Sovet dönəmində mətbuatın qarşısında hökumətin və kommunist partiyasının tələblərindən irəli gələn bir sıra vəzifələr dururdu. Məsələn, Moskvadan, Sov.İKP qurultaylarından qayıdan nümayəndələr, əsasən də əmək qəhrəmanları, SSRİ Ali Sovetinin sessiyalarından dönən deputatlar qəzetlərdə çıxış edərək təəssüratlarını söyləyir, qarşıda duran vəzifələrdən danışırdılar. Bu işdə köməkçiləri bizlər idik. Yəni onlar fikirlərini söyləyir, yaxud bacardıqları kimi yazır, jurnalistlər isə bu qeydləri qəzetin üslubuna uyğunlaşdırıb dərc edirdilər.
Ötən əsrin 70-ci illərinin sonu - 80-ci illərinin əvvəllərində SSRİ Ali Sovetinin deputatı olmuş Gülənbər Hüseynovanı belə bir yazını hazırlayarkən tanıdım. Sonralar da bir neçə dəfə Gülənbər xanımın deputat kimi qeydlərini qələmə aldım.
Gülənbər neftçi idi. Əslində bilavasitə neftin və qazın çıxarıldığı proseslərdə çalışmaq qadın üçün çətin bir işdir. Gülənbər isə peşəsini tam mənimsəyib, zəhmətkeşliyi və mübaliğəsiz deyək, qoçaqlığı ilə bütün kollektivin hörmətini qazanmışdı. "Bibiheybət" Neft və Qazçıxarma İdarəsində işləyirdi. Əvvəllər bu idarə başqa ad daşıyırdı. Gülənbəri də bu qədim neft yatağını istismar edən həmin adlı-sanlı müəssisənin qabaqcıl işçisi kimi deputat seçmişdilər.
Bir gün jurnalist marağı məni Gülənbərin işlədiyi mədənin özünə gətirdi. Burada onun çox əsəbi olduğunu gördüm. Dedi ki, 3104 nömrəli quyu "xəstələnib" (sanki canlı bir varlıq haqqında danışırdı). Hara isə zəng vurdu:
- Tahir, dinamoqramma göstərir ki, borularda maye axını var.
Ustanın telefon xəttinin o biri başından gələn səsi kiçik otağa doldu:
- Narahat olmayın, Gülənbər xanım. Bu dəqiqə quyunu bir də yoxlayarıq, təhlükə varsa, təmirçiləri çağırarıq.
Gülənbər bu sözlərdən sonra da arxayınlaşmadı. Özü hara isə zəng vurur, kimlərisə axtarır, quyuya "təcili yardım" çağırırdı.
Sonra Gülənbər xanım cihazların arxasına keçib öz işi barədə həvəslə danışmağa başladı: "Elə quyular var ki, onların istismarını vaxtaşırı dayandırmaq lazımdır. Belədə həm elektrik enerjisinə qənaət olunur, həm də quyularda işləyən nasoslar tez sıradan çıxmır". Məlum oldu ki, Gülənbər bir saat ərzində 190-dan çox quyunun "nəbzini tutur".
Bibiheybətdə danışırdılar ki, bir dəfə Gülənbər gecə növbəsində işləyərkən quyunun (46 nömrəli quyu olub) istismarını müvəqqəti dayandırmağı lazım bilib. Tərslikdən hava da qarışıq imiş, əlaqə xətləri dolaşıbmış. Çilingərlər də ki, gecələr işləmirlər. Gülənbər qaranlıqda, Ay işığına pənah gətirə-gətirə tək-tənha quyunun harayına gedib.
Vəzifəsindən, yaşından, qurudakı mədənlərdə, yaxud Xəzərin qoynundakı yataqlarda işləməsindən asılı olmayaraq, Azərbaycan neftçisini həmişə öz ciddiliyi, eyni zamanda mehribanlığı və səmimiyyəti, insanlarla tez ünsiyyət yaratmaq keyfiyyətləri fərqləndirir. Gülənbərlə də danışanda düşünürdün ki, bu insanla lap çoxdan tanışsan. Beləcə, bir gün də söhbət edə-edə gəlib çatdıq Gülənbər xanımın yaşadığı evin qarşısına... Daxil olduğumuz otaqda qoca bir qadın televizora baxarkən elə oradaca, divanın üstündə yuxuya getmişdi. Gülənbər ayaq barmaqlarının ucunda yeriyərək onun üstünə yüngül yorğan atdı.
