12 Dekabr 2025 08:25
198
SİYASƏT
A- A+
Heydər Əliyev siyasəti: Azərbaycan dövlətçiliyinin təməl prinsipləri

Heydər Əliyev siyasəti: Azərbaycan dövlətçiliyinin təməl prinsipləri


Həyatda iz qoymuş elə insanlar var ki, onların ömür yolu və fəaliyyətləri həm də mənsub olduqları xalqların, təmsil etdikləri dövlətlərin qürur doğuran tarixidir. Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın dövlətçilik irsinin memarı Heydər Əliyev də məhz bu cür insanlar sırasında dayanan görkəmli tarixi şəxsiyyətdir. Anım günündə əziz xatirəsini bir daha ən böyük ehtiram və sevgi ilə yad etdiyimiz Ulu Öndərin bütün siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin şərəfli bir epoxasını təşkil edir. 

Tale Heydər Əliyevə Azərbaycana iki dəfə rəhbərlik etmək kimi məsuliyyətli bir missiya həvalə edib. Və hər iki missiyasında dahi şəxsiyyət öz fəaliyyəti ilə Azərbaycanı yenidən qurub, respublikamızı tənəzzüldən inkişaf yoluna çıxarıb. Hər iki rəhbərliyi illərində Heydər Əliyev Azərbaycanı böhranlardan xilas edib, xalqımızın şərəfli tarixini yazıb və yaradıb. 1969-cu ildən Azərbaycanda başlayan Heydər Əliyev siyasətinin hər bir mərhələsi tariximizə yalnız qürur doğuran həqiqətlərlə həkk olunub və Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də ölkəmizin yüksəliş və tərəqqi yolunun alternativi olmayan istinadgahıdır.

Tariximizdən məlumdur ki, neft ölkəsi olmasına, təbii sərvətlərlə zənginliyinə, böyük iqtisadi potensialına baxmayaraq, ötən əsrin 60-cı illərinə qədər Azərbaycan ittifaq miqyasında sadəcə aqrar respublika kimi tanınmışdı. Respublikamız bütün iqtisadi və sosial göstəricilərinə görə keçmiş ittifaq subyektləri arasında sonuncu yerlərdə qərarlaşmışdı. Hətta respublikada təhsilin səviyyəsi arzuolunan səviyyədə deyildi. Məhz belə bədbin reallıqlar şəraitində respublikaya rəhbər seçilən Heydər Əliyevin qısa müddətdə gördüyü işlər sayəsində Azərbaycan keçmiş ittifaqda yalnız daxili imkanları hesabına yaşamağa qadir olan 3-4 respublikadan birinə çevrilmişdi. Artıq ötən əsrin 70-ci illərində Azərbaycan ittifaq miqyasında inkişaf etmiş sənaye respublikası kimi tanınmağa başlamışdı. Başqa sözlə, Heydər Əliyev Azərbaycanı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə yüksəltmişdi. 

Heydər Əliyev öz xalqının milli-mənəvi dəyərlərinə son dərəcə bağlı şəxsiyyət olmuşdur. Hələ respublikamıza birinci rəhbərliyi dövrünü təhlil edəndə Ulu Öndərin bu istiqamətdə nə qədər cəsarətli addımlar atdığını görürük. Sovet ideologiyasının hakim olduğu bir rejimdə milli-mənəvi dəyərləri qabartmaq asan deyildi. Lakin Heydər Əliyev böyük müdrikliklə xalqımızın özünəməxsus dəyərlərinin yaddaşlardan itməməsi, gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etmişdir. 

Ötən əsrin 70-ci illərində Heydər Əliyevin respublikamızı inkişaf yoluna çıxarması elə bir atmosfer yaratmışdı ki, bu, həm də xalqımızın milli şüurunun oyanışına, milli dəyərlərimizin cəmiyyətdə daha çox qabardılmasına şərait yaratmışdı. Həmin dövrdə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması, kadr məsələsində milliyyətcə azərbaycanlıların önə çəkilməsi, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması, azərbaycanlı gənclərin təhsil üçün ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi, açıq fikirli yazıçı və şairlərimizin təqiblərdən qorunması və digər bu kimi məsələlər Heydər Əliyevin xalqın milli oyanışına xidmət edən vətənpərvər fəaliyyətinin göstəriciləri idi. 

Bütövlükdə həm Azərbaycana birinci dövr rəhbərliyi dövründə, həm də ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandakı fəaliyyəti illərində Heydər Əliyev dövlətə və xalqa layiqli xidmətin möhtəşəm tarixi nümunələrini yaratmışdı. Ona görə müstəqilliyimizin ilk illərində Azərbaycan dərin böhranlarla, tarixi sınaqlarla üz-üzə qaldığı dövrdə də xalqımız Heydər Əliyevə üz tutdu. 1992-ci ilin noyabr ayında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan ictimaiyyətinin Heydər Əliyevə olan inamının təzahürü idi. 

