Dünyanın dəyişən əmək bazarı, texnologiyaların sürətli inkişafı və yeni peşələrin meydana çıxdığı bir dövrdə gələcəyə hazırlaşmağın ən etibarlı yolu insan kapitalına sərmayə qoymaqdır. Bu baxımdan Naxçıvanda keçirilən növbəti “Gələcəyin Peşələri Sammiti” yalnız əmək bazarının perspektivlərinin müzakirəsi deyil, həm də muxtar respublikanın yeni inkişaf mərhələsinə hazırlığının mühüm platforması kimi diqqət çəkib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən, “Sərhədləri aşan imkanlar” devizini daşıyan sammit dövlət qurumlarını, biznes nümayəndələrini, təhsil ekspertlərini, karyera məsləhətçilərini və beynəlxalq tərəfdaşları bir araya gətirib. Tədbirin əsas müzakirə mövzusu isə aydındır: gələcəyin iqtisadiyyatını qurmaq üçün ilk növbədə gələcəyin mütəxəssislərini yetişdirmək lazımdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsində əldə olunan nəticələrdən və qarşıdakı hədəflərdən danışıb. Bildirilib ki, peşə və kvalifikasiya standartlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində 1698 standart hazırlanaraq istifadəyə verilib. Nazir xüsusilə gənclərin peşə və ixtisas seçiminə erkən mərhələdən dəstək göstərilməsinin, təhsil müəssisələri ilə işəgötürənlər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməməli, real layihələrdə iştirak, mentorluq və sertifikat proqramları vasitəsilə əmək bazarına praktiki hazırlıq qazanmalıdırlar.
Naxçıvanda sosial xidmətlərin əlçatanlığının artırılması da diqqət mərkəzində olub. Anar Əliyev bu ilin avqustunda açılışı olan Naxçıvan Regional DOST Mərkəzinin əhəmiyyətini qeyd edib, gələn il DOST xidmətləri şəbəkəsinin bütün muxtar respublikanı əhatə etməsinin nəzərdə tutulduğunu bildirib. Hazırda Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır. Nazir, həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 395 mənzilin, o cümlədən cari ildə 68 mənzilin verildiyini diqqətə çatdırıb.
Naxçıvanın gələcək inkişaf perspektivlərindən danışan Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov isə muxtar respublikanın strateji mövqeyinin yaratdığı imkanlara diqqət çəkib. Onun sözlərinə görə, Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilməsi perspektivi nəqliyyat-logistika sahəsində ixtisaslı kadrların hazırlanmasını zəruri edir. Digər mühüm istiqamət isə “yaşıl enerji” potensialıdır. Naxçıvanın “yaşıl enerji” zonası elan edilməsi, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi muxtar respublikanın gələcək iqtisadi mənzərəsində yeni imkanlar açır. Aqrar emal sənayesinin inkişafı, turizm potensialından səmərəli istifadə və mineral xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi də yeni ixtisaslara və peşəkar kadrlara ehtiyacı artırır.
Sammit çərçivəsində təşkil olunan “İmkanları dəyərə çevirək” panel müzakirəsində gələcək əmək bazarının tələbləri, gənclərin regionda uğurlu karyera qurması, süni intellekt dövründə texniki və davranış bacarıqları, universitetlərlə işəgötürənlər arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. “Gələcəyi birlikdə qururuq” adlı vorkşop və insan kapitalının strateji əhəmiyyətinə həsr olunan məruzələr isə müzakirələrə əlavə məzmun qazandırıb. Əslində, gələcəyin peşələri haqqında danışmaq yalnız yeni ixtisasların adını müəyyənləşdirmək deyil. Bu, gənclərə öz potensialını reallaşdırmaq, doğma bölgəsində layiqli iş tapmaq, yeni texnologiyalara yiyələnmək və ölkənin inkişafında fəal iştirak etmək imkanı yaratmaq deməkdir.
Naxçıvanın yeni iqtisadi üfüqlərə doğru irəlilədiyi bir vaxtda insan kapitalına yönələn diqqət xüsusi məna daşıyır. Çünki yolları infrastruktur, iqtisadiyyatı investisiya, gələcəyi isə bilik, bacarıq və yaradıcı düşüncəyə malik insanlar qurur. “Gələcəyin Peşələri Sammiti”nin əsas mesajı da məhz budur: imkanları dəyərə çevirməyin ən böyük sərmayəsi insandır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”