1941-1945-ci illər müharibəsi dünya tarixinin
ən qanlı savaşı idi. Hitlerçilər ildırımsürətli "Barbarossa” planına görə cəmi
3 ay ərzində SSRİ-nin Avropa hissəsini tam tutmalı idi. Plan alınsaydı, tərəqqipərvər
bəşəriyyət addım-addım faşizmin dəhşətli caynaqlarının əsarətinə düşəcəkdi. On minlərlə
adam yalnız milli mənsubiyyətinə görə ölümə məhkum ediləcəkdi.
Aradan uzun illər keçəndən sonra bəzi məsələlərə
baxış bucaqları dəyişir. Bu, təbiidir. Yeni rəylər, iddialar formalaşır. Bunu Hitler
Almaniyasının SSRİ-yə hücumuna, faşizm üzərində qazanılmış qələbəyə, hətta Böyük
Vətən müharibəsi adına münasibətdə də görürük. Kimin necə düşünməsindən asılı olmayaraq
bu müharibə bəşəriyyətin aydın gələcəyini zülmətə boyamaq istəyindən irəli gəlmişdi.
Sonda aydınlıq zülmətə, işıq qaranlığa qalib gəldi. Və bu qələbə həm də yüz minlərlə
Azərbaycan övladının canı-qanı hesabına əldə edildi.
...Onlar bu
müharibədə Azərbaycan adından vuruşurdular. Təkcə keçmiş SSRİ-ni deyil, ümumilikdə,
dünyanı və onun bir parçası kimi, Azərbaycanı da faşizm bəlasından qoruyurdular.
Bu, bütün dünyanı özünə vətən bilənlərin apardığı bir savaş idi. Ona görə də Böyük
Vətən müharibəsi anlayışı tarixin bütün dövrlərində öz dəyərini, əhəmiyyətini qoruyur.
Avqustun
30-da Rusiya Federasiyasının Rostov vilayətində "Sambek yüksəklikləri” - Böyük Vətən
müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı oldu. Müharibə veteranlarının
və ləpirçilərin təşəbbüsü ilə yaradılmış muzey Taqanroq şəhəri yaxınlığındakı Sambek
kəndi ətrafında vaxtilə ağır döyüşlərin baş verdiyi böyük bir ərazini əhatə edir.
Yada salaq
ki, belə bir hərbi-tarixi muzey kompleksinin inşası hələ 2014-cü ildən planlaşdırılırdı.
Sadəcə olaraq axtarış zamanı ərazidə 59 mərminin tapılması təməlqoyma mərasimini
bir qədər yubandırmışdı. Göründüyü kimi, inşaat prosesləri geridə qalıb və yeni
hərbi-tarixi muzey kompleksi artıq ziyarətçilərini qəbul etməyə başlayıb.
Hərbi-tarix
muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla,
8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Kompleksdə
həm veteranların ailə arxivlərindən, həm də döyüş meydanından toplanan minlərlə
artefakt nümayiş olunur. Muzeyin yaradılması və fəaliyyətində ən müasir texnologiyaların
tətbiqinə geniş yer verilib.
Yeni hərbi-tarixi
muzey kompleksinin açılışı ilə bağlı Rusiyanın "Rossiya-24” və "Rossiya-1” televiziya
kanallarında hazırlanmış reportajlarda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müsahibəsinə xüsusi yer verildi. Bu da təsadüfi deyil. "Sambek yüksəklikləri”
hərbi-tarixi muzey kompleksi faşizmə qarşı mübarizədə misilsiz igidliklər göstərmiş
azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış mədəniyyət abidəsidir. Muzey əsasən
azərbaycanlılardan təşkil edilmiş 416-cı Taqanroq diviziyasının döyüş salnaməsini
özündə yaşadır.
Qorunan yaddaş
Buna qədər
adıçəkilən qəsəbə yaxınlığında "Sambek yüksəkliyi şöhrət memorialı” var idi. Bakılı
heykəltəraş Elcan Şamilovun və rostovlu İ.V.Qriqorun müəllifi olduqları abidə kəndin
ətrafındakı ən hündür nöqtədə, vaxtilə mövcud olmuş səngərlərin yerində, pulemyotların
yerləşdirildiyi ərazidə ucaldılmışdı. 7 may 1980-ci ildə o zaman sovet Azərbaycanına
rəhbərlik edən Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə
heyətinin iştirakı ilə abidənin açılışı olmuşdu.
