Multikulturalizm etnik-mədəni müxtəlifliklərin
və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur.
Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri aləti olan multikulturalizm
adətən müxtəlif mədəniyyətlərin eyni zamanda və eyni məkanda sülh və tolerantlıq
içində yaşaması deməkdir. Bütün bunlarla yanaşı, multikulturalizm müəyyən birləşmiş
cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına
yönələn bir siyasətdir.
Bəzi Qərb dövlətləri multikulturalizmi idarə
etməyin kifayət qədər mürəkkəb vəzifə olması ilə əlaqədar ondan imtina etməyə başlamışlar.
Artıq bir sıra Avropa liderləri (Fransa, Almaniya, İngiltərə) öz ölkələrində multikulturalizm
siyasətinin iflasa uğramasını hətta rəsmi olaraq bəyan ediblər. Məsələn, son 10
il ərzində Avropanın inkişaf etmiş ölkələrində baş verən sosial-siyasi gərginliklər
fonunda kansler A.Merkel Almaniyada multikultural cəmiyyət qurulması cəhdlərinin
tamamilə çökməsini etiraf edib. Fransanın keçmiş prezidenti N.Sarkozi 2011-ci ilin
fevralında Fransaya təşrif gətirmiş miqrantların mütləq formada fransız dilini bilmələrinin
vacib olduğunu vurğulayaraq, əks halda bunu etməyənlərin onun ölkəsində arzuolunmaz
qonaq vəziyyətində olacaqlarını bildirmişdi. Böyük Britaniyanın sabiq baş naziri
C.Kemeronun isə multikulturalizm siyasətini kəskin mühakimə etməsi müasir Avropanın
mühafizəkarlaşmasını təsdiq edir.
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət
ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Çünki bir
sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri
onun dövlət ideologiyasına, dövlət siyasətinə yüksəlməsi ilə müşayiət olunur. Bu
mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Bu mənada multikulturalizm
dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi
kimi təzahür edir. Digər tərəfdən multikulturalizmin
vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.
Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca
fəal rol oynayır. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə
çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.
Azərbaycanda multikulturalizm, tolerantlıq
və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını
ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə
nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik
dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər
etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən
bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq
və multikulturalizm ənənələri inkişaf etdirilib. Azərbaycan multikulturalizminin
siyasi əsasları Konstitusiyanın bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini
tapır.
Ölkəmizin zəngin mədəni-mənəvi irsə və tolerantlıq
ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli,
çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz
məkanı edib. Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin
qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən
bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir. Hazırda bu ideyalar Prezident İlham Əliyev
tərəfindən də bir neçə dəfə gündəmə gətirilmiş və demək olar ki, bütün dünyaya
Azərbaycan multikulturalizmi modelini təklif etmişdir.
Son illərdə Bakıda və respublikanın digər
şəhər və rayonlarında bir-birinin ardınca multikulturalizm mövzusunda beynəlxalq
konfranslar, forum və seminarlar keçirilib. Azərbaycan dünya xalqlarına tutduqları
ideoloji, sosial-siyasi və mədəni durumlarından asılı olmayaraq dialoqa yönəlmiş
baxışlarını təqdimetmə meydanına çevrilib. 2011-ci ildən başlayaraq Prezident İlham
Əliyevin təşəbbüsü ilə hər iki ildən bir
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. 2016-cı il aprelin
25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci
Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın
140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini
konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. Multikulturalizmin bu
formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən
biridir.
Azərbaycanda olan tolerant və multikultural
reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin,
siyasətçilərinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət
ənənəyə çevrilməkdədir. "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində
tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali
təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.
Beləliklə, Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni
rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin
sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi
tanınır. Azərbaycanın çoxdinli bir ölkə kimi müxtəlif dini azlıqların birgə yaşaması
və ölkədəki dözümlülüyün yüksək səviyyədə olması dünyanın aparıcı ölkələri
- ABŞ, Almaniya, Fransa, İngiltərə, Rusiya
və digər inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Xüsusilə, Azərbaycanda müxtəlif məzhəb və din
nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiq hal sayılır.
Ölkəmizdə müsəlmanların xristianlarla yanaşı, yəhudi icmasının və digər dinin nümayəndələri
ilə birgə əmin-amanlıq şəraitində yaşaması dünya miqyasında bir nümünə-model kimi
qəbul olunur.
Azərbaycan çoxsaylı miqrant axınları qəbul
edən ölkələrdən olmasa da, millətin formalaşmasının keçdiyi uzun tarixi yolda müxtəlif
etnik, mədəni və dini qruplarla qarşılaşıb. Əlverişli coğrafi mühit, yerli insanların
xoş davranışı bu qrupların bəzilərinin Azərbaycana üz tutmasına səbəb olub. Əhalinin
ümumi sayında etnik və dini qrupların payının geniş olmasına baxmayaraq, Azərbaycan
çoxsaylı etnik və dini qrupların yaşadığı multikultural ərazi hesab edilir.
