18 Noyabr 2025 08:45
2699
Elm və texnika
A- A+
I Türkoloji Qurultay - türk ruhunun qələbəsi

I Türkoloji Qurultay - türk ruhunun qələbəsi


Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın mədəni həyatında mühüm hadisəyə şahidlik edən tarixi sərəncam imzaladı. Gələn il I Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq. 

Türkoloji qurultay təkcə dünya türkologiyasının tarixində deyil, Azərbaycan siyasi tarixində mühüm hadisə idi və hətta əminliklə demək olar ki, o dövrdə ən əhəmiyyətli, hadisə idi. Bir əsr əvvəl Bakıda keçirilən bu tarixi qurultay yüz ildir ki, dünyanın humanitar platformasında ən aktual məsələlərdən biri olaraq qalır və getdikcə türk dövlətlərinin siyasi həyatına, türk düşüncəsinin məfkurəvi aspektlərinə sirayət edir. Bakının dünya türkologiyasının deyil, türk düşüncəsinin mərkəzinə çevrilməsinə rəvac verir. Qurultayda müzakirə olunan problemlər sırf elmi məsələlər idi, özündə tarixə, ədəbiyyata, linqvistikaya, etnoqrafiyaya dair ciddi məsələləri ehtiva edirdi. Alt qatda isə gələcəkdə yaradılacaq türk birliyinə yol açırdı ki, biz bu gün həmin tarixi prosesin iştirakçılarıyıq.

I Türkoloji Qurultayda qaldırılan məsələlərlə bağlı son otuz ildə çox işlər görülüb. Haqqında söhbət gedən sərəncam cənab İlham Əliyevin Türkoloji Qurultayla bağlı verdiyi ilk sərəncam deyil. Türkoloji Qurultay onun fəaliyyəti boyu diqqət mətkəzində saxladığı əsas məsələlərdən biri olub. Cənab Prezident Türkoloji Qurultayın səksən, doxsan illik yubileylərinin keçirilməsi üçün də sərəncamlar imzalamışdı Amma Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra 100 illik yubileyin keçirilməsinin xüsusi önəmi vardır. Siyasi-ideoloji baxımdan da bu çox əhəmiyyətlidir. Bakı yenidən həm türkoloji mərkəz kimi, həm də türk dövlətlərinin fikir mərkəzi kimi dünyanın diqqət mərkəzinə gəlir.

1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın ideyaları sovetlər dönəmində düşüncələrə istiqamət verməkdə davam etdi. Görkəmli qazax yazıçısı Oljas Süleymenovun "Az i Ya" kitabı həmin istiqamətin yetirdiyi kitab idi və təsadüfi deyildi ki, o kitab erməni daşnak ideoloqlarının Azərbaycana qarşı yazdıqları kitablara, xüsusən Zori Balayanın "Ocaq" kitabına ilk sərt və amansız cavabı idi. Yaxud 100 il əvvəl keçirilmiş Türkoloji Qurultayın təsir gücü Stalin repressiyaları  dövründə də türkdilli xalqların dirəniş gücünə stimul vermişdi. 

1926-cı ildə I Türkoloji Qurultayın Bakıda  keçirilməsinə böyük rus alimi Bartoldun mülahizələri ən dəqiq cavabı verirdi. Bartold deyirdi ki, "Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan Cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur".

XX yüzilliyin iyirminci illərində dünya türkologiyasının ən aktual problemlərinin Bakıda müzakirə olunması ictimai fikir tariximizin bənzərsiz və qürurverici səhifəsini təşkil etməkdə idi. Bu gün isə Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi təsdiq edəcək ki, Bakı təkcə elmi həyatın deyil, türk birliyinin də siyasi həyatında mərkəzə çevrilməkdədir. 

1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilən I Türkoloji Qurultay türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadı. Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və sairə ilə bağlı qərarlar qəbul edildi, amma təəssüf ki, çox keçmədən həmin tədbirin əksər iştirakçıları, yəni türkologiya elminin fikir bayraqdarları sovet rəhbərliyinin hədəfinə tuş gələrək taleyin amansız zərbəsini aldılar: sürgün, güllələnmə, ən ağlasığmaz üsullarla cəzalanma və sairə. 