Reportajda
1980-ci ilin mayında fazişm üzərində qələbənin 35-ci ildönümü münasibətilə keçirilən
açılış mərasimindəki çıxışı zamanı Ulu Öndərin səsləndirdiyi fikirlər də xatırlandı.
Heydər Əliyev həmin çıxışı zamanı Don torpağında ucaldılmış möhtəşəm monumenti Rostov
vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş
bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlaməti kimi qiymətləndirmişdi.
Rostov vilayətini
azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxunun
əslən Azərbaycandan olması, bu diviziyanın təkcə Rostovu deyil, bütün Rostov vilayətini,
o cümlədən Taqanroq şəhərini azad etməsi faktını reportajlardakı müsahibəsi zamanı
Azərbaycan Prezidenti İlham Əliyev də izləyicilərin diqqətinə çatdırdı. Eyni zamanda
Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziyanın azad etdiyini xatırlatdı:
"Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində,
bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks
halda Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün
yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər
Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam
başqa olardı”.
Tarix yazan diviziya
416-cı atıcı
diviziyası Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 1942-ci il 22 fevral tarixli
əmrinə əsasən Ucar rayonunda formalaşdırılmışdı. Bu, Böyük Vətən müharibəsində iştirak
edərək misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycanın 6 milli diviziyasından biri
idi. Digər diviziyalar, xüsusilə 77-ci Simferopol dağ-atıcı, 402-ci, 271-ci,
396-cı atıcı, 223-cü Belqrad milli diviziyaları Polşa və Çexoslovakiyanın, Yuqoslaviyanın,
Moldovanın, Simferopol şəhərinin, bütövlükdə Krımın və başqa yerlərin azad edilməsində
iştirak etmiş, onların odlu müharibə yollarında, qanlı döyüş meydanlarındakı şücaətləri
xüsusi diqqətə layiq görülmüşdü. O zaman Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına
çevrilmişdi. İnsanlar "hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında mübarizəyə
qalxmışdı.
416-cı atıcı
diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlılardan təşkil olunmuşdu. Bölmələr
təxminən yarım il hazırlıq keçmişdilər. Diviziyanın döyüş yolu Qafqazdan başlamışdı.
1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali
Qafqazdakı Xasavyurt rayonuna göndərilmişdi. Onda Qafqaz uğrunda döyüşlərin ən şiddətli
vaxtları idi. "Krasnaya zvezda” qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazırdı:
"Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün
dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmışdir, Vətənin taleyi
və milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq
1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar”.
O zaman Hitler
Berlindən "Birinci” tank ordusu qərargahına teleqram göndərib Bakının işğalının
sürətləndirilməsini tələb etmişdi. Ona görə də Almaniyanın "Cənub” ordu qrupu komandanlığının
birinci vəzifəsi Donun arxasına keçmiş sovet qoşunlarını Rostovun cənub və cənub-şərq
rayonunda mühasirəyə alıb sıradan çıxarmaq idi. Tərkibində əsasən tank və motorlu
birləşmələr olan digər güclü qruplaşmanın niyyəti isə Qroznını və Mahaçqalanı ələ
keçirmək, qüvvələrin bir hissəsi ilə Osetiyanın və Gürcüstanın hərbi yollarını kəsmək
idi. Bu istiqamətdə hücumun son məqsədi Bakıya yiyələnmək idi.
1942-ci ilin
oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının
şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi.
Həmin ilin noyabrında yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq
Terek stansiyası zonasında döyüş xəttinə göndərildi. 1942-ci ilin 26 noyabrında
diviziya ilk böyük hücuma keçdi. Həmin gün bu hərbi hissənin əsgər və zabitləri
Novo-Lednov-Kapustin xəttində 69-cu Qafqaz süvari diviziyasını əvəz edərək düşmənlə
döyüşə girdilər. Dekabrın 5-də axşama yaxın diviziya mühüm sayılan təpəyə yiyələndi
və İşşevskaya stansiyasına çıxdı.
