17 Aprel 2024 09:15
166
İQTİSADİYYAT
A- A+

Lənkəranda iki gün kitab bayramı oldu

 

2024-cü ilin gənclər paytaxtı Lənkəranda həmin günlər günəşli, mülayim hava vardı. Bu xoş ovqata şəhərdə keçirilmiş II Kitab Sərgisi də əlavə çalar qatmışdı. 
Heydər Əliyev Mərkəzində keçirilən sərgi iki gün davam etdi. Tədbir "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi (ANAİB), Gənclər və İdman, eləcə də Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilmişdir.
Ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalının iştirak etdiyi tədbir maraqlı proqram və çoxçeşidli kitabların endirimli satışı və nümayişi ilə yadda qaldı. Festivalda tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olundu. 
Açılış mərasimində çıxış edən ANAİB sədri Şəmil Sadiq kitabın bütün cəmiyyətlərdəki rolundan, təşkilat olaraq təkcə Bakını deyil, bütün bölgələri əhatə edərək kitabın populyarlaşmasına verdikləri töhfədən, o cümlədən artıq ikinci dəfə Lənkərana təşrif buyuran bu kitab sərgisinin bölgə əhalisi üçün bayram ovqatı bəxş etməsindən danışdı. Tanınmış yazıçı Varisin oxucularla görüşü, imza saatı, eləcə də 2 kitabının - "Son məktub" və "Əzilmiş fotoşəkillər"in yeni - 4-cü nəşrlərinin təqdimat mərasimi iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılandı. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin moderatorluğu ilə keçən tədbirdə Varis öz yaradıcılıq yolundan danışdı, oxucuların suallarını cavablandırdı. 
Tədbirin ikinci günü Rövşən Abdullaoğlunun oxucularla görüşü oldu. Görüşdən sonra Azərbaycan Ədəbiyyat Fondunun və AYB Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə "Region ədəbiyyatı. Problemlər, perspektivlər" mövzusunda dinləmələr keçirildi.
Ümumiyyətlə, sərgi lənkəranlı oxucular üçün yaddaqalan tədbir oldu. Tədbirə ətraf rayonlardan - Astara və Masallıdan da kitabsevərlərin gəlməsi, kitablara maraq göstərənlər arasında xeyli məktəblinin olması da bunu sübut edirdi. İştirakçılar belə tədbirlərin kitaba marağın artmasına təsir göstərdiyini vurğuladılar. 

S.CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video