Ölkənin yoxsulluq indeksində kəskin artım müşahidə edilib
Hayastanda sosial-iqtisadi vəziyyətin təhlili aydın şəkildə göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi təqdirdə, əhalinin maddi gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər.
Elə mövcud hakimiyyətin səriştəsizliyinin nəticəsidir ki, iqtisadçılar 2024-cü ilin də ölkə üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdırıblar. Məsələ bundadır ki, ölkədə ötən il sosial-iqtisadi vəziyyətdə müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Yaranan fərq nisbəti vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olubdur.
Hayastan statistika idarəsinin məlumatına görə, 2023-cü ildə ötən illərlə müqayisədə ölkədə yoxsulluq indeksində kəskin artım müşahidə edilib. Əgər 2018-ci ildə yoxsulluq səviyyəsi 23,5 faiz idisə, keçən ilin nəticələrinə görə bu göstərici artıq 24,8 faizə çatıb. Baş nazirin orta aylıq əməkhaqqının artması ilə bağlı vədi də çürük çıxıb. Məlum olub ki, sadəcə bir-iki sektorda əməkhaqqının ciddi artımı ümumi tendensiyaya təsir edib, minimum əməkhaqqında isə artım müşahidə edilməyib. İnflyasiya aşağı gəlirli insanların real gəlirlərini də azaldıb.
Paşinyan hökuməti 6 ildir ki, bütün seçkiöncəsi platformalarda əhalinin vəziyyətinin yaxşı olacağına söz versə də, bunun tam əksi müşahidə edilib. Məsələn, Hayastanda bu gün əhalinin 60 faizindən çoxu faktiki olaraq adambaşına düşən minimum istehlak səbətinin dəyərindən də az qazanır. Hazırda Hayastanda minimum əməkhaqqı 75 min dramdır. Minimum yaşayış səbəti isə 80 min dram təşkil edir. İnflyasiya isə artmaqda davam edir, orta pensiya həddi minimum istehlak səbəti dəyərindən iki dəfə azdır.
Son vaxtlar xarici borclara görə xidmətlə bağlı xərclər də kəskin şəkildə artmaqda davam edir. Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu rəqəm ötən illə müqayisədə 500 milyon dollar çoxdur. Ehtimal edilir ki, cari ildə erməni dövlətinin borcu 655 milyard dram artaraq 5,3 trilyon drama, yəni 13 milyard dollara çatacaq. Son beş il ərzində mövcud hakimiyyət beş milyard dollar borc götürüb.
Bütün sahələrdə iflasa uğrayan Hayastanda işsizlik böhranı da yaşanır. Ölkədə təkcə gənclərin 42 faizi işsizdir. Qeyd olunur ki, həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır.
Hesab edilir ki, Hayastanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutublar. Ermənistandan xarici ölkələrə gedənlərin sayı bir milyonu ötüb. Belə halda isə artıq iflic vəziyyətində olan Ermənistan iqtisadiyyatının rəqabətədavamlılıq reytinqi aşağı düşməkdədir.
Elçin CƏFƏROV,
"Azərbaycan"