09 Aprel 2024 09:55
2867
Səhiyyə
A- A+

Orucluqdan sonra necə qidalanmalı

 

11 ayın sultanı olan Ramazan sona yaxınlaşır. Orucluğun başa çatması həm də qidalanma rejimində dəyişiklik edilməsi zərurəti yaradır.
Bəs oruc qrafikinə öyrəşən orqanizm birdən-birə əvvəlki qidalanma rejiminə qayıdarsa, hansı fəsadlarla  üzləşər? Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizm əvvəlki qida vərdişinə necə qaytarılmalıdır?

 

Orqanizmin bərpası üçün təxminən üç həftə lazımdır

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-terapevt Dürdanə Əhmədova deyib ki, orucluqdan sonra hər kəs düzgün, balanslı və sağlam qidalanmaya diqqət etməlidir: "Belə ki, oruc zamanı orqanizmdə maddələr mübadiləsi yavaşlayır. Bir ay bitdikdən sonra əvvəlki qidalanma vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. Ona görə də ilk növbədə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Ümumiyyətlə, orqanizmin orucluqdan sonra tam normal vəziyyətə qayıtması üçün təxminən üç həftə lazımdır".
D.Əhmədovanın sözlərinə görə, səhhətində problem olanlara oruc tutmaq tövsiyə edilməsə də, bəzi insanlar buna məhəl qoymurlar: "Yüksək və aşağı təzyiq, qanazlığı, şəkər, onkoloji, mədə-bağırsaq xorası, qastrit, qan-damar və ürək xəstəliyindən əziyyət çəkənlərə oruc tutmaq məsləhət görülmür. Əgər ac qalarkən sağlamlığa təhlükə yaranma ehtimalını dərmanla tənzimləmək mümkündürsə,  belə şəxslər həkim tövsiyəsi ilə oruc tuta bilərlər".

 

Gün ərzində 2,5-3 litr su qəbul etmək, yürüşə çıxmaq məsləhətdir

 

Həkim-terapevt  qeyd edib ki, orucluq müddətində boş qalmağa vərdiş edən mədə üçün birdən-birə çox qida qəbulu ağır olur: "Bunun üçün orucluq bitdikdən sonra gün ərzində 4-5 dəfə olmaqla meyvə-tərəvəzin üstünlük təşkil etdiyi qidaları az-az, amma tez-tez qəbul etmək məsləhətdir. Bu, həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər. Marqarin, krem, mayonez, çipsi, souslar, habelə hazır paketli qidalar kimi enerji dəyəri yüksək olan, heç bir bəsləyici rolu olmayan məhsullardan yayınmaq lazımdır. Qlütensiz qidalardan istifadə etmək tövsiyə edilir". 
Mütəxəssisin sözlərinə görə, orucluğun sona çatmasıyla birlikdə insanlarda psixoloji olaraq həddindən artıq yeməyə meyillilik müşahidə edilir: "Səhhətdə müəyyən problemlərin yaranmaması üçün köhnə bəslənmə vərdişinə  yavaş-yavaş  dönmək lazımdır. Ramazan dövründə insanlar susuzluq yaranmasın deyə yağlı, duzlu, turş qidalardan uzaq dururlar. Lakin orucluq bitən kimi həmin qidaları istehlak etmək mədə-bağırsaq və həzm sistemində problemlər yarada bilər. Gündəlik rasionda mövsümi meyvə-tərəvəzlərin qəbulu ilə yanaşı, quru meyvələrdən də istifadə etmək olar. Gün ərzində qəbul edilən maye miqdarını da diqqətdən kənar qoymaq olmaz. 2,5-3 litr su qəbul edilməlidir.
Onu da qeyd edək ki, insanlar orucluq müddətində yorğunluqdan əziyyət çəkməmək üçün fiziki məşğuliyyətlərdən uzaq dururlar. Ona görə həkim orucluqdan sonrakı müddətdə qida rasionu ilə birlikdə fiziki aktivliyə də diqqət ayırmağı tövsiyə edir: "Çünki o, bağırsaq hərəkətlərini artırır, qanda şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Orucluqdan sonrakı günlərdə bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməyə kömək edir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video