Əlbəttə, qurultayda müzakirə edilən məsələlər zamanla İsmayıl bəy Qaspıralı, Vasili Radlov və başqaları tərəfindən dilə gətirilmişdi. Bu mənada I Türkoloji Qurultay onların düşüncələrə əkdikləri türklük ruhunun pərvəriş tapması, daha geniş fikir arealını çevrələməsi ilə əlamətdar idi. O da mühüm məqam idi ki, bu qurultay həmin illərdə yeganə hadisə idi ki, yalnız türk ruhunun daşıyıcılarını deyil, sovet ideologiyasının tanınmış simalarını da ətrafına cəm edə bilmişdi. Qurultayın elmi rəhbərliyində təmsil olunanlardan biri görkəmli türkoloq alim Bəkir Çobanzadə idi. Qurultay türk dünyası tarixinin dönüş nöqtəsi idi, onun ideyaları türk dünyasının ortaq yaddaşı, dili və mədəniyyətinin birgəliklərinin ifadəsi baxımından müstəsnalıq kəsb edirdi. Bu gün də, türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə böyük zərurət meydana qoyur.

Əslində, Türkoloji Qurultay Atatürklə Stalinin ideoloji qarşıdurmasının revanş nöqtəsi idi. Və bu mənada 1930-cu illərdə Stalin qalib gəldisə, 100 il sonra dünya Atatürkün zəfərini müşahidə etdi. Bunu da xatırladım ki, qurultayın alt qatında baş verən proseslər  bizə indi, yəni 100 ildən sonra daha da aydın olur. İstər Azərbaycanın kommunist dövlət rəsmiləri, istərsə də Türkiyədən gələn atatürkçü professorlar qurultay günlərində necə riskli bir prosesdə iştirak etdiklərini anlayır və bir-birləri ilə diplomatik üslubda danışırdılar. Məsələn, həmin günlərdə Fuad Köprülünün verdiyi müsahibələrdə Türkiyənin hansı xətti müdafiə edəcəyi barədə açıq fikir söylənilmir. Eləcə də Əli bəy Hüseynzadənin fikirlərində. Bu, təbii ki, türk xalqları arasında inteqrasiyanın gələcək  perspektivi üçün edilirdi. Mən bu məqamda fikrimi əsaslandırmaq üçün o dövrdə Fuad Köprülünün bir söhbətini xatırlatmaq istərdim. Əlifba islahatı, əslində, hərf inqilabı ilə bağlı suala baxın necə diplomatik cavab verir: "Azərbaycan tərəfindən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyilik. Bu yaxınlarda Maarif Nəzarəti tərəfindən xüsusi bir komisyon təşkil edildi. Bu komisyon imla və hürufatı tədqiq ilə məşğul olur, hənuz qəti bir fikir və qərara gəlmədilər. Zənn edirəm bu tədqiqat yenə bir kaç ay davam edəcəkdir.

- Şu halda, qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və ya əleyhinə bir fikir verəmiyəcəksiniz?

- Təbii, deyilmi? Ancaq şurasını da ərz edəlim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də - maaləsəf - hənuz hazırlığımız olmadığı kibi hökumət tərəfindən də bu xüsusda əlimizdə bir təlimat yoxdur".

Halbuki Türkiyə Sovet İttifaqında məlum məsələ ilə bağlı prosesi diqqətlə izləyir,  sovetlərin türk əhalisi üçün verəcəkləri qərarı səbirlə müşahidə edirdi. Türkiyədə məlum proseslərə rəhbərlik Türkoloji İnstitutun rəhbəri Fuad Köprülüyə həvalə olunmuşdu. Türkoloji Qurultay bir il əvvəl İstanbulda keçirilməli idi. Tələsmədilər. Gözlədilər. Bakıda keçirildi.  Azərbaycan latın əlifbasına keçdi. Türkiyə də bir il sonra keçdi. Türkiyə latın əlifbasına keçən kimi Stalin prosesi dayandırdı. Türkoloji Qurultayla bağlı Stalinlə Leninin fikirləri fərqliydi. Baxmayaraq ki, Lenin qurultay günlərində artıq həyatda yox idi. Amma hərf inqilabını məhz o, Şərqdə böyük inqilab adlandırmışdı. İnqilab isə oldu və dərhal da Stalin tərəfindən ləğv edildi.  Səbəb isə aydın, sadə bir həqiqət idi! Çünki Türkiyənin latın əlifbasına keçməsi ilə sovet türkləri ilə Anadolu türkləri mənəvi baxımdan birləşirdi.  

