İnvestisiya dəyəri 62 milyon manat olan Hacıqabul
Sənaye Məhəlləsi hələ tikilib başa çatmamış istehsalat korpusları tamamən icarəyə
götürülüb
Məkan - Hacıqabul
rayonu, Atbulaq kəndidir. 1993-cü ildə Pirsaat çayının sahilindəki düzənlik ərazidə
salınan bu kənd Bakıdan 113 kilometr aralıda yerləşir.
O vaxt heç
kimin ağlına belə gəlməzdi ki, 26 ildən sonra bu düzənliyin 20 hektarlıq ərazisində
Azərbaycanın ən böyük sənaye məhəlləsi - Hacıqabul Sənaye Məhəlləsi yaradılacaq.
Və bu sənaye potensialı nəinki Atbulaq kəndinin, hətta ətraf kəndlərin də əhalisi
üçün geniş imkanlar açacaq - kiçik sahibkarlıq subyektləri üçün əlverişli biznes
şəraiti, əhali üçün isə müxtəlif iş yerləri...
Prezident
İlham Əliyevin 2017-ci il 25 iyul tarixli sərəncamı əsasında yaradılan sənaye məhəlləsinin
tikintisi demək olar ki, başa çatıb və son tamamlanma işləri yekunlaşdıqdan sonra
istifadəyə veriləcək. Görülən işlərlə, məhəllədə yaradılan infrastrukturla tanış
olmaq üçün jurnalist marağı ilə Hacıqabula yollandıq.
4 milyon manat
vəsait, nəhəng sənaye kompleksi
Öncə onu vurğulayaq
ki, İlham Əliyevin yeni inkişaf konsepsiyasına
uyğun olaraq son illərdə ölkəmizdə sənaye park və məhəllələri yaradılır. Hazırda
Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları,
Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar
Parkı, Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərirlər.
İl yarım öncə
dövlət başçısının imzaladığı sərəncama əsasən, Hacıqabul Sənaye Məhəlləsinin yaradılması
üçün Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat vəsait
ayrılıb və qısa zamanda işlər başa çatdırılıb.
Hazırda müxtəlif dövlət qurumları ilə razılaşdırmalar aparılır. Bütün rəylər alındıqdan
sonra məhəllənin istismara qəbuluna tam icazə veriləcək.
Ümumiyyətlə,
sənaye məhəllələri kiçik və orta sahibkarlıq subyektləri üçün çox əlverişli imkanlar
yaratdığına görə komplekslərə böyük maraq var. Çünki məhəllələr sahibkarı həm məkan,
həm də tikinti xərclərindən azad edir. Belə ki, sahibkar müraciət edərək məhəllədəki
istehsalat korpuslarında istənilən həcmdə
yer icarəyə götürür. Həmin ərazidə isə bütün kommunal xidmətlər mövcuddur. Sadəcə
olaraq avadanlıqlar quraşdırılır və istehsala başlanılır. Sahibkar dövlətə yalnız
götürdüyü sahəyə uyğun icarəhaqqı verir.
Məhəllələrdə
sahibkarlara torpaq sahələri də verilə bilir. Sahibkar hüquqi şəxs kimi məhəllənin
ərazisindən torpaq sahəsi götürüb öz müəssisəsini inşa edir. Bu zaman isə Vergi
Məcəlləsinə uyğun torpaq vergisi ödənilir. İstehsalat sahələrində yer götürən sahibkarlar
dövlət tərəfindən tənzimlənən minimum qiymətlər əsasında icarəhaqqı ödəyirlər. Bu
vəsaitin 50 faizi dövlət büdcəsinə, 50 faizi isə "Azərbaycan İnvestisiya Şirkəti”nə
daxil olur.
Torpağı icarəyə
götürənlərin vergisi isə Vergi Məcəlləsinə
uyğun tənzimlənir. Burada icarəhaqqı 100 faiz dövlət büdcəsinə ödənilir.
İkimərtəbəli
inzibati bina, 4 istehsalat sahəsi
Sənaye məhəlləsindəyik.
