"Nəriman
Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq
vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi
sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir.
Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq,
Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə
münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir.
O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə
xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi
ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı
ilə yanaşmışdır.
Nəriman
Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti
məhz Ulu Öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq
bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin
təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin
yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin
təşəbbüskarı Ümummilli Lider Heydər Əliyev olmuşdur”
(Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Nəriman Nərimanovun 150 illik yubileyinin
qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli sərəncamından)
Azərbaycanın görkəmli yazıçısı, dövlət və
ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.
AZƏRTAC bu münasibətlə filologiya elmləri doktoru, professor Teymur Əhmədovun "Heydər
Əliyev: "Nəriman Nərimanov bu gün də bizimlədir” sərlövhəli məqaləsini təqdim edir.
Nəriman Nərimanov ömrünü müsəlman Şərqinin
azadlığı və xalq işi uğrunda mübarizəyə həsr etmişdi.
1920-ci ildə Nəriman Nərimanov Moskvada Zaqafqaziya
müsəlmanları şöbəsinin müdiri, bir neçə aydan sonra isə RSFSR Xalq milli işlər komissarının
müavini vəzifəsində çalışarkən dövlət başçısı V.İ.Lenin onun sözlərinə xüsusi qayğı
və həssaslıqla yanaşırdı. Çünki N.Nərimanovun ehtiyatlı məsləhətlərində və xəbərdarlıqlarında
Şərq xalqlarının böyük dərdçəkəninin, beynəlmiləlçi ictimai xadiminin humanizmini
görür, onun sözlərinə etimadla yanaşırdı.
Nəriman Nərimanov öz odlu qəlbini məşələ
çevirmək, məzlum Şərq xalqlarını əsarətdən xilas etmək arzusu ilə yaşayırdı. Heç
təsadüfi deyildir ki, ölümündən bir qədər əvvəl o, Şərqə müraciətlə yazırdı: "Ey
Şərq, ey bəşəriyyət əzəli, sənin yolunda yansam, əzablara düşsəm də idealımdan dönən
deyiləm. Hamı şahiddir ki, sənin yolunda ömrümü sərf etdim, hərgah can verən bir
loğman tapılsaydı, həyatımı 30 il də sənə verərdim”.
Sovet hökuməti ilə diplomatik əlaqə yaradan
ilk xarici dövlətin, Əfqanıstanın səfirini Moskvada N.Nərimanov qarşılamış, sovet
diplomatiyası tarixində ilk dəfə ona Azərbaycan dilində müraciət edərək salamlamışdı.
Nəriman Nərimanov bildirmişdir ki, "onun azərbaycanca nitq deməsi Sovet Rusiyasında
bütün millətlərin bərabər və azad olmasına bir sübutdur”. İ.V.Stalin Hindistan elçisi, müsəlman professor Prasadla
danışıqlar aparmağı da N.Nərimanova tapşırmışdı.
Gənc Sovet
Rusiyası ilə Yaxın Şərq ölkələri arasında diplomatik əlaqənin yaradılması, Rusiya
inqilabının və əhəmiyyətinin Şərq xalqlarına çatdırılması böyük inqilabi sayıqlıq,
diplomatik hünər və ehtiyatlılıq tələb edirdi. N.Nərimanov bu vəzifələri görkəmli
dövlət xadiminə xas olan bacarıqla yerinə yetirirdi. Onun İran, Türkiyə, Əfqanıstan,
Hindistan, Misir və başqa Şərq ölkələri xalqlarına müraciətləri mühüm sənədlər idi.
N.Nərimanov məsələlərin həllində Leninin müdrik məsləhətlərinə və göstərişlərinə
əsaslanırdı.
1920-ci il
aprel ayının 8-də KP Mərkəzi Komitəsinin qərarına əsəsən Ümumqafqaz rəhbər partiya
orqanı - Qafqaz bürosu yaradıldı. V.İ.Leninin təklifi ilə N.Nərimanov PK (b) P MK-nın
Qafqaz Bürosu heyətinə daxil edildi.
Azərbaycan
KP Mərkəzi Komitəsi 1920-ci il aprelin 27-də silahlı üsyana rəhbərlik etmək üçün
Müvəqqəti Hərbi İnqilab Komitəsi yaratdı. N.Nərimanov qiyabi olaraq Müvəqqəti Hərbi
İnqilab Komitəsinin sədri seçildi.
1920-ci ilin
mayında Bakıda çətin şəraitdə işə başlayan N.Nərimanov V.İ.Leninə göndərdiyi teleqramında
yazırdı:
"... Mənim
şəxsimdə əhali Sovet Rusiyasını səmimiyyətlə alqışlayır və əmin olur ki, Sovet Rusiyası
gənc müstəqil Sovet Azərbaycanına möhkəmlənməkdə kömək edəcəkdir”.
N.Nərimanov
müstəqil Sovet Azərbaycanında təcili həll olunacaq məsələlərdə V.İ.Leninin köməyinə
arxalanır, teleqram, məktub və xüsusi kuryer vasitəsilə onunla sıx əlaqə saxlayırdı.