- Ananızdır?
Qarını oyatmamaq üçün sualıma az qala pıçıltı ilə cavab verdi:
- Qayınanamdır, bir az xəstəhaldır. Təəssüf ki, gündüzlər bir müddət tək qalmalı olur.
Biz Gülənbər xanımın mənzilinin eyvanına çıxıb orada oturduq. Buradan Xəzər, dənizkənarı park çox gözəl görünürdü. Gülənbər xanım bayaqkı söhbəti davam etdirirmiş kimi:
- Öz anamı heç xatırlaya bilmirəm, - dedi. Yox, ağlamadı. Donmuş baxışları uzaqlarda, dənizlə səmanın sanki birləşdiyi nöqtədə qərar tutdu. Bir qədər sükutdan sonra isə 30 ildir unuda bilmədiyim bir hekayət danışdı.
...Gülənbəri Dəvəçinin Zarat kəndindən Bakıdakı uşaq evinə axşamçağı gətirmişdilər. İndi sifətini, adını belə xatırlamadığı bir kişi gətirmişdi və burada qalmaq istəməyib ağlayan qızcığazı ovundurmaq üçün demişdi:
- Səni oxumağa gətirmişəm. Bircə bu axşamı döz, gül bala, səhər səni məktəbə aparacaqlar.
Sonra uşağın üzünə diqqətlə baxıb:
- Yadında saxla ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var, - deyə əlavə etmiş və o gedən getmişdi.
O kişi kim idi? Gülənbərin Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atası Məmmədin dostumu? Yoxsa ağır dava günlərində vəfat etmiş anası Mirvarinin qohumu? Bəlkə də, sadəcə olaraq, həmkəndlisi idi.
Gülənbər uşaq evində böyüyüb boya-başa çatır. 1955-ci ildə Bakı energetika texnikumunu bitirir. İlk vaxtlar neft və qazçıxarma idarəsində elektrik mütəxəssisi kimi çalışır. Sonra ona neft quyularının avtomatik idarəedilməsi sexində operator vəzifəsini etibar edirlər.
Elə burada, idarədə ona gənc mühəndis Ənvər Hüseynov elçi düşür. Onlar el adəti ilə ailə qururlar.
- Tanrı mənə bir-birinin ardınca üç oğul payı göndərdi. Amma ürəyimdəki bir nisgil mənə nə işdəki nailiyyətlərimdən, nə cəmiyyətdəki şan-şöhrətimdən, nə də sevimli oğul-uşağımdan doyunca fərəh duymağa qoyurdu. Qardaşım Əlinin həsrətini çəkirdim. Axı onu da vaxtilə uşaq evinə vermişdilər. Özü də Bakıda yox, Şuşada... Nəhayət, Əlini də tapdım. İndi-indi elə bilirəm ki, qaranlıq bir gecədən səhərə çıxmışam. 40 il əvvəl uşaq evinə gətirildiyim o qaranlıq gecədən...
Əllərinin arxası ilə gözlərini sildi. Bununla da söhbətin mövzusunu dəyişmək istədi, amma bacarmadı...
Gülənbər Hüseynova 1933-cü ildə anadan olmuşdu. Ona görə də onun hələ yaşadığına gümanım vardı. Amma sorğuma ortancıl oğlu, "Azneft" İstehsalat Birliyinin qazma üzrə aparıcı mühəndisi Rasim Hüseynov cavab verdi. Anasının hələ 1995-ci ildə, 62 yaşında dünyasını dəyişdiyini söylədi. Bir də əlavə etdi ki, söz vaxtına çəkər. Demə, Gülənbər xanım elə payızın bu son ayında dünyaya gəlibmiş...
Flora SADIQLI,
"Azərbaycan"