Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.
Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 108 il əvvəl, 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib.
“Bu, sadəcə yeni bir dövlətin bəyannaməsi deyildi. Bu, azadlıq, plüralizm, bərabərlik və demokratik idarəetməyə əsaslanan gələcəyə yönəlmiş siyasi mədəniyyətin təzahürü idi. Dünya tarixində böyük qarışıqlıq dövründə Azərbaycan müasir dövlətçilik və vətəndaş kimliyi yolunu seçdi ki, bu da Şərqdə demokratik idarəetmənin qabaqcıl nümunəsinə çevrilib. 108 il sonra, bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycan suverenliyə, ərazi bütövlüyünə, iqtisadi inkişafa və konstruktiv beynəlxalq tərəfdaşlığa qətiyyətlə sadiq qalan güclü, müstəqil və beynəlxalq səviyyədə hörmətli bir dövlət kimi tanınır”, - deyə səfir əlavə edib.
Səfir qeyd edib ki, Azərbaycan etibarlı və məsuliyyətli enerji tərəfdaşı olaraq, təkcə regional inkişafa deyil, həm də daha geniş beynəlxalq sabitliyə və əməkdaşlığa töhfə verib: “Bu gün Azərbaycan 10 Avropa Birliyinə üzv dövlət də daxil olmaqla 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji dayanıqlığının artırılmasında getdikcə daha vacib rol oynayır. Eyni zamanda, Azərbaycan yaşıl enerjiyə fəal şəkildə böyük investisiyalar cəlb edir, iddialı bərpaolunan enerji layihələrini irəli sürür. Ümumi quraşdırılmış elektrik enerjisi tutumunda bərpaolunan enerjinin payı 2030-cu ilə qədər 40 faizə çatacaq”.
Səfir, həmçinin vurğulayıb ki, bir müddət öncə Bakıda başa çatan WUF13-də əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasından və çoxtərəfliliyə güclü sadiqliyindən xəbər verir.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar.
“Üstəlik, biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq. Qoy bu Müstəqillik Günü ümid, güc və birlik bayramı olsun! Ukrayna Parlamenti adından Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram!”, - deyə Olena Kondratyuk əlavə edib.
Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva isə çıxışında qeyd edib ki, hələ 1918-1920-ci illərdə Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik Respublikası iki gənc müstəqil dövlət kimi diplomatik münasibətlər qurub və əməkdaşlıq inkişaf etdirib: “Bütün çətinliklərə baxmayaraq, biz bu dostluğu qoruyub saxlamışıq. Ölkələrimiz arasında enerji, enerji infrastrukturu və təhlükəsizliyi, logistika sahələrində mövcud əməkdaşlıq potensialını inkişaf etdirmək üçün lazım olan hər şeyi etməliyik. Ukraynanın enerji infrastrukturunun bərpasında göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu yardımın ümumi dəyəri 2022-ci ildən bəri artıq 12 milyon dolları keçib. Sizin xeyirxah köməyinizlə minlərlə ukraynalı ailə üçün işıq və istilik sistemini bərpa edə bilmişik”, - deyə İqor Jovkva əlavə edib.
Daha sonra ölkəmizin füsunkar təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.