N.Nərimanov
Azərbaycanda nümunəvi müstəqil dövlət quruculuğunun möhkəm təməlini qoymaqla, Şərqə
pəncərə açmaq istiqamətində, çətinliklə də olsa, çox əhəmiyyətli işlər görürdü.
Lakin V.İ.Leninin səhhətinin ağırlaşması, İ.V.Stalinin hakimiyyətə sahiblənməsi
N.Nərimanovun böyük missiyanı həyata keçirməsinə, dövlətin siyasi kursunda dəyişikliyə
ciddi təsir göstərdi.
Xalqların
birliyi, həmrəyliyi, qarşılıqlı əməkdaşlığı, hüquq Bəyannaməsi və sairə haqqında
qəbul olunmuş dövlət qərarları kağız üzərində qaldı. N.Nərimanov oğlu Nəcəfə məktubunda
Kremldə hərc-mərclik, özbaşınalıq, didişmə yarandığından sovet hakimiyyətinin dağılacağından
narahatlığını bildirirdi. Bu uzaqgörənlik gec də olsa baş verdi.
N.Nərimanova
böyük missiyanı həyata keçirməyə imkan vermədilər. Ölümündən sonra Sovetlər Birliyində
70 il N.Nərimanovu doğma xalqına unutdurmağa çalışdılar.
* * *
Azərbaycan
KP MK-nın I katibi Heydər Əliyevin öz çıxışlarında söylədiyi fikirləri xatırlatmaq
istərdim:
"1970-ci ildə
Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi
ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir
çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu
söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik”.
1970-1972-ci
illərdə Moskvaya göndərilən şikayət məktubları əsasında Moskvadan Bakıya yüzlərlə
sorğu məktubları göndərilirdi. Akademik Cəmil Quliyev gecə-gündüz arxivlərdən sənədləri
axtarıb tapır, dərhal Heydər Əliyevə təqdim edirdi. Hər gün Moskvaya Kremlə cavab
məktubları göndərilirdi.
Heydər Əliyev
yazırdı: "Brejnev və Suslovla bu barədə söhbət etdik, amma onlara Nərimanovla əlaqədar
yanlış məlumat çatdırılmışdı. O zaman Azərbaycan Sov.İKP MK-nın Birinci katibi Heydər
Əliyev həm də Sov.İKP Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Ona görə də
Sov.İKP-nin Mərkəzi Komitəsinin ən məxfi sənədləri arasında Sov.İKP(b) Siyasi Bürosunun
1923-cü il 15 noyabr tarixli iclasının "ən məxfi” qrifli qərarını tapıb üzə çıxarmışdı.
Yaroslavskinin rəhbərliyi ilə Bakıya göndərilmiş yoxlama komissiyasının nəticələri
və Nərimanovun ərizəsi əsasında Siyasi Büro qərar çıxarmışdı: 1) Münaqişə bitmiş
hesab olunsun; 2) Nərimanov yoldaş Mərkəzi Komitənin etibarını bütünlüklə qazanmışdır;
3) Nərimanov yoldaşdan xahiş olunsun ki, istefa ərizəsini geri götürsün”.
Bu mənəvi
əzab-əziyyət, sarsıntı iki il çəkdi. Heydər Əliyev xalqın mənəvi köməyi ilə dirəniş
göstərdi. Çox mübarizə apardı, iki il çarpışa-çarpışa istədiyinə nail oldu, Mərkəzi
Komitənin Siyasi Bürosunda Nərimanovun anadan olmasının 100 illik yubileyinin
1972-ci ildə keçirilməsi qərara alındı.
1972-ci ildə
Heydər Əliyev Nərimanovun heykəlinin açılışındakı çıxışında demişdir: "Nəriman Nərimanov
bu gün də bizimlədir. O özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları
üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və
tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır,
xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli
dəstələrini diqqətlə gözdən keçirir”.
Heydər Əliyev
Rusiyada Nərimanovun adının əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Həştərxan
vilayətinin Nərimanov şəhərində Nərimanovun heykəli ucaldılmışdır. Ulyanovski şəhərində
Nərimanov prospektində (1977-ci ilin dekabrında) Nərimanovun abidəsinin açılışında
izdihamlı mitinqdə Heydər Əliyev çıxış etmişdir. Həmin il Bakıda Nərimanovun xatirə
muzeyi açılmışdır.
Heydər Əliyevin
misilsiz xidmətlərindən biri də odur ki, sovet hakimiyyəti dövründə, millətçi-təmayülçü
kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən, unudulmağa məhkum edilən
Nəriman Nərimanova əbədiyaşarlıq, mənəvi ölməzlik verdi, onu xalqa qaytardı, tariximizdə
boşluğu bərqərar etdi.
Beləliklə,
vətənini, xalqını, tarixini sevən millətin qeyrətli vətəndaşları Heydər Əliyevin
dahiyanə xidmətini minnətdarlıqla yad edirlər.
