Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik addımları və dünyada baş verən proseslərə çevik və adekvat reaksiyalar verməsi sayəsində həm ölkəmizin milli maraqları təmin edilib, həm də Azərbaycanın dünyadakı mövqeyi daha da möhkəmlənib.
Cənubi Qafqazın aparıcı ölkəsi olaraq Azərbaycan bu gün təkcə regional deyil, beynəlxalq səviyyəli məsələlərdə də həlledici rol oynayır, dünyamiqyaslı problemlərin çözülməsinə mühüm töhfələr verir. Aparılan hərtərəfli siyasətin nəticəsidir ki, ölkəmiz dünyanın nəqliyyat, enerji qovşağı kimi unikal ünvana sahib olub. Bu gün Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəhəng dəhlizlərin reallığa çevrilməsi də Azərbaycanın siyasi iradəsinin mühüm göstəricisidir. Beynəlxalq miqyasda sərbəst siyasət yürütməyi bacaran Azərbaycanla əlaqələr yaratmaqda maraqlı olan ölkələrin sayının durmadan artması da respublikamızın etibarlı və güvənilən tərəfdaş olması səbəbindəndir. Beynəlxalq tədbirlərə, sivilizasiyalararası dialoqlara uğurla evsahibliyi edən Azərbaycanın dünyada güclü mövqeyə sahib olması Prezident İlham Əliyevin siyasətinin uğurla reallaşdırılmasının inikasıdır.
Dost ölkələr, strateji tərəfdaşlar
Siyasi nüfuzu çoxdan Cənubi Qafqazın sərhədlərini aşan Prezident İlham Əliyevin hər zaman qlobal əhəmiyyətli tədbirlərə dəvət alan ali qonaqlar sırasında olması da bu baxımdan təsadüfi deyil. Mayın 15-də dövlətimizin başçısı İlham Əliyevin Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etməsi həm ölkəmizin xarici siyasət kursunun uğurunu təsdiqlədi, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha göstərdi.
Azərbaycan türk dövlətlərinin, Qoşulmama Hərəkatına üzv dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələrinin inkişafında mühüm xidmətləri ilə də diqqət çəkir. Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı türk dövlətlərinin liderləri Azərbaycanın qlobal əhəmiyyətli çağırışlara verdiyi töhfələrini, TDT-nin inkişafında müstəsna xidmətlərini vurğuladılar. Eyni zamanda qeyri-rəsmi Zirvə görüşündəki çıxışlarda Prezident İlham Əliyevin yüksək etimada və dostluğa dayanan siyasət yürütməsi fikrinin səsləndirilməsi sıradan sözlər deyil, Azərbaycan Prezidentinin şəxsi liderlik qabiliyyətinin, dövlətçilik səriştəsinin və qətiyyətli siyasətinin səmimiyyətlə ifadə edilməsi idi.
Sözügedən tarixdə Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu və Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı: "Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik".
Xatırladaq ki, yaxın günlərdə Macarıstanda işgüzar səfərdə olduğu zaman Prezident İlham Əliyev bu ölkənin Baş naziri Viktor Orbanla mətbuata bəyanatlarla çıxışında bəyan etdi ki, biz dost ölkələrik, strateji tərəfdaşıq.
Sözügedən bəyanatında dövlətimizin başçısı İlham Əliyev söylədi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qayda var, bir çox oturuşmuş prinsip var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir: "Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub...
...Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq deyə bilərəm ki, doğrudan da, böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə".
Bölgəyə sülhü gətirəcək Lider
TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqətə çatdırdı ki, belə zirvə görüşləri çağırışlarla bağlı addımların atılması üçün mühüm əhəmiyyətə malikdir: "Hazırkı vəziyyətdə enerji sektorunda əməkdaşlığa diqqət yetirmək vacibdir. Neft, qaz və uranın təchizat zəncirini şaxələndirmək üçün təşkilatın potensialından istifadə etməyə ehtiyacımız var. Bununla əlaqədar, Qazaxıstandan Avropaya qaz ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə mən Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istərdim".
Azərbaycanın həyata keçirdiyi qətiyyətli siyasət onilliklərin ardından regionda təhlükəsizliyə və davamlı sülhə də birbaşa rəvac verib. Prezident İlham Əliyevin sülh təşəbbüsləri və bu istiqamətdə praqmatik addımları dünya səviyyəsində təqdirlə qarşılanır.
Sözügedən qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz bu məqama diqqət çəkərək Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd etdi: "Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə bu vəziyyət heç şübhəsiz ki, türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm".
Faktdır ki, qalib lider İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində əldə edilən parlaq Qarabağ qələbəsi tarixən var olan türk birliyinin etno-siyasi coğrafiyasını da bərpa edib. Yeni türk tarixinin ən parlaq Zəfəri türk birliyinin daha da güclənməsi üçün mühüm yollar açıb.
Sözü imzasına bərabərdir
Əksər ölkə liderlərinin İlham Əliyevin timsalında qardaşa, dosta, etibarlı tərəfdaşa malik olduqlarını tez-tez dilə gətirmələri və buna görə köməyə, dəstəyə ehtiyacları olan anda ilk müraciət etdikləri, güvəndikləri şəxsin məhz Azərbaycan Prezidenti olması da təsadüfi deyil. Hələ 23 noyabr 2022-ci ildə Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdə olduğu vaxt Prezident Aleksandar Vuçiç Azərbaycan lideri ilə birgə Belqradda keçirilən mətbuat konfransında "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" deyərək, bir daha İlham Əliyev xarakterinin prinsipiallığına, etibarlılığına vurğu etmişdi.
A.Vuçiç əlavə etmişdi ki, İlham Əliyev bu gün Avropada ən tanınmış şəxsdir: "Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər".
2023-cü ilin yanvarında Budapeştdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilən zaman V.Orbanın Azərbaycan Prezidenti haqqında dediyi fikirlər hər kəs tərəfindən maraqla qarşılanmışdı: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm".
Bu qəbildən olan nümunələrin sayını artırmaq da olar, lakin elə bu misallar da onu deməyə kifayət edir ki, Prezident İlham Əliyev qlobal səviyyədə nüfuzlu siyasətçi kimi tanınır və bu gerçəklik dünya liderləri tərəfindən də hər zaman etiraf olunur. TDT Dövlət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün timsalında da aydın göründüyü kimi, beynəlxalq tədbirlərdə, görüşlərdə Azərbaycan Prezidenti haqqında ən ali səviyyədə söylənən sözlərdə İlham Əliyevin müdrik siyasətçi, nüfuzlu lider, ən ümdəsi etibarlı tərəfdaş, dost olması və dünyada sülhü təşviq etməsi fikri ana xətt kimi keçir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"