1943-cü il
yanvarın əvvəlinədək olan dövrdə diviziya Qafqazdan Azov sahilinə qədərki məsafəni
döyüşlərlə qət edərək, növbəti əməliyyatlara hazırlaşmağa başladı. 1942-ci ilin
noyabrından bir-birinin ardınca keçirilən əks-hücumlar nəticəsində üç ayda Şimali
Qafqaz düşməndən azad edildi və bu qələbə Rostov istiqamətində döyüşlərə başlamağa
zəmin yaratdı. 1943-cü ilin
21 fevralında
416-cı diviziyanın hərbi əməliyyatların ikinci dövrünə hazırlığına start verildi.
Bunun üçün diviziyaya Azərbaycandan daha 1500 nəfər döyüşçü göndərildi.
Rostov uğrunda
gedən hərbi əməliyyatlar müharibədə həlledici əhəmiyyət daşıyırdı. Reportajda da
qeyd edildiyi kimi, Don regionu faşistləri təkcə ucsuz-bucaqsız məhsuldar tarlalara
malik olan taxıl mənbəyi kimi cəlb etmirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazın
qapısı, Maykopa, Qroznıya, Bakıya, daha sonra Fars körfəzinə gedən yollar buradan
başlanırdı. Ona görə də hitlerçilər öz mənfur məqsədlərinə çatmaqdan ötrü ağlasığmaz
vəhşiliklər, dağıntılar, barbarlıq və qeyri-insani hərəkətlər törədirdilər.
Sambek yüksəkliyi
isə xüsusilə şiddətli döyüşlərin getdiyi yerdir. Bura Mius çayının sağ sahilində
Donetsk diyarının cənub yamaclarındakı yüksəkliklər, təpələr, kurqanlar silsiləsidir.
Kurqanlardan ən ucası həmin yerdən 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır.
Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən
80-100 metr yüksəklikdə əlçatmaz mövqe tutmaq üçün mümkün olan hər şeyi edirdilər.
Təkcə ön xətdə 3 min kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən
iki dəfə çox idi.
Amma 416-cı
diviziyada döyüşən azərbaycanlı əsgər və zabitlərin qətiyyəti faşistlərin azğınlığına
üstün gəldi. 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda
fəal iştirak edən diviziya böyük qəhrəmanlıqlar göstərdi. Avqustun 30-da Taqanroq
şəhəri düşməndən azad edildi. Bu qələbənin, göstərdiyi qəhrəmanlığın şərəfinə
"416”ya "Taqanroq diviziyası” fəxri adı verildi.
1943-cü il
sentyabr ayının 7-də "416”nın mərd oğulları hitlerçilərin 3-cü dağ-atıcı diviziyası
tərəfindən müdafiə olunan güclü istehkam xəttinə çatdı. Düşmən istehkamları Mariupol
və Osipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8-9-da Azərbaycan diviziyası
düşmənin müqavimətini qıra bildi. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən
döyüşçülərimiz qazandıqları mövqeləri əldə saxlamağa müvəffəq oldular. Bu döyüşlərdə
düşmənin 4 mindən çox əsgər və zabiti məhv edildi. Xeyli sayda döyüş texnikası ələ
keçirildi.
Hərbi əməliyyatlardan
sonra milli diviziyaya Azərbaycandan daha 2500 nəfər yeni döyüşçü qoşuldu. Müvafiq
hazırlıq aparıldı və oktyabrın 10-dan onlar növbəti döyüşlərə başladılar.
Qələbə atəşləri
Azərbaycanın
əsgər və zabitləri eyni qəhrəmanlığı Mariupol, Osipenko, Nikolayev, Melitopol şəhərləri
uğrunda gedən şiddətli döyüşlərdə də nümayiş etdirdilər. 1944-cü ilin yanvarında
416-cı diviziya 3-cü Ukrayna cəbhəsində
5-ci zərbə
ordusu tərkibində hücuma başlayaraq Dnestr çayını keçdi. Bu hərbi əməliyyatdakı
qəhrəmanlıqlarına görə diviziyanın döyüşçülərindən Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev,
A.Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına
layiq görüldülər. Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı
və onun düşməndən azad edilməsində fəal iştirak etdi. Bu qələbəyə görə 416-cı Taqanroq
diviziyası "II dərəcəli Suvorov” ordeni ilə təltif olundu. 1944-cü ilin yayından
başlayaraq
416-cı diviziya
3-cü Ukrayna cəbhəsi tərkibində həyata keçirilmiş məşhur Yassa-Kişinyov döyüş əməliyyatında,
Moldovanın paytaxtı Kişinyov şəhərinin, eləcə də bütün Moldovanın azad edilməsində
qəhrəmanlıq göstərdi.