Bu qurultayla bağlı öyrəniləsi çox şey var. Təkcə  çıxışlarda qaldırılan məsələlər baxımından deyil, eləcə də qurultay nümayəndələrinin kimliyini öyrənmək belə bizi müxtəlif sahələrdə araşdırmalara sövq edir. Məsələn, 1920-ci illərdə "türk respublikalarında uşaq ədəbiyyatının vəziyyəti necədir" sualını qurultay nümayəndələrindən bir qisminin yaradıcılığını tədqiq edərək cavablandırmaq olar. Məsələn, qurultayda dünya miqyaslı akademiklərlə, linqvistlərlə yanaşı, iştirak edənlərin arasında Abdrəhimov Qali Şakiroviç tatar uşaq ədəbiyyatının yaradıcılarından biridir. 1913-1915-ci illərdə "Ak yol" jurnalında uşaqlar üçün hekayələr və nağıllar dərc etdirib. Həmin yazıları 1923-cü ildə nəşr olunmuş "Qırmızı çiçəklər" adlı kitabında toplayıb. Yaxud Elbek Metrik özbək uşaq poeziyasının banisidir. Kazandan olan nümayəndə Hasan Səbri Ayvazov "Göz aydın" uşaq jurnalının redaktoru olub.  Krımlı Şevqi Bektörənin gözəl uşaq şeirləri var və sairə.

I Türkoloji Qurultayın yaranma zəmini ilk növbədə mətbuatın yarandığı dövrlərdən başlanır. 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən  "Əkinçi" qəzeti bizim yalnız milli düşüncəmizin deyil, eləcə də türk düşüncəmizin kökündə dayanan amildir. Sonrakı dövrdə - xüsusilə XX əsrin əvvəllərində milli ruh və idrak təəssübkeşliyimiz, müqavimət və dirəniş amalımızın qazanılmasında Zərdabi ideallarının nə qədər önəm kəsb etdiyi məlum məsələdir. Bu dövr həm də görk edir! XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradan aydınlar mətbuatın, maarifin, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə necə alovlu şəkildə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər. Elm almaq, maariflənmək prosesi ardınca məfkurə xəttini gətirməli idi. Bunu böyük haqq işi uğrunda mücadiləyə atılan bütün milli münəvvərlər aydın dərk edirdilər. Zərdabi ilə qurulan vətən məfkurəsi sonradan pərvəriş tapan mətbuat orqanlarının hamısının ana xəttinə çevrildi. 1891-ci ildə "Kəşkül" qəzetində Azərbaycan adının milli kimlik məsələsi təsbit olundu, millətin adı ətrafında fikirlər səsləndirildi. "Tərcüman" qəzetində krımlı yazar İsmayıl Qaspıralı "Dildə, fikirdə, işdə birlik" məramı ilə türklərin ortaq problemlərinin qoyuluşunu hədəf götürdü. Ən böyük məfkurə dərsini isə 1905-1906-cı il aralığında çap olunan "Həyat" qəzeti verdi. Böyük ədəbi-mədəni coğrafiyanı ehtiva edən bu qəzetdə böyük ideoloq Əli bəy Hüseynzadənin qələmində təqdim olunan "Türklər kimdir və kimlərdən ibarətdir", eləcə də Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və digər ədiblərin yazdığı məqalə və bədii mətnlərlə milli varlıq tanıdılmağa, milli triadamızın əsası qoyulmağa, milli kimlik fənni aşılanmağa başlandı və qəzet bağlandıqdan az sonra, elə həmin il işıq üzü görən "Füyuzat" jurnalı (1906) 32 sayı ilə cəmi bir il davam edən yaradıcı fəaliyyətində geriyə dönüşü mümkün olmayan azadlıq, şüur hərəkatına imza atdı. "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai" deyən Əli bəy Hüseynzadənin çağırışı ardınca istiqlala aparan yolun mübarizkar, mətin milli fədailərini yetişdirdi. Bu həm də M.F.Axundzadə və H.Zərdabi ilə başlanan yolçuluğun, millət və xalq fədailiyinin məntiqi sonucu, tarixi nəticəsi idi.

Bu mənada millətin elmi, bədii və siyasi potensialını meydana qoyan "Əkinçi" qəzetinin xalqa qazandırdığı nə oldu, - xüsusunda sual edəndə bu iki amilin məxsusiliyini önə çəkmək lazım gəlir. İlk növbədə milli şüurun formalaşması və milli dövlətçiliyin yaranması neməti! Mirzə Bala Məmmədzadə "Azerbaycan misaki-millisi" əsərində yazır: "Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan İstiqlal Bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır".

Bu mənada yalnız 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti yox, elə ondan 8 il sonra təşkil olunan I Türkoloji Qurultay da tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu - XX əsrin əvvəlləri milli mətbuat səhifələrində davam edən siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun, türklük ruhunun yaranmasının aspektləri bədii-publisistik düşüncəyə söykənirdi. 

