Utilizasiya fondu ölkənin avtoparkını təzələməyə hədəflənib
Xəbər verildiyi kimi, dövlət başçısı nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə "Tullantılar haqqında" qanunun 14-3-cü və "Büdcə sistemi haqqında" qanunun 5-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılması barədə sərəncam imzalamışdır.
Məsələnin aktuallığı və yaradılacaq fondun fəaliyyət istiqamətləri bu və ya digər dərəcədə əksəriyyət üçün maraq kəsb edir. Onə görə də mövzuya bir qədər ətraflı yanaşmaq, bəzi xırdalıqları təfərrüatı ilə nəzərdən keçirmək vacibdir. Öncə ondan başlayaq ki, sözügedən sərəncama əsasən, istehsal vaxtından 4 il keçən minik avtomobillərinin ölkəyə gətirilməsinə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı ödəniləcək. Bu yerdə onu qeyd edək ki, bu cür rüsumların təyin edilməsi bizdə yeni olsa da, o, dünyanın bir çox ölkələrində çoxdan tətbiq edilir. Başqa sözlə desək, əgər ekoloji vəziyyəti qorumaq istəyiriksə, istismar müddəti bitən avtomobillərin istismarının qarşısını müəyyən vasitələrlə almaq lazımdır. Və belə vasitələrdən biri də utilizasiya fondunun yaradılmasıdır.
Ölkəmizin avtomobil parkının böyük bir hissəsi Bakının payına düşdüyü üçün "köhnə maşın" problemi paytaxt üçün daha ağrılıdır. Əgər paytaxtda əvvəllər atmosferə atılan tullantıların əksəriyyəti sənaye müəssisələrinin payına düşürdüsə, indi atmosferə atılan zəhərli tullantıların 75 faizi nəqliyyatın hesabına yaranır. Nəqliyyat vasitələrinin sayı isə günbəgün artır. Bu artımın son 20 ildə 3,5 dəfə olduğu bildirilir. Üstəlik, aparılan monitorinqlər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan təkcə karbon oksidlərinin miqdarı 700 min tona yaxındır.
Onu da etiraf edək ki, ölkəyə əvvəllər idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi qədərindən artıq istismar olunduğu üçün bu gün faktiki olaraq ekoloji standartlara cavab vermir. Amma artıq gecdir, onlar ölkənin avtoparkının böyük bir hissəsini təşkil edirlər. Buna baxmayaraq, əlimizi yanımıza salıb vəziyyətlə barışa da bilməzdik. Bir neçə il əvvəl ölkəyə idxal edilən avtomobillərin istehsal tarixinə məhdudiyyət (10 il) qoyulması, indi isə köhnə avtomobillərin istismardan çıxarılmasının stimullaşdırılması üçün utilizasiya fondunun yaradılması məhz bu barışmazlıqdan irəli gəlir.
Artıq xəbər verildiyi kimi, Baş nazir Əli Əsədov "Nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nı təsdiqləmişdir. Qərarla "Yol hərəkəti haqqında" qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri üçün hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10, 10 ildən 20 ilədək olduqda - 20, 20 ildən 30 ilədək olduqda - 30, 30 il və daha çox olduqda isə 40 manat utilizasiya haqqı ödəniləcək.
Sözsüz ki, yeni qaydalar ölkənin avtomobil bazarının tədricən yenilənməsinə, ekologiyanın daha ciddi qorunmasına hədəflənib. Amma həmin hədəfə çatmağa xidmət edən tədbirlər təkcə bunlar deyil. Nəzərdə tutulur ki, müxtəlif səbəblərdən istismara yaramayan avtomobilini utilizasiyaya verən şəxsə yerli istehsal olan yeni avtomobil güzəştli qiymətə təklif ediləcək. Əgər həmin şəxs digər avtomobil almaq istəyirsə, ona həmin güzəştin 70 faizi məbləğində vəsait ödəniləcək. Yəqin ki, məqsədə nail olmaq üçün gələcəkdə digər tədbirlər də görüləcək və bütün hallarda ölkənin avtomobil parkı gec də olsa yenilənməyə başlayacaq.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"