Reportajda
Azərbaycan Prezidenti maraqlı bir faktı da yada saldı. 416-cı diviziyanın Berlinin
götürülməsində də fərqləndiyini, Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçülərinin
tutduğunu, Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancdığını xatırlatdı:
"Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı
əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr
gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-cı diviziya Berlinin götürülməsində
də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar.
Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq
darvazaları üzərinə Qələbə bayrağını sancıb”.
...I Belarusiya
cəbhəsindəki ağır döyüşlərdən, Varşavanın azad edilməsində fəal iştirakdan və Oder
çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini tutandan sonra mayın
1-də Berlinə ilk daxil olan hərbi hissələrdən biri də məhz 416-cı diviziya idi.
Digər hissələrlə qarşılıqlı əlaqə yaradaraq diviziya mayın 2-də səhər hitlerçilərin
son mövqelərini də darmadağın etməklə Brandenburq darvazası üzərinə Qırmızı bayraq
sancdı. Qələbə bayrağını taxanlar 416-cı milli diviziyadan leytenant A.Məcidovla
onun Məmmədov və Əhmədzadə adlı döyüşçüləri idilər. Brandenburq qapıları önündə
keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu əlamətdar anı xüsusi vurğulayaraq
demişdi: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq
qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının
övladları atdı”.
Kayzerin sarayı
üzərinə Qələbə bayrağını sancan zaman isə əfsus ki, diviziyanın döyüşçüsü, leytenant
Vahab Osmanov faşist gülləsindən həlak oldu. Buna qədər isə diviziyanın əsgər və
zabitləri Reyxsbankın, Daxili İşlər Nazirliyinin, Berlin Dövlət Universitetinin,
SSRİ-nin keçmiş səfirliyinin, Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının
binalarını azad etmişdilər.
Ümumilikdə
isə 416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə
qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan,
Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və
50-dən çox
böyük və orta çaydan keçərək, düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini,
113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu,
200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda
qənimət ələ keçirmişdi.
Diviziyanın
1368-ci atıcı alayı "Boqdan Xmelnitski” ordeni, 1054-cü topçu alayı "Qırmızı Bayraq”
ordeni, 44-cü əlahiddə topçu divizionu "Aleksandr Nevski” ordeni, 348-ci əlahiddə
sanitar batalyonu "Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdi. Diviziyanın
14396 nəfər əsgər və komandiri də keçmiş SSRİ-nin orden və medalları ilə təltif
olunmuşdular. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları
da verilmişdi.
416-cı Azərbaycan
milli diviziyası general Dmitri Sızvanovun komandirliyi ilə yaradılsa da, sonrakı
dövrlərdə ona və alaylarına general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov,
Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişlər. Diviziya müharibənin
sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi.
Müqəddəs dəyər
Bu gün
416-cı Taqanroq diviziyasının döyüş yolu və onun qələbələri şərəfinə xatirə abidələri
ucalır, şöhrət muzeyləri yaradılır. Bu, dünyanın faşizm kimi dəhşətli bir bəladan
xilası uğrunda canını fəda etmiş igid döyüşçülər qarşısında mənəvi borcdur.
Azərbaycan
isə bəşəriyyətin bu ümumi qələbəsi uğrunda canlarından keçmiş hər kəsin müqəddəs
xatirəsinə göstərdiyi ehtiramla bir nümunə yaradır. Göstərir ki, böyük dəyərləri
heç nəyə qurban vermək, şəraitdən asılı olaraq onlara münasibəti dəyişmək olmaz.
Bunu müsahibəsində Azərbaycan Prezidenti də qeyd etdi: "Biz ümumi Qələbəmiz uğrunda
canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar
diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının
əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin
qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın
açılması da göstərəcək. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın
igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər,
ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”.
Bu münasibət
Azərbaycan dövlətinin tarix qarşısında yaratdığı ən böyük dəyərlərdən biridir.
İradə ƏLİYEVA,
"Azərbaycan”