Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov dekabrın 23-də Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya, suvarma, əkinlərin bəyan edilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir müavini qəbuldan sonra Şəki DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
Daha sonra Elçin Zeynalov “Azərtütün” ASC-nin rayonun Çələbixan qəsəbəsində yerləşən tədarük məntəqəsinə baş çəkib, tütün yarpağının qəbulu prosesi ilə tanış olub. Məntəqədə keçirilən görüşdə Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlər, aqrar sahənin inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.