Böyük qayıdış proqramının icrası davam edir
Prezident İlham Əliyevin Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlər Azərbaycan üçün tarixdir, yaddaşdır, fəxr olunacaq hadisələrdir. Həmin səfərləri şərtləndirən ən əsas amil isə Böyük qayıdışın reallaşması istiqamətində nəzərdə tutulan layihələrin icrasıdır. Ötən 4 ildə dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə onlarla sənaye və kənd təsərrüfatı obyektinin, digər infrastruktur layihələrinin təməlini qoyub, açılışını edib.
Məlumdur ki, Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri Böyük qayıdış proqramının icrasıdır. Təbii ki, 4 ildə İlham Əliyevin rəhbərliyi ilə regionda xeyli yaşayış evi, sosial obyekt tikilib, yol-nəqliyyat infrastrukturu, istehsal müəssisələri istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə başlanan işlərin xronologiyasına nəzər salanda heyrətlənməmək olmur. Nəhəng infrastruktur layihələrinin qısa müddətdə icrası möcüzə təsiri bağışlayır. Sözsüz ki, həmin möcüzəni yaradanlardan birincisi Prezident İlham Əliyevdir.
Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın fevralın 18-19-da Ağdam və Xankəndiyə etdiyi növbəti səfəri də bu qəbildəndir. Səfər proqramı Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan "Hilton Garden İnn" hotelində aparılan tikinti işləri ilə tanışlıqla başladı. Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. "Hilton Garden İnn" hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Sonra "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edən Prezidentə məlumat verildi ki, ikimərtəbəli mərkəzin birinci mərtəbəsində hər birinin gücü 2500 KVa olan 35/0,4 kilovoltluq 2 güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbəsində idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Azərbaycan musiqisinin beşiyi olan Qarabağda 30 il musiqi sədaları kəsilmişdi, muğam zəngulələri eşidilmirdi. Qarabağın musiqisini özünə qaytarmaq, yeni musiqiçi və xanəndələrin yetişməsi üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hələ 2023-cü il mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlini qoymuşlar. Onlar indiki səfər çərçivəsində Muğam Mərkəzinə də baş çəkdilər. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.
Sürətlə salınan yeni Ağdam şəhərində yeni bir ünvan var - "Ağdam Residence" yaşayış kompleksi. Təməli 2022-ci il fevralın 13-də İlham Əliyev tərəfindən qoyulub. Üç ildir tikinti işləri aparılan komplekslə tanışlıq zamanı dövlət başçısına və Mehriban xanım Əliyevaya məlumat verildi ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib.
Savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq hər bir insanın mənəviyyatını zənginləşdirir. Qarabağlılar illər idi bu zənginliyi Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşdıqları ərazilərdə əldə edirdilər. Amma Böyük qayıdış onlara bu imkanı doğma yurdda qazanmağa imkan verir. Vaxtilə Ağdamda fəaliyyət göstərən 1 nömrəli tam orta məktəb yenidən inşa edilir. Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan təhsil müəssisəsi 960 şagirdlikdir. Məktəbin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur. Prezident səfər çərçivəsində bu məktəbdə və 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə də tanış olub.
İşğaldan azad edilmiş ərazilər tarixi-mədəni abidələrlə zəngin olmuşdur. Bu gün həmin abidələr də bərpa edilir. Belə abidələrdən biri Əsgəran qalasıdır. Azəbaycan memarlığının nadir nümunələrindən olan qalanın dizayn layihəsi "Mədəni və təbii irs", "İnfrastruktur və xidmətlər", "Əyləncə və istirahət", "Marketinq və təşviqat" olmaqla 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. XVIII əsrdə Qarabağ hakimi Pənahəli xanın göstərişi ilə inşa edilən Əsgəran qalasını ziyarət edən Prezident və xanımı orada görülən işlərlə tanış olublar.
Ağdamdan sonra Xocalının Ballıca kənd sakinləri ilə görüşən dövlət başçısı dünən Xankəndidə "Bulud" hotelin açılışında iştirak edib. Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Dövlət başçısına məlumat verilib ki, hoteldə 50 nəfər işlə təmin olunub.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi Tikiş Fabriki dövlətlərimiz arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentinin tapşırığına əsasən inşa edilib. Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 zamanı İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi Tikiş Fabrikinin açılışı olmuşdur. Bu səfər çərçivəsində fabrikə baş çəkən Prezidentə məlumat verilib ki, müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır.
44 günlük savaşın qəhrəmanlığını özündə əks etdirən Zəfər parkları həm də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının rəmzidir. İlham Əliyev budəfəki səfərində yeni bir rəmzə "imza atdı" - Xankəndi şəhərində Zəfər parkının təməlini qoydu.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"