Multikulturalizmin təbliği dini dəyərlərin,
Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin
təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.
Son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətinin nəticəsi olaraq Ermənistan
Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib. Ermənistan monoetnik dövlətə çevrilib.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural
dəyərlərinə sadiq qalıb. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri
azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var.
Bütün bunlar multikulturalizmin ən bariz nümunəsidir.
Milli azlıqlar Azərbaycan əhalisinin
9,4%-ni təşkil edir. Etnik müxtəlifliyin ölçülməsində istifadə edilən etnik fraqmentləşmə
indeksinə görə, Azərbaycan Böyük Britaniya, Fransa, Hollandiya, İtaliya kimi ölkələrdə
olan müxtəliflikdən zəngindir. Fearon indeksi də Azərbaycanda etnik zənginliyin
bəzi Avropa ölkələrindən yüksək olduğunu təsdiq edir. Hazırda Azərbaycanda ölkə
əhalisinin mütləq əksəriyyətini (90,6%) çoxluq təşkil edən azərbaycanlılarla yanaşı,
bir sıra mill-etnik azlıqlar - ləzgilər (2%), ruslar (1,3%), talışlar (1,3%), avarlar
(0,6%), tatlar (0,4%), gürcülər (0,2%), kürdlər (0,2%), ukraynalılar (0,4%), yəhudilər
(0,2%) yaşayır.
Azərbaycanda multikultural proseslərin hazırkı
vəziyyətini daha yaxşı anlamaq üçün onu digər Cənubi Qafqaz ölkələri ilə müqayisə
etmək olar. Qeyd edək ki, bir-biri ilə qonşu olan hər üç dövlət - Azərbaycan, Ermənistan
və Gürcüstan eyni ildə sovet işğalı altına düşüb, eyni ildə də azadlıq əldə ediblər.
Hər üç dövlət, xüsusilə müstəqilliyin ilk illərində etnik problemlərlə qarşılaşıb.
Gürcüstan Abxaziya və Osetiyada, Azərbaycan və Ermənistan isə Dağlıq Qarabağda etnik
münaqişə ilə üzləşməli olub.
Gürcüstanda əhalinin 13,2 faizi etnik və
ya milli azlıqlardan, o cümlədən azərbaycanlılar (6,3%), ermənilər (4,5%), ruslar
(0,7%) və osetinlərdən (0,4%) ibarətdir. Ermənistanda isə ermənilər ölkə əhalisinin tam
əksəriyyətini - 97,9 faizini, etnik və ya milli azlıqlar isə ümumi əhalinin təxminən
1,9 faizini, o cümlədən, yezidi kürdlər
1,2%, ruslar 0,4%, aysorilər 0,09%, kürdlər
0,07% təşkil edir.
"Human Rights Without Frontiers” təşkilatının
Azərbaycanda milli azlıqlara dair hesabatında qeyd olunur ki, son dövrlərə qədər
Azərbaycanda etnik və ya milli zəmində ciddi problem yaşanmayıb. Ölkənin tarixi,
iqtisadi və mədəni xüsusiyyətləri əhalinin mədəni müxtəlifliyinə şərait yaradıb.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Azərbaycan
onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan
azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası
da - bütünlükdə hamısı azərbaycanlıdır”.
Azərbaycanda hər kəsin milli kimliyi onun bu gün özünü azərbaycanlı
kimi hiss etməyinə mane olmur. Hər kəs öz ana dilində danışa, yaza bilər və özünün
digər vacib olan mədəni ehtiyaclarını ödəyə bilər. Konstitusiyamızın "Milli mənsubiyyət
hüququ” adlı 44-cü maddəsində göstərilir: "Hər kəsin milli mənsubiyyətini qoruyub
saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.
Multikultural təhlükəsizliyin Azərbaycan
nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət
etdikdə ölkənin həm daxili potensialının öz zənginliklərini ən dərin qatlardan daha
həvəslə üzə çıxarır, həm də öz beynəlxalq nüfuzuna müsbət çalar əlavə edir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli bir dövlət
olaraq dünyaya bir örnəkdir. Ölkəmizdə mövcud olan multikulturalizm, tolerantlıq
mühiti dünyanın ən sivil ölkələrinə belə nümunə olmaq əzmindədir. Bu gün Azərbaycan
milli və dini birgəyaşayışın ən sivil formasını bütün dünyaya göstərir.
Fərid MƏMMƏDHƏSƏNOV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
müdavimi