Azərbaycan xalqının tarixində böyük hadisələr və möhtəşəm qələbələrlə yadda qalan 2023-cü - "Heydər Əliyev İli" yekunlaşmaq üzrədir. Xalqımız il ərzində Ulu Öndərin 100 illik yubileyini təntənə ilə qeyd etmişdir.
Bu günlər Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Hibrid formatda (canlı iştirak və Zoom proqramı üzərindən onlayn qoşulma) keçirilən konfransda iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin müasir biologiya elminin inkişafında göstərdiyi xidmətlərə həsr olunmuş sərgi ilə tanış olmuşlar. Sonra tədbir AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sədrliyi ilə işə başlamışdır. Öncə beynəlxalq konfransın proqramına uyğun olaraq AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunmuşdur. Akademik "Heydər Əliyev İli" çərçivəsində AMEA-da təşkil olunan tədbirlərin ölkəmizdə vətənpərvərlik, azərbaycançılıq ideyalarının, müstəqil dövlətçilik düşüncəsinin daha da dərinləşməsinə xidmət edən bir proqrama çevrildiyini bildirmişdir: "Akademiyanın institut və təşkilatlarında il ərzində Ulu Öndərlə bağlı 40-dan çox kitab hazırlanıb çap olunmuşdur. Kitablar əvvəlki illərdə AMEA-da Ümummilli Liderin fəaliyyəti ilə bağlı nəşr olunan əsər və monoqrafiyalardan sistemli fundamental elmi tədqiqatlardan ibarət olması ilə fərqlənir. Bu isə Azərbaycanın son 50 ildə keçdiyi yolu, bu istiqamətdə yaşanılan çətinlikləri, aparılan mübarizələri, qazanılan uğurları elmi cəhətdən və sistemli şəkildə təhlil edib dəyərləndirən və ümumiləşdirən Əliyevşünaslığın konkret bir elmi istiqamətə çevrildiyini nümayiş etdirir".
Azərbaycanda biologiya elminin inkişafında Ulu Öndərin böyük xidmətləri haqqında danışan akademik İradə Hüseynova qeyd etmişdir ki, yeni elmi müəssisələrin və laboratoriyaların yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, ümumən elmə verilən dəyər, göstərilən dövlət dəstəyi dahi liderin siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Natiq bu siyasətin günümüzdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə davam etdirildiyini bildirmişdir.
Akademik İ.Hüseynova Ümummilli Lider Heydər Əliyevin elmin müasir və perspektiv sahələrində yüksəkixtisaslı kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev tərəfindən atılmış addımları, görülmüş işləri də diqqətə çatdırmışdır. Bildirmişdir ki, akademik Cəlal Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda biokimya, molekulyar biologiya, molekulyar genetika, biofizika, gen və hüceyrə biotexnologiyaları, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafı, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin biologiya üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən istifadə edilməsi elmə böyük töhfə vermişdir. "Bu il 95 illik yubileyini qeyd etdiyimiz akademik Cəlal Əliyevin yaratdığı böyük məktəbin nümayəndələri elmə ləyaqətlə xidmət edir, Azərbaycana dünya səviyyəsində nüfuz qazandırırlar", - deyə akademik İradə Hüseynova bildirmişdir.
O, son illər dünyada süni intellekt, robototexnika, canlı orqan çapı, nano və biotexnologiyalar, gen redaktəsi və digər sahələrdə əldə olunmuş yüksək nailiyyətlərdən bəhs edərək, hazırda sürətlə inkişaf edən elmin qarşısında texniki deyil, hüquqi, normativ və etik məhdudiyyətlərin dayandığını, bu baxımdan bioetik problemlərin də konfransın aktual mövzuları sırasında yer aldığını diqqətə çatdırmışdır. Akademik çıxışının sonunda müasir dövrlə səsləşən ideyalara malik olan, aktual elmi problemlərə həsr edilən beynəlxalq tədbirin elm və təhsilin inteqrasiyasına əhəmiyyətli töhfələr verəcəyinə də diqqət çəkmişdir.
Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri, Azərbaycanın Əməkdar elm xadimi, professor Qərib Mürşüdov tədbirdə onlayn şəkildə çıxış edərək bu kimi konfransların gənc tədqiqatçıların elmə marağının artırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Beynəlxalq tədbirdə həmçinin elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Novruz Quliyev, ABŞ-nin Emory Universitetinin Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camal Musayev, ABŞ-nin Nebraska Tibb Universitetinin Eppley Tədqiqat İnstitutunun Fred və Pamela Buffett Xərçəng Mərkəzinin professoru Tahir Tahirov, Böyük Britaniynın Oksford Universitetinin MRC Weatherall Molekulyar Tibb İnstitutunun professoru Uolter Bodmer, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Türkiyənin İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay, Almaniyanın Osnabrueck Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Rusiyanın Biologiyanın Fundamental Problemləri İnstitutunun professoru Tatyana Savçenko, Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, eləcə də Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva çıxış etmişlər.
Sonra konfrans işini plenar və seksiya iclaslarında davam etdirmişdir. Konfransa təqdim edilən 185 tezisin müəllifləri Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Cənubi Koreya, Çin, Macarıstan, Gürcüstan, Belarus, Qazaxıstan və s. kimi ölkələri təmsil etmişlər.
İclaslara 200-ə qədər yerli, həmçinin dünyanın 30-a yaxın ölkəsindən 100-ə yaxın alim və mütəxəssis qoşulmuş, 100-dən çox məruzə dinlənilmiş, 40-dan çox poster nümayiş etdirilmiş və onlar ətrafında geniş müzakirələr aparılmışdır.
E.QƏNİYEV,
"Azərbaycan"