"Çıraqqala”
və "Şabran şəhəri”, "Qədim Şəmkir şəhəri”
və "Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib
Canlıların
yaşaması üçün əvəzsiz sərvət yetirən təbiət ana qədər doğmadır. Dünyanın harasında olursan ol, doğma yurdun, vətənin həsrətini
daim çəkirsən. Məhz buna görə də təbiəti ana qədər sevmək və qorumaq hər kəsin vətəndaşlıq
borcuna çevrilməlidir. Ölkəmizə gələn əcnəbiləri təbii resursları ilə heyran qoyan
və hətta onları əbədi turistə çevirən Azərbaycan təbiəti həm də mövcud 11 iqlim qurşağından 9-nun sahibidir.
"Tarix-mədəniyyət
qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı da təbiətin öz təbiiliyi, tariximizin
yaşadıcısı olan maddi-mədəniyyətin, eləcə də etnoqrafiyasından soraq verən ərazilərin göz bəbəyi kimi qorunması baxımından
çox böyük əhəmiyyətə malikdir. Sərəncama
əsasən, "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi "Çıraqqala-Şabran”
Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir şəhəri”
Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi isə "Orta Əsr Ağsu
şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Mədəniyyət
Nazirliyinə adıçəkilən sərəncamla "Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə
Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətinin və "Çıraqqala-Şabran”,
"Qədim Şəmkir şəhəri” və "Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının
idarə olunmasını təmin etməsi ilə bağlı tapşırıqlar verilib.
Sərəncamda
vurğulandığı kimi, Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri
arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına
dəyərli töhfələr vermiş İpək yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri,
karvansaralar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə
zəngin Azərbaycan ərazisi bu gün də İpək yolunun parlaq izlərini daşımaqdadır.
Xatırlatmaq
yerinə düşər ki, ölkəmizin təbii landşaftlarının qorunmasına xüsusi təbiət mühafizəsi
rejimi vasitəsilə nəzarət edilir. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları
- Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay
yaradılıb. 1959-cu ildə ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq bu siyahıya əlavə edilib. Daha dəqiq desək,
1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb.
2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2.28 faizi
qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.
Böyük Qafqaz
sıra dağlarının cənub ətəklərinin orta hissəsində, Zaqatala və Balakən rayonlarının
ərazisində 1929-cu ildə yaradılan Zaqatala Dövlət Təbiət Qoruğunda 900-dən artıq
bitki növü yayılıb. Hətta bu meşələrdə yaşı 200-250 il olan, hündürlüyü 30 metrə
çatan fıstıq ağaclarına rast gəlmək mümkündür.
1958-ci ildə
Ağdaş və Yevlax rayonları ərazisində, dəniz səthindən 400-650 metr hündürdə təşkil
olunan Türyançay, eləcə də Pirqulu, həmçinin Şirvan Dövlət Təbiət Qoruğunda 30 növ
məməlilər, 9 növ sürünənlər, 64 növ quşlar mövcuddur. Bir neçə növ bitkilər (qaracöhrə),
heyvanlar (qonur ayı, vaşaq, köpkər), quşlar (tetra) "Qırmızı kitab”a salınıblar.
Ağstafa rayonunda,
Kür çayının sol sahilində 1978-ci ildə təşkil olunan Qarayazı, Laçın ilə Ermənistanın
Gorus rayonu sərhədində yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunu da bu siyahıya əlavə
etməliyik.
1987-ci ildə
Qax rayonunun ərazisində yaradılan İlisu Dövlət Təbiət Qoruğunda 500 növ bitki var.
2004-cü ildə Samux rayonu ərazisində yaradılmış Eldar Şamı Dövlət Təbiət Qoruğu
mühafizə və elmi-tədqiqat idarəsi statusuna malikdir. Qoruğun yaradılmasının başlıca
məqsədi dünyada yeganə vətəni olan Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub
saxlamaqdır.
Xatırlatmağa
dəyər ki, 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ,
Göygöl milli parkları da yaradılıb.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad
Milli Parkının ərazisi, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına
Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilib. Eyni sərəncamla o, akademik Həsən Əliyev
adına Zəngəzur Milli Parkı adlandırılıb.
Abşeron Dövlət
Təbiət Yasaqlığının bazasında yaradılan milli park yarımadanın cənub-şərq qurtaracağında
- Şah Dili ərazisindədir. Parkda 50-dən artıq quş və heyvan, 25-ə qədər bitki növü
mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan
Xəzər suitisinə rast gəlinir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir
ki, dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin rekordlar kitabı”na daxil edilib.
Respublikamızın
şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı
1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu
torpaqlarının bazasında yaradılıb. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən,
ona və kəndlərin birinə Altıağac adı verilib. Xatırladaq ki, bir ağac məsafəsi təqribən 5-6 km-ə bərabərdir.
Şahdağ Milli
Parkı da ölkəmizdə turizmin inkişafında xüsusi
əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir...
M.NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”