Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana
səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Qəbələdə
keçirilən görüşlərdə bir daha bu səfərin siyasi, iqtisadi və strateji əhəmiyyəti
dövlət başçıları tərəfindən vurğulandı.
Cənab Prezident İlham Əliyev çıxışında
vurğuladı ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb.
Son dörd ildə yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq
platformalarda baş tutan təmaslar iki ölkə arasında yüksək səviyyəli dialoqun
davamlı olduğunu göstərir. Bu, Azərbaycan–Ukrayna münasibətlərinin sistemli və
strateji əsaslara söykəndiyini təsdiqləyir.
Dövlət başçımızın da qeyd etdiyi kimi, iki ölkə
arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə və
2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin
əsasını təşkil edir. Sözügedən sənədlərdə də qarşılıqlı olaraq ərazi bütövlüyü,
suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək xüsusi yer tutur.
Bu yanaşma, xüsusilə beynəlxalq münasibətlərdə gərginliklərin artdığı bir dövrdə
tərəflərin bir-birinə verdiyi siyasi dəstəyin əhəmiyyətini daha da artırır.
Səfər çərçivəsində müzakirə olunan əsas
istiqamətlərdən biri də iqtisadi və energetika sahəsində əməkdaşlıq olub. Cənab
Prezident də qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR uzun illərdir
Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə yeni layihələr üçün geniş
imkanlar mövcuddur. Enerji sahəsində tərəfdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır,
eyni zamanda yeni investisiya təşəbbüslərini də əhatə edir.
Danışıqlar zamanı ticarət əlaqələrinin
inkişafı da diqqət mərkəzində olub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi
yarım milyard dolları ötüb və yaxın illərdə bu rəqəmin daha da artacağı gözlənilir.
Bu isə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün real potensialın
mövcudluğunu göstərir.
Səfərin mühüm məqamlarından biri də hərbi-texniki
əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub. Hər iki ölkədə müdafiə sənayesinin
inkişaf etdiyi nəzərə alınaraq, birgə istehsal və texnologiya mübadiləsi
istiqamətində böyük perspektivlərin olduğu vurğulanıb. Bu sahədə əməkdaşlıq təkcə
təhlükəsizlik baxımından deyil, həm də sənaye inkişafı baxımından əhəmiyyətlidir.
Yeri gəlmişkən, bu əməkdaşlıq müdafiə xarakterlidir və müasir texnologiyaları,
o cümlədən anti-dron sistemlərini əhatə edir. Bununla belə, Azərbaycan münaqişənin
hərbi komponentində iştirak etmir. Rəsmi Bakı hər zaman olduğu kimi, bütün tərəflərlə
bərabərhüquqlu şəkildə əlaqələrini inkişaf etdirir.
Qəbələ görüşündə tərəflər hökumətlərarası
komissiyanın və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam
etdirilməsi barədə də razılığa gəliblər. Bu mexanizmlər əməkdaşlığın
institusional əsaslarını gücləndirir və əlaqələrin davamlı inkişafını təmin
edir.
Ən vacib məqamlardan biri Azərbaycanın xarici
siyasətində humanitar dəyərlər, münaqişələrdən əziyyət çəkən xalqlara dəstək və
beynəlxalq həmrəylik əsas prioritetlərdən biri kimi çıxış etməsidir.
Uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət
çəkmiş bir ölkə kimi Azərbaycan müharibələrin insan həyatına, xüsusilə də
uşaqlara vurduğu zərbələri yaxşı anlayır. Məhz buna görə də Ukraynadan olan
uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramlarının təşkili xüsusi əhəmiyyət
daşıyır. Bu proqramlar yalnız fiziki deyil, psixoloji sağlamlığın bərpasına yönəlib.
Yaxın perspektivdə ukraynalı tələbələr üçün də oxşar təşəbbüslərin həyata
keçirilməsi planlaşdırılır ki, bu da humanitar əməkdaşlığın genişləndirilməsi
baxımından mühüm addımdır.
Humanitar dəstək bununla məhdudlaşmır. Bu ölkənin
enerji infrastrukturunun zərər görməsi nəticəsində yaranan çətinliklər fonunda
Azərbaycan tərəfindən elektrik generatorlarının göndərilməsi mülki əhalinin,
xüsusilə xəstəxanaların fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib. Bu
addımlar Azərbaycanın davamlı humanitar dəstək iradəsini nümayiş etdirir.
Ümumilikdə, Prezident İlham Əliyevin də
vurğuladığı kimi, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulan Azərbaycan-Ukrayna
əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Qəbələ görüşü isə bu istiqamətdə
mühüm addım oldu.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı