Azərbaycanın tanınmış ictimai xadimi, diplomat, jurnalist, Əməkdar mədəniyyət işçisi Bağır Mirqasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə əzəli Azərbaycan torpağı olan İrəvanda Seyidovlar ailəsində dünyaya gəlmişdir.
1918-ci ildə İrəvanda millətlərarası münasibətlər kəskinləşdikdən sonra ailə şəhəri tərk etmişdi. Onlar Tiflisdə əsasən azərbaycanlıların çox olduğu Şeytanbazar məhəlləsində yaşamağa başlamışlar. Mirqasım kişi ticarətini davam etdirmiş, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil vermişdir.
1925-ci ildə Bağır Seyidzadə Tiflisdən Bakıya gəlir. O, sonralar Tağıyevin fabrikində işə düzəlir, fəhlə fakültəsinə daxil olur. Bir neçə ay "Kəndli" qəzeti redaksiyasında korrektor işləyir. Azərbaycan Sənaye İnstitutunu bitirən Bağır Seyidov mühəndis-texnoloq ixtisasına yiyələnməsinə baxmayaraq, qəlbən həmişə jurnalist olaraq qalırdı.
Qızı Dilarə Seyidzadənin xatirələrindən: "O, hələ məktəbdə oxuyarkən işləməyə başlamışdı — divar qəzeti çıxarırdı. O, institutda tələbə divar qəzeti çıxarır, "Gənc işçi" qəzetinin redaktoru olur. O vaxt belə bir qayda vardı – kim qəzetə başçılıq edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, o, respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilir və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla birlikdə İrana gedir.
O vaxtlar anam MK-nın Mərdəkandakı sanatoriyasının baş həkimi idi. Atam onunla xudahafizləşməyə gələndə deyir ki, İrana gedir, lakin bu barədə heç kəs bilməməlidir.
1941-ci il sentyabrın 15-də Bağır Seyidzadə İrana yola düşür, atası isə infarktdan dünyasını dəyişir”.
Qılman İlkinin xatirələrində yazır: “İkinci dəfə Bağır Seyidzadə ilə İranda görüşdük. Məlumdur ki, sovet qoşunları 1941-ci ildə İrana daxil olanda yerli əhali ilə əlaqə yaratmaq üçün oraya azərbaycanlılardan ibarət böyük bir qrup göndərilmişdi. Onların arasında jurnalistlər və yazıçılar da vardı. Qrupun rəhbəri Əziz Əliyev təyin edilmişdi. Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə "Vətən yolunda" qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Bundan əvvəl o, Maku şəhərində vitse-konsul işləyirdi. Kürdlərin arasında işləmək diplomatik istedad tələb edirdi. Bağır Seyidzadə bu işin öhdəsindən məharətlə gəlirdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o, özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda milli hökumətin qurulmasında onun böyük xidməti vardır. Milli hökumətin qələbəsindən sonra Makudan Təbrizə sovet konsulluğunda işə göndərildi. Burada o, əvvəlcə vitse-konsul, sonra konsul işləməyə başladı. Bu işdə böyük diplomatik istedad nümayiş etdirdi. Milli hökumət onu "21 Azər" medalına layiq gördü".
Dilarə xanımın xatirələrindən:
"Təbrizdə konsulluq bağlandıqdan sonra atam Bakıya qayıtdı. O, Yaxın Şərq üzrə ixtisaslaşmışdı və Türkiyəyə getməliydi, lakin Bağırov qərara gəldi ki, o, Azərbaycanda işləməlidir, onu kinematoqrafiya naziri təyin etdi".
Bağır Seyidzadənin vəfatı ilə bağlı rəsmi nekroloqda qeyd edildiyi kimi, o, Mətbuat İşləri üzrə İdarə yaratmışdı. Sonradan ona başçılıq etdi, daha sonra həmin idarəni Mədəniyyət Nazirliyi ilə birləşdirdilər. Beləliklə, o, mədəniyyət nazirinin müavini oldu. O, bu vəzifədə yalnız mətbuat və kino ilə məşğul olurdu. Mükəmməl tərcüməçi idi. Əsas dili Azərbaycan dili idi, çünki ibtidai təhsilini Azərbaycan dilində almışdı. Sonra institutda rus dilində oxumuşdu, Amma rus dilindən Azərbaycan dilinə tərcümə edirdi. O, çoxlu xarici dil, o cümlədən fransız dilini bilirdi. "Görkəmli insanların həyatı" silsiləsindən bir sıra əsərlər tərcümə etmişdi.
O, tutduğu vəzifədən əhəmiyyətsiz bir məsələ üstündə azad edilmişdi. Azərinformun (indiki AzərTAc) baş redaktoru olmuş Azər Ələsgərov bu barədə deyirdi: "Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır. Buna görə də onu işdən azad etdilər. O, Azərnəşrdə kiçik redaktor işləməyə başladı, sonra isə Azərinforma direktor müavini vəzifəsinə dəvət edildi".
Dilarə xanımın dediklərindən: "Atam azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist olaraq qalmışdı. Bu, onun gələcək həyat yolunu müəyyən etdi. Onu nazir müavini vəzifəsindən azad edəndə, — bunu heç vaxt unutmayacağam, — yaman fikir çəkirdi. Atam öz zəhməti, tərcümələri sayəsində dolanan nizam-intizamlı, büllur kimi saf və təmiz insan idi. O istəyirdi ki, ailəsi ehtiyac bilmədən yaşasın. Bizim hər şeyimiz vardı. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. Onu isə "xidməti vəzifəsindən istifadə edərək tərcümələrlə məşğul olduğu" üçün işdən çıxarmışdılar. Mən atama "Axı bu, necə ola bilər" sualını verəndə dedi ki, onlar təsadüfi adamlardır. O, hətta bütün bunların ədalətsiz olduğu barədə fikrimə tərəfdar çıxmadı".
Bağır Seyidzadənin Azərinformdakı fəaliyyətini onunla işləyənlər çox dəqiq səciyyələndirmişlər:
"Ömrünün son illərini operativ siyasi materialların tərcüməsinə həsr etmiş Bağır Seyidzadəni AzərTAc-ın tərcüməçilik məktəbində müstəsna örnək olan bir insan kimi xatırlayırlar. Bağır müəllim öz tərcümələrində dilə çox həssas yanaşırdı. O, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən geniş istifadə edirdi".
Ömrünün 55-ci ilində geniş infarktdan dünyasını dəyişdi. Bağır Seyidzadənin əməyi yüksək qiymətləndirilmişdi. O, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdi.
“Azərbaycan”