27 Aprel 2024 08:45
286
İQTİSADİYYAT
A- A+

Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır

 

Prezident İlham Əliyev: "Bu gün Trans-Xəzər Nəqliyyat Dəhlizinə heç vaxt olmadığı qədər ehtiyac var"

 

Dünyada qütbləşmə və qarşıdurma səngimək əvəzinə getdikcə kəskinləşir. Tərəflər bir-birinə gizli və açıq savaş elan ediblər. Düzdür, hələlik onlar birbaşa döyüşmürlər, bunu Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibəsi, müxtəlif terror təşkilatlarına açıq və ya gizli dəstək verməklə həyata keçirirlər.
Mütəxəssislərin gəldikləri qənaətə görə, açıq və total şəkildə üçüncü dünya müharibəsi enerji resursları və beynəlxalq ticarət marşrutları ələ keçirildikdən sonra başlanacaq. İndiyədək Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılmasına olan maneçiliyə də bu kontekstdən baxmaq lazımdır. Elə Amerikanın Azərbaycana zaman-zaman müxtəlif bəhanələrlə etdiyi təzyiqlərin bir səbəbi də Orta və Zəngəzur dəhlizləri ilə bağlıdır. ABŞ başda olmaqla Qərb anlayır ki, Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olan Orta dəhlizin fəaliyyətində region ölkələri maraqlıdır və onları bundan imtinaya məcbur etmək mümkün deyil. Bunun üçün də müxtəlif vasitələrlə Orta dəhlizə və "Şimal-Cənub" marşrutuna nəzarəti ələ keçirmək istəyirlər. Bütün ziddiyyətlər də bundan qaynaqlanır.
Hazırda Qərb dünyanın demək olar ki, enerji resurslarının böyük əksəriyyətinə nəzarət edir. Qalır dünya ticarət marşrutları. Amma bu sahədə ciddi müqavimət var. Səbəbi hər bir dövlətin ərazisindən keçən dünya əhəmiyyətli layihənin iştirakçısı olub siyasi və iqtisadi dividendlər qazanmaq istəməsidir.
Məlum olduğu kimi, hazırda dünya ticarətinin 80 faizi okean və dənizlər üzərindən həyata keçirilir. Həmin ticarətə isə dünyada ən güclü hərbi dəniz donanması olan ABŞ nəzarət edir. Belə hal bir çox ölkədə ciddi etiraz doğurur. Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Çjan Yüsyanın həyəcanlı bəyanatı da bununla bağlıdır. General bildirib ki, okeanlar döyüş və güc nümayişi meydanına çevrilməməlidir, çünki tarix dənizdə hakimiyyət uğrunda mübarizənin bəşəriyyətə ancaq iztirablar gətirdiyini göstərir. O, okeandan dinc məqsədlərlə istifadənin bəşəriyyətin inkişafına töhfə verdiyini, onun nəzarəti uğrunda mübarizənin isə ancaq bədbəxtlik gətirdiyini vurğulayaraq deyib: "Dünya okeanları güc nümayişi və qarşıdurma üçün deyil, dinc yanaşı yaşamaq və ümumi maraqların möhkəmləndirilməsi platformasına çevrilməlidir. Bu gün qlobal okean idarəçiliyi yeni problemlərlə üzləşir və okeanın təhlükəsizliyini və inkişafını təmin etmək üçün bir araya gəlməlidir. Çin ordusu həmişə beynəlxalq əməkdaşlığı dəstəkləyib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib".
Çinin qlobal "Bir kəmər, bir yol" layihəsi ilə ticarət marşrutlarını dənizlərdən quru ərazilərə keçirməsi də bu rahatsızlıqdan qaynaqlanır. Çünki quru yolla ticarətində maraqlı ölkələrin sayı çox olur və onların müqavimətini qırmaq Qərb üçün çətindir. Çin də bu fürsətdən istifadə edib ABŞ-yə və onun müttəfiqlərinə qarşı mübarizə aparmaq üçün quru yolla ticarət aparmağa üstünlük verir.
Mütəxəssislərin fikrincə, Qərbin Orta dəhlizə alternativ olaraq yaratdığı "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi" (İMEC) ideyası istənilən nəticəni verməyəcək. Belə ki, bu marşrut yaradılarkən Türkiyə faktoru nəzərə alınmalıdır. Amma qəsdən Türkiyə bu nəhəng layihədən kənarda tutulub. Halbuki bu marşrutun Türkiyə üzərindən keçməsi iqtisadi baxımdan ən düzgün qərar olar bilərdi.
Türkiyənin Qərbin bu gedişinə həmləsi gecikmədi. Prezident Rəcəb Tayyib Ərdoğanın İraq səfəri zamanı "Kalkınma yolu" ("İnkişaf yolu") marşrutu ilə bağlı müqavilə imzalandı. Yeni müqavilə İMEC-in iqtisadi dəyərinə böyük zərbə vurur. Belə ki, İraqın Bəsrə limanından başlanan, Türkiyədən keçən 1200 kilometrlik marşrut İMEC-dən iqtisadi cəhətdən Avropaya və əksinə yük daşımaq üçün daha sərfəli marşrutdur. Bu layihəyə Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər də qoşulub. Bununla dünya ticarətində önəm daşıyacaq marşruta aid sənədi dörd ölkə birlikdə imzalayıb. 
Onu da qeyd edək ki, bu yolun istismara verilməsi üçün az vəsait və az vaxt lazımdır. Sözün qısası, görünən odur ki, yeni dünya düzənində türk dövlətləri qlobal miqyasda siyasi və beynəlxalq ticarət yolları ilə bağlı  söz sahibinə çevrilir. Bu tarixi fürsət yeni yüzillikdə türk dövlətlərinə öz müstəqilliklərini qorumaqla yanaşı, dünyada söz sahibi olmaq imkanı da verəcək. Artıq üzümüzü başqa yerlərə tutmağa ehtiyac qalmayacaq. Üstəlik, bəzilərinin üzlərini bizə sarı döndərməyə məcbur olacaqları günə çox qalmayıb. 
Bu tarixi imkanı ən yaxşı dəyərləndirən Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı andiçmə mərasimində yeni dünya düzənində türk dünyasının beynəlxalq əhəmiyyəti, hansı siyasi orbitdə ölkəmizin yer alacağı barədə demişdir: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Çinlə Avropa arasında olan geniş  coğrafi məkan türk dövlətlərinə məxsusdur. Buna görə də ÇXR-in də dünya ticarətini okean və dənizlərdən yan keçirməklə quru yolla aparmaq üçün türk dünyası ilə əməkdaşlıq etməyə ehtiyacı var. Bu üzdən son dövrlər "Əjdahalar ölkəsi" Orta Asiyadakı türk dövlətləri və Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığı artırmağa xüsusi önəm verir. Dövlətimizin başçısı dəfələrlə bu qarşılıqlı fayda gətirən əməkdaşlığın Çinə, türk dünyasına, həmçinin bütün dünyaya xeyir gətirəcəyini bildirmişdir. Prezident növbəti dəfə Azərbaycanın tranzit ölkə kimi dünya üçün əhəmiyyətli olması barədə aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda demişdir: "Bu gün Trans-Xəzər Nəqliyyat Dəhlizinə heç vaxt olmadığı qədər ehtiyac var. Biz Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını görürük. Yeri gəlmişkən, ötən ay Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir".

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video