06 Fevral 2026 08:50
294
İQTİSADİYYAT
A- A+
İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur


Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış su anbarları bərpa edilir, yeniləri tikilir


Su təchizatının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulub məskunlaşdırılmasında ən ümdə amillərdən biri olduğu hər kəsə məlum olan həqiqətdir. Ümumiyyətlə, su təchizatı hər yerdə həyati məsələdir və təsadüfi deyil ki, Prezident İlham Əliyev cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu məsələdən də bəhs etdi. 

Yanvarın 12-də isə dövlətimizin başçısı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirdi. Bu tədbirdə də Qarabağın və Şərqi Zəngəzurun su təchizatı məsələsi diqqət mərkəzində oldu.

Su təzhizatı olmadan oraya heç kəs köçə bilməz və orada heç kəs yaşaya bilməz. Prezidentimiz müsahibəsində fikirlərini bax, belə aydın və birbaşa bildirərək sözünə davam etdi: "Bu məsələ də öz həllini tapır və su anbarları - bir neçə su anbarını yenidən qurmuşuq, sıfırdan qurulan, məsələn, Zabuxçay su anbarı, əsaslı təmir olunan Sərsəng, Suqovuşan, Köndələnçayda üç, Xaçınçay. Bütün bunlar həm böyük vəsait, həm də işçi qüvvəsi tələb edir və onu da deməliyəm, bu işlər, əlbəttə ki, vəsait hesabına görülür. Əgər vəsait olsa, amma işçi qüvvəsi, yaxud da ki, hazırlıqlı kadrlar olmasa, biz bu işi görə bilməzdik". 

İki-üç il əvvələ qayıdaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il dekabrın 24-də Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsində iştirak etdiklərini xatırlayaq.

Xaçınçay su anbarının təmiri və bərpası 7 kilometr uzunluğunda kanalla birlikdə aparılıb. Bu su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi 176 hektar təşkil edir. 

Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. İndi texniki sxemlə Xaçınçay anbarına daxil olan sular tənzimlənərək ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

2024-cü il mayın 10-da isə dövlətimizin başçısı Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışını etdi. Xatırladaq ki, Köndələnçayın məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr, faydalı həcmi 3,6 milyon kubmetr, hündürlüyü 14 metr olan birinci su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində anbarda müvafiq təmir-bərpa işləri görülüb. Nəticədə bəndin qurğuları və mexaniki avadanlıqları sabit iş rejiminə gətirilib və istismarı üçün normal vəziyyət yaradılıb. Belə ki, layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bəndboyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq-yaşıllaşdırma işlərinin görülməsi daxil idi.

1951-ci ildə istismara verilən ikinci Köndələnçay su anbarının ümumi su tutumu isə 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb. Eləcə də suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusu  tikilib, xarici elektrik təchizatı təmin edilib. Su anbarının ərazisi abadlaşdırılıb və yaşıllaşdırılıb.

Ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı 1980-ci ildə istismara verilib. Təmir-bərpa zamanı burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb. Qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyalarında, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqlarında, qurğunun estakadasında da bərpa işləri aparılıb. Eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub. Eləcə də yarımstansiya və elektrik xətti bərpa olunub. Quruçay üzərində suqəbuledici qurğu tikilib ki, oradan da gələn sular anbara yönəldilsin.

Keçən ilin iyun ayında Laçın rayonunda yerləşən Zabuxçay su anbarı da istifadəyə verilib. Tikintisinə 2023-cü ildə başlanan bu anbar 12 min 100 hektar əkin sahəsini (əsasən Qubadlı və Zəngilan rayonları) suvarma suyu ilə təmin etmək və bölgədə aqrar inkişafı dəstəkləmək məqsədi daşıyır. Onun bəndinin hündürlüyü 40, uzunluğu 615 metrdir. Layihə çərçivəsində 51,6 kilometr uzunluğunda magistral boru kəməri çəkilib. Bu kəmər vasitəsilə Həkəri çayının sağ və sol sahillərindəki torpaqlar suvarılır.

İstismara verildiyi il Zabuxçay anbarı 2900 hektar aqropark sahəsini su ilə təmin edib. Bu su anbarı həmçinin Güləbird SES-ə aid infrastrukturla inteqrasiya olunub. 

Prezident İlham Əliyev yuxarıda adıçəkilən müşavirədə su təchizatı ilə bağlı Qarabağda və Şərqi Zəngəzurda görülən bu və digər işlərdən bəhs edərək demişdir: "Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında ilk növbədə Sərsəng su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. Sərsəng və Suqovuşan su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə Suqovuşan su anbarı, Sərsəng su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda Köndələnçay - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda Xaçınçay su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş Zabuxçay su anbarı bu gün artıq istismardadır".

Dövlətimizin başçısı azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - Həkəriçay, Bərgüşadçay su anbarlarının tikintisinin də nəzərdə tutulduğunu bildirdi. Bunun üçün artıq hazırlıq işləri gedir və cari ildə praktik işlərin başlanacağı gözlənilir. Deməli, bu yerlərin su təchizatı getdikcə daha da yaxşılaşacaq. Su isə həyatdır, dirçəlişdir. İndi Qarabağın və Şərqi Zəngəzurun bol suyu yurda dönən insanların ürəyinə sərinlik, çöllərə, düzlərə isə rayihə, bar-bərəkət gətirəcək. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!