaltı suyunun bioloji-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bütün tədqiqatların
nəticələri əvvəlki illərdə aparılmış nəticələrlə üst-üstə düşmüşdür.
Qalaaltı suyunun
ən böyük təbliğatçısı Azərbaycanda təbiət elminin bilicisi akademik Həsən Əliyev
olmuşdur. Məhz bu alimin müstəsna xidmətləri sayəsində təbiətin bizə bəxş etdiyi
Qalaaltı suyu bu gün çoxminli azərbaycanlıya və xarici ölkələrdən bura gələn xəstələrə
şəfa verir. Akademik Həsən Əliyevin böyük xidmətlərindən biri də ondan ibarət olmuşdur
ki, o özü bilavasitə Qalaaltı müalicə-istirahət mərkəzinə hər il getməklə insanlara
"niyə siz Azərbaycanda olan belə şəfa mərkəzlərinə müraciət etmirsiniz? Amma xarici
ölkələrdə çox baha qiymətə olan müalicə mərkəzlərinə gedərək istədiyiniz müalicəni
də ala bilmirsiniz...” fikrini aşılayırdı. Bununla o, xaricə gedən azərbaycanlıların
müalicə üçün öz doğma vətənində olan şəfa mərkəzlərinə müraciət etməsi işini müəyyən
mənada həyata keçirmişdir. Qalaaltı kurortu akademik Həsən Əliyevin töhfəsidir.
Qalaaltı suyunun istifadəyə verilməsində əvəzsiz xidmətləri nəzərə alınaraq Qalaaltı
turizm-istirahət və müalicə mərkəzinin ən əzəmətli yerində akademik Həsən Əliyevin
barelyefinin qoyulması, həm də göstərilən kompleksin akademik Həsən Əliyevin adına
olması məqsədyönlü olardı.
Qalaaltı müalicə-istirahət kompleksində mövsüm
ərzində 300 nəfərə yaxın insan daimi işlə təmin olunmuşdur. Son illərdə Qalaaltı
müalicə-istirahət kompleksi yenidən qurulmuş, onun ərazisi genişləndirilmiş, müasir
standartlara cavab verən Qalaaltı Hotel-Spa Mərkəzinin tikintisi başa çatdırlımışdır.
Göstərilən müalicə-istirahət kompleksinin yeni tikintisi üçün 7,1 ha sahə ayrılmışdır.
Qalaaltı Hotel-Spa kompleksinin tam gücü ilə fəaliyyət göstərməsi bu hoteldən istifadə edənlərin sayının artmasına, həmçinin
xarici turist axınının çoxalmasına təkan verəcəkdir.
Hazırda ölkəmizə
müalicə məqsədilə və gəzməyə gələn turistlərin sayı ildən-ilə artır. Onu da qeyd
edək ki, 2018-ci ildə ölkəyə təşrif gətirən
turistlərin sayı 3 milyon nəfərdən çox olmuşdur ki, bunun da 50 faizi istirahət
və müalicə-sağlamlıq məqsədilə gələnlərdən ibarətdir.
Qalaaltı müalicə-istirahət
kompleksində ətraf sahələrə nəzər yetirdikdə çox gözəl arxitekturaya malik əyləncə
mərkəzləri, çoxsahəli tikililər diqqəti cəlb edir. Burada turistlər və istirahət
edənlər özlərinin istirahətlərini necə keçirirlər? Kompleksə təşrif buyuran hər
bir turistə çap olunmuş şəkildə günün proqramı verilir. Bu proqrama 10:00-dan başlayaraq
gecə saat 23:00-dək müxtəlif əyləncələr, o cümlədən su gimnastikası, dartış oyunu,
voleybol, basketbol, futbol oyunları, uşaqlar üçün minidisko daxildir. Burada cümə
və şənbə günləri canlı şou proqramları təşkil olunur. Bəzən də bu proqramlar çərçivəsində
Bakı şəhərindən dəvət olunmuş müğənni və musiqiçilərin pulsuz konsertləri təşkil
olunur. Qalaaltı müalicə-istirahət kompleksində yaşı 6-ya qədər olan uşaqlar burada
pulsuz istirahət edirlər.