Akademik Nizami Cəfərov analizlərində daha dərinlərə varır: "Türkologiyanın Azərbaycandakı vəziyyətini anlamaq üçün ilk növbədə türklük anlayışını təsəvvür etmək lazımdır. Bu isə bir qədər mücərrəd anlayışdır, amma bununla yanaşı, təsəvvür edilə bilməsə, nə türkçülük, nə də türkologiya anlayışlarını dəqiqləşdirə bilməyəcəyik. Türkçülük ideologiyadır. Azərbaycanda türklük ondan ibarətdir ki, biz dildə ədəbiyyatda, mədəniyyətdə, tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri Səfəvilər dövründən artıq müəyyənləşməyə başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti yaratmaq mənasında həmin coğrafiyanın hüdudlarından kənara çıxmayıb. Bəs bu etnos bu coğrafiyaya hansı tarixi dövrdən bağlanır? Ən sadə izahı odur ki, dünya yaranandan. Bizim üçün əsaslandırılmış, ənənəvi türklük "Kitabi-Dədə Qorqud" eposudur". 

Şübhəsiz, bütün yönləri ilə baxanda "Kitabi-Dədə Qorqud" bizim genofondumuzun əsasında dayanan məxəzdir. Bu mənada Ümummilli Lider Heydər Əliyev bilərəkdən hakimiyyətdə olduğu iki müxtəlif zaman kəsimlərində məfkurə istiqamətində işlərə məhz bu dastanın yubileyinin qeyd olunması ilə bağlı sərəncamlar imzalamaqla başlayırdı. Çünki Azərbaycanda türklüyün xalqın etnososiokulturoloji əsası kimi öz köklərini "Kitabi-Dədə Qorqud" eposundan aldığını bilirdi. Bəlkə buna görə XX əsr boyu, sovet dövrünün ən kəskin, ən qatı ideoloji dövrlərində belə türk yaddaşı öləzimədi, tarixin aşamalarından zədəsiz çıxaraq varlığını və milli mənliyini qorudu. 

I Türkoloji Qurultayın tarix və yaddaş qarşısında ən böyük xidməti bəlkə də elə bu oldu! Çünki özü də zamanında ilk növbədə türk ruhunun intibahına hədəflənmiş strategiya ilə yola çıxmışdı. Dünyaya öz zəngin mədəniyyəti və keçmişi ilə ifadə olunmuş türk varlığının əzəmətini bəyan etmək!  Əli bəy Hüseynzadənin qurultayla bağlı yazdığı gündəlikdə böyük türk alimi Fuad Köprülünün sözləri ilə desək, məqsəd o idi ki, "Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti, müsəlman millətlərin ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət vardır"!

Yeri gəlmişkən, qurultayla bağlı sonra da gündəlik yazan türkçü ideoloqumuz Əli bəy Hüseynzadə öz qeydlərini bura köçürməklə gələcək üçün faydalı bir irs miras qoymuşdur. Əli bəyin qeydlərini qurultayın 1926-cı ildə rusca nəşr olunmuş stenoqramını dolğunlaşdıran sənəd kimi dəyərləndirən türkoloq alim Azər Turanın məqaləsində oxuyuruq: "Onlar 1926-cı ildə İstanbuldan Bakıya - I Türkoloji Qurultaya bir yerdə gəlmişdilər: Fuad Köprülü, Dyula Messaroş, Vasili Bartold, Teodr Menzel və Əli bəy Hüseynzadə. Qurultayın aparıcı simaları da onlar idi. Qurultayda hamısı çıxış edib. Əli bəy Hüseynzadə və Menzel isə həm də gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci ildə Bakı qəzetlərində professor Menzelin "Der 1. Turkologische Kongre in Baku" əsəri barədə məlumatlar dərc olunub. Amma Əli bəy Hüseynzadənin qeydləri yalnız 1969-cu ildə ortaya çıxıb və ilk dəfə 1970-ci ilin yanvar ayında "Yeni İnsan" dərgisində Hilmi Ziya Ülkenin təqdimatı ilə dərc olunub".

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir!" Bu sözləri Prezident İlham Əliyev ötən il fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında səsləndirmişdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı həmçinin qeyd etmişdir: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır!"

İnanırıq ki, milli varlığımızın qorunmasında, milli kimliyimizin təsdiqində mühüm hadisə olan I Türkoloji Qurultayın 100 illiyi  türk xalqlarının milli mədəniyyət və elm bayramı kimi qeyd olunmaqla növbəti dəfə triumfa imzasını atacaq, sözün həqiqi mənasında türk dünyası üçün hadisəyə çevriləcəkdir!


Elnarə AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!