Bu, həm sahəsinə (20 hektar), həm də investisiya dəyərinə (62 milyon manata yaxın)
görə Azərbaycanın hələlik ən böyük sənaye
kompleksidir. Bundan öncə sahibkarların ixtiyarına verilən Neftçala (investisiya
dəyəri 45,3 milyon manat) və Masallı (investisiya dəyəri 33,5 milyon manat) sənaye
məhəllələri 10 hektar ərazidə tikilib.
20 hektar
ərazinin 4 hektarında 4 istehsalat sahəsi, ikimərtəbəli inzibati, eləcə də texniki
və köməkçi binalar tikilib. İstehsalat korpuslarının 2-si 1296 kvadratmetr, 2-si isə 1728 kvadratmetrdir.
Sahibkarların ixtiyarına veriləcək istehsalat sahələri də ikimərtəbəlidir. Birinci
mərtəbədə istehsal sahəsi, ikinci mərtəbədə isə ofis, işçilərin paltar soyunub-geyinmə
otagı mövcuddur.
Sahəsi
937,8 kvadratmetr olan ikimərtəbəli inzibati bina toplantı və təlimlərin keçirilməsi
üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir
ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici
təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində
sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika,
tibbi xidmətlər göstəriləcək. Burada, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
sahibkarlara dəstək verən "KOB Dostu” da fəaliyyət göstərəcək.
Fasiləsiz
enerji təminatı, texniki suların yenidən təmizlənərək istifadəsi
Sənaye sahəsində
fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft
sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması məqsədi ilə yaradılan məhəllədə artıq bütün istehsal korpusları elektrik
və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yanğından mühafizə sistemləri ilə təchiz edilib.
Həmçinin ərazidə
məişət və texniki suların təmizləyici qurğulardan keçib yenidən istifadə edilməsi
üçün müasir qurğular, 17 meqavat gücündə elektrik yarımstansiyası, infrastruktur
sistemlərinin fasiləsiz enerji ilə təmini üçün 1250 kilovat gücündə generator mövcuddur. Yəni, müəyyən səbəblərdən
elektrik kəsilərsə, dərhal generator işə düşür, məhəllədə elektrik kəsilmir.
İstehsalat
sahələrinin yerləşdiyi 4 hektar ərazinin 3,4 hektar ərazisinə asfalt örtüyü çəkilib.
Dəmiryol xətti,
Ələt Azad İqtisadi Zonası, ticarət limanına yaxınlıq
Məhəllənin
mühüm üstünlüyündən biri də odur ki, ərazinin yaxınlığından respublikanın baş magistral dəmiryol xətti keçir.
Həmin xətdən məhəlləyə 1700 metr uzunluğunda ayrıca dəmiryol xətti çəkilib, yükləmə-boşaltma
məntəqəsi üçün sahə ayrılıb.
Yəni müəssisələrin
istehsal etdiyi məhsulun məhəllənin ərazisindən birbaşa istənilən məkana qatarla
çatdırılması da mümkündür. Eyni zamanda sahibkar hər hansı yerdən aldığı xammalı
da birbaşa qatarla məhəlləyə gətirə biləcək. Bu da sahibkarların əlavə nəqliyyat
xərcindən azad olmaları deməkdir.
Sahibkarların
buraya daha çox maraq göstərməsinin digər səbəbi isə məhəllənin həm Bakı Beynəlxalq
Dəniz Ticarəti Limanına, həm də Ələt Azad İqtisadi Zonasına yaxın ərazidə yerləşməsidir.
Bütün bunlar sahibkarların məhsullarının "Made in Azerbaijan” brendi ilə xarici
bazarlara çıxarılmasına böyük töhfə verəcək.