Qalaaltı müalicə-istirahət
kompleksində müxtəlif dizayn üslublarında tərtib edilmiş 171 otaqdan ibarət hotel
binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb,
müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı
112 superior otağın 33-ü iki, 79-u birnəfərlikdir. Bundan başqa, burada 11 suit
otaq və 1 lüks otaq da var. Kompleksdə təbiətin qoynunda, ətraf mühitlə harmoniyada
yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini əks etdirən 4 kiçik
hotel binası da inşa edilib. "Lalə”, "Zanbaq”, "Bənövşə” və "Mimoza” adlanan həmin
binaların hər birində 10-u superior və 1-i suit olmaqla ümumilikdə 44 otaq var.
Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə xüsusi villalar təklif edilir.
"Şahdağ” villası 5, "Kəpəz” və "Murov” villalarının hər biri isə 4 otaqdan ibarətdir.
Otel ümumilikdə birdəfəlik 354 nəfərə xidmət etmək imkanına malikdir.
Qalaaltı kompleksində
iaşə müəssisələrinə gələn turistlər və qonaqlara 45 nəfər gənc hər gün yüksək səviyyədə
xidmət göstərir. Orta hesabla bura gələn turistlərə və qonaqlara hər gün gündə üç
dəfə olmaqla (1200-1300 adama) yüksək səviyyədə xidmət göstərilir. Kompleksin tərkibində
"Mənzərə” restoranı, "Lavanda”, "Qala” və "Vitamin” barları qonaqların həm yüksək
səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş
imkanlar açır. Müalicə istirahət kompleksində aptek, market, suvenir mağazası, kişi
və qadın salonları var, qonaqlara lazımi bank xidmətləri təklif olunur.
Kompleksdə
müştərilərə geniş əyləncə xidmətləri təklif edilir. Kompleksdə idmanın müxtəlif
növləri üçün nəzərdə tutulmuş meydançalar, o cümlədən fitnes, aerobika zalı, örtülü
hovuz, tennis kortları, çöl idman meydançası, geniş park sahəsi, əyləncə mərkəzləri,
uşaqlar üçün oyun meydançaları, uşaq mərkəzləri və hovuzu, duz otağı, elektron oyunlar
məkanı var. Burada 148 yerlik avtomobil dayanacağı da yaradılıb.
Qalaaltı Hotel-Spanın
ən böyük struktur bölmələrindən birində tibb müəssisəsi fəaliyyət göstərir. Qalaaltı
müalicə-istirahət kompleksinə sağlamlıq və turizm məqsədilə gələnlərin sayı son
illər sürətlə artır. Hazırda Qalaaltı hoteli və sanatoriyanın "Çıraq” Tibb Mərkəzində
uroloq, ginekoloq, qastroenteroloq, kardioloq, nevroloq, terapevt, fizioterapiya
ixtisasları üzrə həkimlər, eyni zamanda həkim-laborant, ultrasəs müayinəsi həkimi,
həkim rentgenoloq çalışır. 12 nəfər orta tibb təhsilli tibb bacısı, 3 nəfər isə
orta tibb təhsilli masajçı da fəaliyyət göstərir. Tibb Mərkəzində həkim-endokrinoloq,
həkim-stomatoloq və həkim-kosmetoloq vakant yerləri var. Sadalanan həkimlərin fəaliyyəti
üçün bütün spesifik cihaz və avadanlıqlar Avropa ölkələrindən alınmışdır və hazırda
burada istifadə olunur. Təəssüfləndirici hallardan biri isə odur ki, buraya gələnlərin
bir qisminin həm də diabet xəstələri olmasına baxmayaraq, nədənsə diabetdən müalicə
almaq istəyənlər üçün ixtisaslı həkimlər yoxdur və onlar üçün xüsusi yeməklər hazırlanmır.
