07 Yanvar 2022 00:28
731
SİYASƏT

KEÇMİŞDƏN AYRILARKƏN

 

Hansısa mütəfəkkirin söylədiyi kəlam hələ də yadımdadır: Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır!

Biz keçmiş məcburi köçkünlər isə yaxın keçmişimizdən, “məcburi köçkünlər” adından ağlaya-ağlaya ayrılırıq!

Amma qürurla ayrılırıq! 

Qələbə, iftixar duyğusu ilə ayrılırıq!

Sevinərək ayrılırıq!

Bizə bu xoşbəxt “ayrılığı” hünəriylə bəxş edən Müzəffər Ali Baş Komandanımıza böyük sevgi, minnətdarlıq hissilə ayrılırıq!

Bəli, cənab İlham Əliyev bizi bəxtəvər etdi, yurdumuza, elimizə qovuşdurdu!

Bizi bəxtəvər etdi, gözükölgəli millətdən qalib xalqa çevirdi!

Bizi bəxtəvər etdi, “məcburi köçkün” kimi üzücü, bəlkə də aşağılayıcı “tituldan” xilas etdi!

Xalqımızı yüksəltdi, dövlətimizi göylərə qaldırdı!

“Məcburi köçkün” adını “qalib xalq”, “qürurlu xalq” “qalib dövlətin vüqarlı vətəndaşı” adı ilə əvəz etdi!

Daha biz doğma yurda, doğma məkana qayıda bilirik!

Düzdür, qayıdarkən bizi viran qalmış kənd-kəsək, dağıdılmış şəhərlər, yerlə-yeksan edilmiş qəbiristanlıqlar qarşılayır.

Bir də uzaq keçmişdə qalan xatirələr!

Acılı-şirinli xatirələr!

Kövrəldib-ağladan xatirələr!

Bax, bu məqamda ağlayırıq!

Acıyaraq ağlayırıq!

Vətənimizdə daş üstə daş qalmadığına, doğma yurdumuzun xarabazara çevrildiyinə görə ağlayırıq!

Nə vaxtsa murdar düşmənə yiyəsizlik səbəbindən məğlub olduğumuza görə ağlayırıq!

Sonra köksdolusu nəfəs alırıq, sevinirik, gülürük...

Axı, Müzəffər Ali Baş Komandanımız bizi təkcə doğma torpaqlara qaytarmayıb!  

Həm də yağı düşməndən qisasımızı alıb!

* Dağıdılmış 300-dən çox şəhərin və kəndin;

* Təhqir olunmuş müqəddəs dini məbədlərin;

* Altı üstünə çevrilmiş qəbiristanlıqların;

* Qırılmış meşələrin, kəsilmiş ağacların;

* Xocalı soyqırımının;

* I Qarabağ və Vətən müharibəsindəki şəhidlərimizin əvəzini ermənidən artıqlaması ilə çıxıb!

Dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırıb!

Ermənistan ordusunu məhv edib!

Dünya erməniliyini biabırçı məğlubiyyətə uğradıb!

Ermənistan bu məğlubiyyətdən çətin ki, özünə gələ!

Nə qədər kömək etsələr də, nə qədər silahlandırsalar da, faydası yoxdur!

Həm də dəmir yumruğun gücünü gördü!

Azərbaycan-Türkiyə dostluğunun möhtəşəmliyinə şahid oldu!

Azərbaycan tərəfinə atdığı “İsgəndər M” raketlərinin mənasız dəmir parçasına çevrildiyini izlədi!

Fərarilər yığnağına çevrilən erməni ordusu heç zaman PUA-larla başına yağdırılan odu-alovu, ölümü unutmaz!

Nə qədər onu saxlamağa çalışsalar da, daha Azərbaycan torpaqlarında qalmaz!

Yedirtsələr də, içməli su daşısalar da, yardım paylasalar da, ev tiksələr də, lap müharibə vaxtı səngərdə olduğu kimi, zəncirlə bağlasalar da!

Çünki indi əməllərinin bəhrəsini dərirlər!

***

Bülbülü salırlar qəfəsə: “Ay Vətən” - deyib fəryad qoparır!

Açıb buraxırlar...…

Qaratikan koluna qonaraq “Can Vətən” - söyləyib mahnı oxuyur!

Bəli, vətənin xaraba qalmışı da gözəldir!

Dağılmış evin torpaq altındakı bünövrəsi də insana əzizdir, doğmadır!

Xatirələr göz yaşları ilə yoğrulmuş olsa da, itkilərimizi yada salsalar da, bizə doğmadır, məhrəmdir!

Çox şükür!

Nə yaxşı ki İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var!

Nə yaxşı ki İlham Əliyev kimi müdrik, uzaqgörən Prezidentimiz var!

Yoxsa biz bu qədər murdar, bu qədər alçaq xislətli, bu qədər müdafiəçisi olan və bu qədər həyasızlıqla bizə şər atan, yalanı özünə peşə seçən düşmənə necə qalib gələrdik?!

Bu möcüzəvi qələbəni yalnız

İlham Əliyev dühası yarada bilərdi!