İlk rezident,
dəyəri 25 milyon manat olan 3 zavod
Sənaye məhəlləsinin
ilk rezidenti "ATEF sənaye kompleksi” MMC-dir. Məhəllədə 11 hektar torpaq sahəsi
bu şirkətə icarəyə verilib. Ayrılmış torpaq sahəsi bütün zəruri infrastrukturlarla,
yəni, su, elektrik, dəmiryol, kanalizasiya xətləri ilə təchiz edilib.
Şirkət bu ərazidə investisiya dəyəri 25 milyon
manat olan, ağır maşınqayırma, kompozit materialların
istehsalı və xüsusi vaqonqayırma təyinatlı 3 zavod tikəcək. İstehsal korpusları
zavodların profilinə uyğun inşa olunacaq. İllik istehsal həcmi 40 000 ton olan müəssisələrdə
600 nəfər işlə təmin ediləcək.
Maye, toz,
gel, yarpaq gübrələri, plastik tara və su qabları istehsal ediləcək
Məhəllə artıq
tamamən rezidentlərə paylanılıb. 4 hektar ərazidə tikilən 4 istehsalat korpusu
4 hüquqi şəxs tərəfindən icarəyə götürülüb.
Tikinti materialları
istehsalı üçün avadanlıqların istehsalı ilə məşğul olacaq "Elberq” MMC-nin investisiya
dəyəri 12 milyon manatdır. İstehsalat korpusunda 5000 kilometr ərazi icarəyə götürən
müəssisədə ilkin olaraq 100 nəfər işlə təmin ediləcək.
İnvestisiya
dəyəri 930 min manat olan "Uysal Company” MMC isə plastik su qabları istehsal edəcək.
1400 kilometr ərazini icarəyə götürən şirkətin illik istehsal gücü 100 000 ədəd
plastik qabdır. Aprel ayında müəssisə fəaliyyətə başlayacaq.
Məhəllənin
rezidentlərindən biri də "Plasttech” MMC-dir. 700 kvadratmetrlik ərazi icarəyə götürən
şirkət plastik taralar istehsal edəcək. İnvestisiya dəyəri 1,2 milyon manat, illik
istehsal gücü isə 600 tondur.
İstehsalat
korpusunda 1300 kvadratmetr ərazini icarəyə götürən "Aqromarket Servis” MMC isə
maye, toz, gel, yarpaq gübrələr istehsal edəcək. Müəssisənin investisiya dəyəri
1,3 milyon manatdır. Burada ilkin mərhələdə 68 nəfər işlə təmin olunacaq. İllik
istehsal günü isə 9000 tondur.
"QAZ” avtomobil
zavodunun təməli qoyulub
Digər rezident
isə "Azərmaş” ASC-dir. Hazırda Neftçala Sənaye Məhəlləsində də fəaliyyət göstərən
müəssisəyə burada 1,6 hektara yaxın torpaq sahəsi icarəyə verilib. Müəssisə öz profilinə
uyğun zavod tikəcək.
Xatırladaq
ki, Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq
2018-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi
səfəri zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ” ASC arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdı. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində
"QAZ” markalı yüngültonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə
istehsalına başlanmasını nəzərdə tuturdu.
Fevralın
9-da məhəllədə "Azərmaş” ASC-nin Rusiya Federasiyasının "Qaz Qrup” şirkəti ilə birgə
həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı
zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya
Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə
heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçar nikov iştirak ediblər.
İstehsal gücü
ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin açılması nəzərdə tutulur.
Dəyəri 14 milyon manat, istehsal həcmi ildə 1000 ədəd avtomobil olan "QAZ” avtomobil
zavodunda istehsal olunacaq avtomobillərin yarısı daxili bazarda satılacaq, qalan
hissəsi isə üçüncü ölkələrə ixrac ediləcək. Bu zavodun açılması əlbəttə ki, Rusiya-Azərbaycan
iqtisadi əlaqələrinin genişlənməsinə də öz töhfəsini verəcək.
Tikinti materiallarının
qırıcı elementləri, 976 yeni iş yeri
Sənaye məhəlləsinin
daha bir rezidenti "Azərmədənistehsal” MMC-dir. Məhəllənin 1,77 hektar torpaq sahəsini
icarəyə götürən şirkət tikinti materiallarının qırıcı elementlərinin istehsalı ilə
məşğul olacaq.