Gələnlərin təxminən 15-20 faizinin uşaqlar olduğunu nəzərə alaraq həkim-pediatrın
da olması vacibdir.
Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramında
nəzərdə tutulmuş bəzi məsələlərin Qalaaltı Hotel Spa kompleksində öz müsbət həllini
tapması daha yaxşı olardı. Burada turistlərin ətraf ərazilərdə (rayonlarda) yerləşən
çox fərqli təsərrüfat sahələrinə, tarixi yerlərə, təbiət abidələrinə ekskursiyaları
təşkil edilməlidir. Halbuki xarici ölkələrdə süd məhsulları, hətta pendir istehsalı
müəssisələrinə, şərab zavodlarına, broyler fabriklərinə və s. yerlərə ekskursiya
üçün hər bir turist 100-150 dollar sərf etməli olur. Əgər xarici ölkələrdə ekskursiyalar
belə yüksək gəlir verirsə, bəs niyə Qalaaltı müalicə-istirahət kompleksinin yerləşdiyi
ərazinin yaxınlığındakı Siyəzən Broyler Fabrikinə, heyvandarlıq kompleksinə, neftçıxarma
müəssisələrinə, qalalara, təbiət abidələrinə və s. görməli və tarixi yerlərə ekskursiyalar
təşkil olunmur? Turistlərin ekskursiyasını yaxın bölgələrdə yerləşən Şabran Çıraqqala
məscidinə, Taxtakörpü su anbarına, Xıdırzində Baba pirinə (Beşbarmaq dağı), Şabran,
Gilgilçay mühafizə kompleksinə, Quba Cümə məscidinə, Təngialtı dərəsinə, Africa
şəlaləsinə, Quba, "Balbulaq” istirahət mərkəzlərinə, Böyük Qafqazda Bazardüzünə,
Tufandağa, Şahdağ parkına, Şahdağ qış-yay turizm kompleksinə, Siyəzənin, Şabranın,
Nabran-Yalamanın narın qumlu dəniz çimərliklərinə, hətta Qalaaltıya yaxın olan Rusiya
Federasiyasının Dərbənd qalasına
və s. yerlərə
dincəlmək, əylənmək, ətraf mühitlə tanış olmaq üçün səyahət təşkil etmək olar. Taxtakörpü
su anbarının ətrafında meşə örtüyünün salınması ilə yay aylarında buraya gələn əhalinin
səmərəli istirahəti üçün şərait yaratmaq olar.
Qalaaltı Hotel-Spadan
500-600 metr qərbdə, Gülən kəndinin ərazisində yerləşən Qoturbulaq adlanan müalicəvi
sudan yerli əhali qoturluq xəstəliyinin müalicəsində istifadə edir. Gələcəkdə mütəxəssislər
və məsul şəxslər bu bulaqdan sanatoriyaya gələnlərin də müalicəsi üçün istifadə
etsələr, daha yaxşı olar.
Qalaaltı müalicə-istirahət
kompleksinə gedərkən Bakı-Quba avtomobil
yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində bilavasitə Qalaaltı müalicə-istirahət
kompleksinə aparan 20 kilometrlik yolun 2-3 yerində qarşılaşdığımız çox primitiv yol nişanları belə nəhəng bir mərkəzin adına layiq
deyil. Qoyulmuş yol nişanları bura ilk dəfə
öz avtomobilləri ilə gələn yerli və xarici turistlərin işini çətinləşdirir.
Azərbaycanda
kurort və turizm xidmətlərinin yüksəldilməsi məqsədilə qonşu Türkiyə və Rusiya təcrübəsindən
istifadə edilməsi və yeni xidmət sahələrinin yaradılması məqsədəuyğun olardı. Qalaaltı
Hotel-Spa kompleksinin sosial turizm layihələrində iştirak etməsi, burada aparılan
düzgün qiymət siyasəti və s. daha çox turist cəlb etməyə imkan verərdi.
Neron BABAXANOV,
İsmayıl ƏLİYEV,
BDU-nun professorları