Bu sonsuz sevinci və qüruru bizə yalnız İlham Əliyev bəxş edə bilərdi!

Bu qədər “dostu”, “havadarı”, “qardaş və bacısı” olan faşist xislətli düşməni yalnız İlham Əliyev məğlub və məhv edə bilərdi!

Etdi də!

Həm də nəinki hərb meydanında, həm də diplomatiya sahəsində, informasiya müharibəsi cəbhəsində biabırçı məğlubiyyətə uğratdı!

***

Düşmən ağıllanıbmı?

Əgər ağlı olsaydı, özgə torpaqlarını bu qədər işğalda saxlamaz, qurulu şəhər və kəndləri dağıdıb yer üzündən silmək niyyətinə düşməzdi!

Əgər ağlı olsaydı, monoetnik respublikaya, forpost dövlətə çevrilməz, cavanlarını qırğına verməzdi!

Əgər ağlı olsaydı, Avropada və Amerikada rahat həyat sürən diasporunun fitvasına getməz, onun parasına susayaraq özgələrin əlində alətə çevrilməz, xülyalarla yaşamazdı.

Əgər ağlı olsaydı, Türkiyə kimi nəhəng dövlətə qarşı ərazi iddiaları irəli sürməz, illər və əsrlərboyu olmayan “erməni soyqırımı”nı qəbul etdirmək üçün min bir hiyləyə əl atmazdı!

Əgər ağlı olsaydı, faşistlərə qulbeçəlik edənlərə heykəllər qoymaz, faşizmi özünə ideologiya seçməzdi!

Nəticəsi nədir; qazancı nə oldu?

Məhv edilmiş ordu, cəsədləri bu gün də özgə ərazilərindən toplanan vətəndaşlar, əhalisi dilənçi günündə yaşayan, sürətlə qaçıb xaricdə normal yaşayış axtaran ölkə, müstəqilliyi və perspektivi olmayan dövlət...

Əgər bu gün də sülhə gəlmirsə, revanşizmdən danışırsa, deməli, “dəmir yumruq” bir də başına çırpılacaq!

Ta ağıllanana qədər!

***

Bu gün keçmişə baxarkən ağlasaq da, ağrısaq da, gələcəyə baxanda gülürük, qürurlanırıq!

Keçmişdə qalan ağır günlərimiz, ehtiyaclar məngənəsində sıxılan həyatımız, ümidsiz anlarımızdır!

Keçmişdə qalan çadır şəhərcikləri, yardım növbələri, heç bir şəraiti olmayan ictimai binalardakı darısqal mənzillər, qışda soyuq, yayda isti vaqon evlərdir!

Doğrudur, Prezidentimizin köməyi ilə həmin çadır şəhərciklərini ləğv etdik, yeni tikilən evlərə, müasir tipli qəsəbələrdəki təzə mənzillərə köçdük!

Amma ağır günlərimizi, şəhidlərimizi və itkilərimizi də yaddan çıxara bilmərik!

***

Daha bizi heç kəs keçmişə qaytara bilməz!

Nə Ermənistan, nə də onun havadarları!

Sonuncu dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT-nin ali tribunasından istifadə edərək Ermənistanı revanşizmdən çəkinməyə çağırdı və bir daha xəbərdarlıq etdi: “Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir”.

“Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

***

Biz daim irəli baxırıq, irəli gedirik, qurub-yaradırıq, doğma Qarabağımızı cənnətə çeviririk!

Buna həm iqtisadi gücümüz, həm siyasi iradəmiz, həm xalqımızın möhkəm birliyi, həm də ordumuzun qüdrəti imkan verir!

Azərbaycanı heç kəs tutduğu yoldan, getdiyi istiqamətdən, quruculuq əzmindən döndərə bilməz!

Bugünkü Azərbaycan qalib Azərbaycandır!

Bugünkü Azərbaycan özünə və dostlarına güvənən, milli maraqlarını hər şeydən üstün tutan, gələcəyə ünvanlanmış aydın baxışları və dəqiq hədəfləri olan Azərbaycandır!

Bəli, bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır.

Biz də məcburi köçkün həyatından, sıxıntılı günlərimizdən ayrıldığımıza görə həm də gülürük!

Biz yeni reallıqlar yaratmış xalqıq, dövlətik!

Bunu hamı bilməli və Azərbaycanın yeni reallıqları ilə hesablaşmalıdır!

44 günlük Zəfərin birinci ildönümünü böyük qürurla, böyük təntənə ilə qeyd etdik.

Hər gününü sonsuz ümidlə, həyəcanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 günün!

İndi qalib xalq kimi açıq ürəklə, açıq alınla yaşayır, daim qürur və fərəh hissilə keçiririk!

Artıq dünya bizi qüdrətli xalq kimi tanıyır!!

Bizim Müzəffər Ali Baş Komandanımız var!

Bizim bütövləşmiş Azərbaycanımız var!

Tezliklə Prezidentimiz Qarabağımızı cənnətə çevirəcəkdir!

Dostlar baxıb sevinəcək, düşmənlər kor olacaqlar!

Biz daha ağlamırıq!

Biz indi ucadan və ürəkdən gülürük!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video