İnvestisiya
dəyəri 7 milyon manat olan şirkət icarəyə götürdüyü torpaq sahəsində öz profilinə
uyğun müəssisə tikəcək. İllik istehsal həcmi 3600 ton olan şirkətdə ilkin mərhələdə
36 iş yeri açılacaq. Müəssisənin bu ilin oktyabrında işə düşəcəyi gözlənilir.
Ümumiyyətlə,
sənaye məhəlləsinin bütün rezidentlərinin fəaliyyətə başlaması ilə burada 976 yeni
iş yeri yaradılacaq və müəssisələrin istehsal etdikləri məhsullar, avadanlıqların
satış bazarları ilkin olaraq MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
77 milyon
manat özəl investisiya
Bu gün ölkəmizdə
2 sənaye məhəlləsi - Neftçala və Masallı
sənaye məhəllələri artıq istifadəyə verilib. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quruculuq
işləri başa çatıb, Sabirabad Sənaye Məhəlləsində isə quruculuq işləri davam edir.
Ümumilikdə,
istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya
yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi
ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.
Prezident
İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının
təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında
Şərur Sənaye Məhəlləsinin yaradılması gözlənilir.
Sahibkarların
kooperasiya əlaqələri güclənir
Ölkəmizdə
müasir sənaye müəssisələrinin sayı artdıqca ixrac idxalı üstələyir, "Made in Azerbaijan”
brendi ilə dünya bazarına çıxan məhsullarımızın həcmi artır. 2018-ci ildə Azərbaycanda
hüquqi və fiziki şəxslər dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları
həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən idxal edilib.
Ötən ildə
ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon dollar, o cümlədən ixracın
dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465 milyon dollar
təşkil edib, nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Azərbaycanın
regional inkişaf strategiyasında sənaye quruculuğu mühüm istiqamətlərdən biri kimi
müəyyənləşdirilib. Bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları
nəzərə alınmaqla yaradılan bu müəssisələr bir qayda olaraq ən müasir standartlar
səviyyəsində qurulur. Hazır məhsul həm də daxili tələbatın ödənilməsinə yönəldilir.
Son illərdə sənaye sahəsinə göstərilən diqqət sayəsində yaxşı nəticələr əldə edilir.
Keçən il qeyri-neft sənayesinin 9,1 faiz artması da bunun təsdiqidir.
Regionlarda
kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə
etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya
əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması xüsusi
önəm kəsb edir.
Ümumiyyətlə,
sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət
göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi,
əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələri
istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya
əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və
s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident
İlham Əliyevin illər öncə söylədiyi fikir bu gün təsdiqini tapır. Dövlət başçısı
deyirdi ki, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye
park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə
valyuta gətirəcək. Artıq bu gün ölkəmizin ixrac-idxal əməliyyatlarında müsbət saldo
yaranır. Dünya bazarına "Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın həm
çeşidi, həcmi artır, həm də çoğrafiyası genişlənir. Elə bir beynəlxalq sərgi yoxdur
ki, Azərbaycan məhsulları orada nümayiş olunmasın. Bu gün sənaye park və məhəllələrimizdə
istehsal olunan məhsullar dünyanın müxtəlif
ölkələrinə ixrac edilir.
Bir sözlə,
əminliklə deyə bilərik ki, İlham Əliyevin müəllifi olduğu bu layihələr Azərbaycana
böyük dividentlər qazandırır. Ötən il oldiğu kimi, bu il də dövlət başçısının modern
sənayeləşmə istiqamətində həyata keçirdiyi layihələr uğurla reallaşacaq və ölkəmizdə
fəaliyyətə başlayacaq yeni-yeni sənaye məhəllələri, sənaye parkları bu sahənin inkişafına
mühüm töhfə verəcək.
Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan”