Həkim məsləhəti olmadan belə dərmanların istifadəsi orqanizmdə böyük fəsadlara yol aça bilər
Müəyyən ağrılar zamanı ağrıkəsici içməkdən başqa çarə tapmırıq. Bədənin hər hansı bir yerində hüceyrələrdə problem olduğu zaman ağrı reseptorları sayəsində vəziyyətdən xəbərdar oluruq.
Qəbul edilən ağrıkəsicilər isə ağrı siqnallarının beyinə ötürülməsinə mane olur. Sakitləşdirici təsir göstərərək, ağrını müvəqqəti unutduran həmin preparatların qəbulunun yan təsirlərinin də olduğunun çox zaman fərqində olmuruq.
Elə buna görə də həkim tövsiyəsi olmadan ağrıkəsicilərin yerli-yersiz qəbul edilməsi məsləhət görülmür. Unutmamalıyıq ki, bu dərmanlar səbəbi deyil, yalnız nəticəni aradan qaldırır.
Ağrıkəsicidən həddindən artıq istifadə müxtəlif xəstəliklər yaradır
Həkim-terapevt Araz Hüseynovun sözlərinə görə, orqanizmdə olan ağrını aradan qaldırmaq üçün istifadə olunan ağrıkəsicilər narkotik tərkibli və qeyri-steroid iltihab əleyhinə dərman maddələri olmaqla iki qrupa bölünür: "Bu preparatlardan orqanizmdə yaranan xroniki ağrıların simptomatik olaraq aradan qaldırılmasında, cərrahi əməliyyatlardan, böyük və kiçik travmatik zədələnmələrdən sonra istifadə edilir. Gündəlik həyatda insanlar daha çox başağrısı şikayətləri zamanı ağrıkəsicilərdən yararlanırlar. Başağrısı üçün dərmanların həddindən artıq istifadəsi sonradan onların da təsirini azaldır. Ona görə də baş ağrılarından əziyyət çəkənlər əvvəlcə ağrının səbəbini müəyyənləşdirməlidirlər".
A.Hüseynov deyir ki, bütün dərmanlar kimi, ağrıkəsicilərin də yan təsirləri var: "Böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir. Mədə qanamaları, mədə yaraları, böyrək və qaraciyər çatışmazlığı kimi xəstəliklərin çoxunun altındakı səbəb ağrıkəsicilərdir. Həddindən artıq ağrıkəsici istifadəçilərində diareya, qəbizlik, allergiya, ürəkbulanma, qanda laxtalanma və ya durulma, qulaqda küy, hətta karlıq kimi hallar müşahidə edilə bilər".
Uşaqlar və yaşlılar həssas kateqoriyaya daxildirlər
Həkim-terapevt bildirib ki, narkotik analgetiklər daha çox asılılıq yaradır: "Qeyri-steroid iltihab əleyhinə maddələr sinfindən olan ağrıkəsicilərdə isə bu dərman maddələrinə qarşı orqanizmdə tolerantlıq yaranır, əvvəlki təsir effektini göstərə bilmir. Məcbur olub dozanı artırdıqlarında isə müxtəlif mənfi təsirlərlə üzləşirlər. Dərman asılılığını, yəni ağrıkəsici qəbulunu aradan qaldırmaq üçün ilk növbədə bədəndə gedən prosesə təsir göstərib həmin ağrını aradan qaldırmaq lazımdır".
A.Hüseynov qeyd edir ki, bəzi həssas yaş qruplarında ağrıkəsicinin hansı dozada qəbul edilməsinə ehtiyatla yanaşılmalıdır: "İki yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı insanlar bu həssas kateqoriyaya daxildirlər. Ağırkəsicilər təyin edilən zaman orqanizmin vəziyyəti dəyərləndirilməli, preparat individual təyin edilməlidir. Doza protokol üzrə təyin edilsə də, bəzi orqanizmlər bu dozalara adekvat cavab vermirlər, təsiri zəif və ya əksinə güclü olur. Ağrıkəsici qəbul etməzdən öncə bunun səbəbi araşdırılmalı, mütəxəssis tövsiyəsi olmadan kortəbii qəbul edilməməlidir".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"