Xalqın çağırışına səs verərək 1993-cü ildə yenidən ölkədə siyasi hakimiyyətə gələn Ulu Öndər müstəqilliyimizi qorudu, dövlətçiliyimizi itirilməkdən xilas etdi. Azərbaycan adlı müstəqil bir dövlətin mövcudluğu bir sıra siyasi mərkəzlər tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev siyasi təcrübəsi ilə həmin siyasi mərkəzlərin respublikamızla bağlı həyata keçirməyə çalışdıqları bütün mənfur planları iflasa uğratdı. O cümlədən Heydər Əliyevin vahid komandanlıq əsasında yaratdığı Azərbaycan Ordusu nəinki Ermənistanın artan işğalçı hücumlarının qarşısını qətiyyətlə aldı, eləcə də Horadiz istiqamətində uğurlu döyüş əməliyyatları keçirərək, düşmənə ağır zərbə vurdu. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəsin elan olunması qarşıda duran strateji və dövlət quruculuğu ilə bağlı vəzifələrin sürətlə həyata keçirilməsi üçün əlverişli zəmin yaratdı.

Beləliklə, əgər Heydər Əliyev birinci rəhbərliyi dövründə Azərbaycanı keçmiş SSRİ-də qabaqcıllar sırasına çıxarmışdısa, ikinci rəhbərliyi dövründə müstəqilliyimizi və dövlətçiliyimizi qorumuş, müasir Azərbaycan dövlətini yaratmışdır. Heydər Əliyev həm də dövlətimizin etibarlı və sarsılmaz təməllərini  formalaşdırmışdır. Ulu Öndərin müəyyən etdiyi və Yeni Azərbaycan Partiyasının proqramında əksini tapan müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunların aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı kimi prinsiplər bu təməllərin əsasında dayanır. Bu ideoloji prinsiplərə söykənərək Azərbaycan inkişaf yoluna qədəm qoymuş, dünya birliyində özünə layiqli yer tutmuşdur. 

1993-2003-cü illərdə Azərbaycanın bütün problemlərdən xilas olaraq hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyması həm də belə bir həqiqəti təsdiq edirdi ki, heç bir siyasi proqram Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa alternativ ola bilməz. Başqa cür desək, ölkə ictimaiyyəti Heydər Əliyev siyasətinə heç bir alternativ görmürdü və bu, hələ 2003-cü ildə keçirilən prezident seçkilərində, xalqımızın İlham Əliyevin ətrafında səfərbər olmasında özünün aydın ifadəsini tapdı. Onu da qeyd edək ki, Heydər Əliyev görkəmli dövlət xadimi, təcrübəli siyasi strateq kimi özünün təcrübəsinə əsaslanaraq Azərbaycanın məhz İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün problemləri həll edəcəyinə, xalqımızın İlham Əliyevin liderliyi ilə tarixi nailiyyətlər qazanacağına inanırdı. Bu inam Ulu Öndərin 2003-cü ilin oktyabr ayının 1-də xalqımıza etdiyi müraciətdə də ifadə olunub.

Xalqımızın XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyevin siyasi irsi hər zaman öyrənməli siyasət məktəbidir. Çünki müstəqil dövlətimizin bərqərar edilməsinin və müasir dövlətçiliyimizin ideoloji prinsiplərinin və konseptual əsaslarının müəyyən edilməsi məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Ümummilli Lider Azərbaycanda xalqımızı bir məfkurə əsasında birləşdirən milli dövlətçiliyi ideoloji konsepsiya olaraq formalaşdırıb və bununla da Azərbaycanın suverenliyinin və davamlı yüksəlişinin sarsılmaz təməllərini yaradıb. 

Ötən 22 ildə Azərbaycan dövlətinin qazandığı bütün nailiyyətlər Heydər Əliyev yolunun davamıdır. Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeni dövrün çağırışlarına cavab olaraq zənginləşdirməsi Azərbaycana tərəqqi və yüksək sosial rifah bəxş edir. Azərbaycanın sınaqlardan çıxmış Heydər Əliyev dəyərləri və siyasi kursu işığında inkişafı beynəlxalq aləmdə ona böyük nüfuz qazandırır. Azərbaycan dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunduğu dövlət kimi tanınır, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində fəallıq göstərir. Heydər Əliyev yolu xalqımızın gələcəyinə istiqamətlənmiş, Azərbaycan dövlətinin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Bu siyasi kurs milli çağırışların qlobal çağırışlarla uzlaşdırılması əsasında varislik və təkamül yolu ilə inkişaf edir. 

 Bu dövrdə ölkəmizin iqtisadi həyatında tarixi intibah baş verib, inkişafın Azərbaycan modeli formalaşıb, vətəndaşların sosial rifahı yüksəlib, yoxsulluğun və işsizliyin səviyyəsi minimuma enib. Və bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolu layiqincə davam etdirilib, Ulu Öndərin ideyaları respublikamızın tərəqqisinə xidmət edib. Heydər Əliyev yolu siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışlar sistemidir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını təmin edir, onun vasitəsilə Azərbaycanın milli inkişaf strategiyasının istiqamətləri müəyyən olunur. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın bu günü və gələcəyi üçün aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmişdir. Bu yol Azərbaycanın sarsılmaz təməlidir. 

Prezident İlham Əliyev Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirərək Azərbaycanı regional proseslərin önündə gedən qabaqcıl dövlətə çevirib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan regionun real gücü, qlobal proseslərə töhfələr verən, əməkdaşlığa sadiq dövlət kimi tanınır. Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələri, habelə Orta dəhlizin inkişafına verdiyi mühüm töhfələr respublikamızı regional və qlobal siyasi-iqtisadi müzakirələrin fəal tərəfdaşına çevirmişdir. 

Təsadüfi deyil ki, Azərbaycan həm də dünyanın bütün siyasi qütbləri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bütün siyasi platformalarda ölkəmiz ehtiramla qarşılanır. Prezident İlham Əliyev isə dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanır. Bunun dövlətimizin başçısının avqust ayında dünyanın aparıcı siyasi-iqtisadi qütbləri olan ABŞ və Çinə səfərləri zamanı şahidi olduq. İlham Əliyev Avropada, türk dünyasında və Mərkəzi Asiyada da böyük nüfuza malikdir. Sentyabrda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası, oktyabrda Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Görüşü, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası, noyabr ayında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü bu nüfuzun nümayişi oldu. Həmin tədbirlərin hər biri Azərbaycanla əməkdaşlığa böyük marağın və Prezident İlham Əliyevin yüksək nüfuzunun növbəti təsdiqinə çevrildi. 

Heydər Əliyev yolunun, İlham Əliyev siyasətinin ən böyük hadisəsi əlbəttə ki, ərazilərimizin işğaldan və separatizmdən azad edilməsidir. Vaxtilə Ulu Öndər Heydər Əliyev Qarabağ probleminin ədalətli və ölkəmizin milli maraqları çərçivəsində həlli üçün etibarlı siyasi və hərbi təməllər formalaşdırdı. Prezident İlham Əliyev isə bu təməlləri daha da möhkəmləndirərək, xalqımızın yeganə ağrılı problemini qətiyyətlə yoluna qoydu. Artıq ərazi bütövlüyümüz təmin edilib, Qarabağda erməni separatçılığına son qoyulub. Böyük qürurla qeyd etməliyik ki, cənab İlham Əliyevin yaratdığı bu reallıqlar beynəlxalq səviyyədə tam qəbul edilir. Avqust ayında Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması, dekabrın 1-də ATƏT tərəfindən Minsk prosesinin və onunla əlaqəli strukturların ləğvinin tam başa çatdırılması  bunu təsdiq edir. Proseslər həm də onu göstərir ki, Prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsi kimi Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi də imzalanacaq.

Nail olduğumuz bütün bu uğurlar, o cümlədən keçmiş məcburi köçkünlərin hazırda Qarabağ və Şərqi Zəngəzura qayıdışları Heydər Əliyev ideyalarının  təntənəsidir və bütün bunlar Azərbaycanın böyük uğurları, ölkəmizin beynəlxalq birliyin aparıcı aktoru olduğunu göstərən amillərdir. Ulu Öndər də Azərbaycanı belə görmək istəyirdi. Ulu Öndərin anım günündə bütün bunlara nəzər salmaqla onu xatırlayır, əziz xatirəsini dərin ehtiram hissi ilə yad edirik. Və bir daha əmin oluruq ki, Heydər Əliyev yolu bundan sonra da davam edəcək, Azərbaycanı növbəti uğurlara aparacaq, yeni zirvələrə yüksəldəcək.


Mübariz QURBANLI,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 50 cinayətin açılması təmin edilib  

11:21
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

11:20
12 Dekabr

Azərbaycanla Böyük Britaniya arasında süni intellekt və kibertəhlükəsizliyə dair fikir mübadiləsi aparılıb  

11:19
12 Dekabr

Ulu Öndərin arzuladığı Azərbaycan  

11:11
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

10:40
12 Dekabr

Faktiki hava açıqlanıb

10:38
12 Dekabr

Azərbaycanın taleyini dəyişən lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi  

10:35
12 Dekabr

Heydər Əliyev fenomeni: dövlətçilik məfkurəsinin tarixi missiyası və müasir davamlılıq siyasəti

10:31
12 Dekabr

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

10:18
12 Dekabr

David Sumbadze: Yardımla bağlı məhdudiyyətlərin aradan qaldırılması bütün regionda əməkdaşlığın artmasına təkan verəcək

10:01
12 Dekabr

Gürcüstanla Azərbaycan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

09:25
12 Dekabr

Əriyən buzlaqlar - dağların "göz yaşı"

09:25
12 Dekabr

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram  

09:23
12 Dekabr

COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb

09:20
12 Dekabr

Dünya azərbaycanlılarının əbədi lideri

09:15
12 Dekabr

Heydər Əliyev və azərbaycançılıq ideologiyası

09:10
12 Dekabr

Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

09:05
12 Dekabr

Nadir şəxsiyyət, qüdrətli siyasi xadim

09:00
12 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin banisi

08:55
12 Dekabr

Ulu Öndər amallarından qüdrətli Azərbaycana

08:50
12 Dekabr

Dövlətçilik məfkurəsinin memarı

08:45
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!