* * *
Mütəfəkkir
yazıçı Cəlil Məmmədquluzadə nurani, ağsaqqal Molla Nəsrəddin əbasında, əlində əsa
xalq arasında "Sizi deyib gəlmişəm” deyə öz həmvətənlərinə pənah gətirmişdi ki,
Vətəni zülmətdən işıqlığa çıxarsın. XX yüzilliyin astanasında ictimai-siyasi aləmin
yeni oyanış dövrü başlanmışdı. Bu inqilabi hərəkatın qüdrətli dalğaları gücləndiyi
bir vaxtda "Molla Nəsrəddin” ədəbi-siyasi məcmuəsini, Cəlil Məmmədquluzadənin təbirincə
desək, həyat özü, zamanın özü yaratmışdı. Və onun idealı da bu olmuşdu ki, Azərbaycan
məmləkətində millət oyansın, inqilab ab-havasında öz torpağına sahib olsun, əkib-becərdiyindən
özü bəhrələnsin. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə,
Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə kimi onlarla hünərvər demokratik ziyalıların
da idealı Azərbaycanı müstəqil, buxovlardan azad, məsud və xoşbəxt görmək idi. Bu
gün anadan olmasının 150 illiyində xatirəsi əziz tutulan Nəriman Nərimanovun yaşadığı
qısa ömründə (əlli beş ildə) vətən üçün, xalq üçün necə qəhrəmanlıqla çalışmasını
minnətdarlıqla yad edirik.
Nəriman Nərimanov
keçən əsrin 90-cı illərində taleyini Azərbaycanın mədəni mərkəzi Bakıya bağladığı
ilk günlərdən çoxcəhətli ictimai fəaliyyətə başlamışdı. O, bütün şüurlu həyatını
Azərbaycanın səadəti yolunda mübarizəyə həsr etməyə and içmişdi. Nərimanov son nəfəsinə
qədər müqəddəs andına sadiq qaldı.
Nəriman Nərimanov
müasirimizdir. O, öz sözü-söhbəti, əməlləri ilə bu gün də yaşayır və ümumxalq işimizə
kömək edir. Nərimanovun sözü ilə əməli bir olduğuna görə başı çox bəlalar çəkdi,
lakin əyilmədi. Qəlbində xalqına olan böyük məhəbbəti qeyri-bərabər mübarizələrdə
ona dayaq oldu. Büllur saflığın təcəssümü Nəriman Nərimanov təkcə Zaqafqaziyada
deyil, bütün Şərq ölkələrində əməkçi müsəlman xalqlarına azadlıq və istiqlaliyyət
yolunu göstərdi. "Bəşəriyyətin geri qalmış hissəsinə” bacardığı qədər kömək etməyi
özünə həyat məqsədi seçən Nərimanov realist və inqilabi-demokratik ədəbiyyatın yaradıcılarından
biri, faciə janrının banisi, gözəl nasir, qüdrətli publisist, teatr xadimi, qayğıkeş
müəllim, həkim, mətin inqilabçı, dövlət xadimi olmuşdur. Azərbaycan ictimai fikrinin
bahadırı Nərimanovun odlu məşəl kimi yanan qəlbinin döyüntüləri bu gün həmişəkindən
daha aydın eşidilməkdədir. Xalqın birliyi və suverenliyi, müstəqil Azərbaycanın
bütün Şərqə nümunə olması onun ideallarının tacı idi. O, həqiqi beynəlmiləlçi kimi
tarixən ayrılmaz tellərlə bağlı xalqların əlaqəsini qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıqda
görürdü. Ona görə də birinci növbədə millətin özünü tanımasını, öz hüququnu dərk
etməsini başlıca amil hesab edirdi. Nərimanova görə, dilin, məktəbin, mətbuatın
və ədəbiyyatın milli məzmunu hürriyyətə bağlıdır. Onsuz heç bir millət özünü tanıyıb
hüququnu qoruya bilməz.
Nərimanov
məmləkət üçün işləyən hər kəsdən birinci növbədə vətənpərvərlik tələb edirdi. Onun
fikrincə, "vətənin qədrini o kimsə bilər ki, vətən ilə ruhani rabitəsi olsun, vətən
ilə bir yerdə ağlasın, bir yerdə gülsün”. Bu baxımdan çox zaman bəxtimiz gətirmir,
ona görə də başımıza olmazın müsibətlər gəlir, bəlalara düçar oluruq. Lakin təsəllimiz
xalqımızın ictimai-siyasi hadisələrə fəal münasibəti, yeni təfəkkür tərzi və dirçəlişidir.
Nərimanovun vəsiyyətləri bütün keçilməz maneələrə, çətinliklərə qarşı mübarizədə,
birlik və suverenliyin tam bərqərar olmasında xalqımızın yoluna nur çiləyən sönməz
məşələ çevrilmişdir.
"Əziz oğlum,
əgər mənim həyatımı öyrənsən, yəqin edərsən ki, hər halda 1925-ci ilədək başqaları
üçün yaşamışam...”.
"Mənim əziz
Nəcəfim! Hökmranlıq dalınca qaçma, o, adamı korlayır. Bir adama yaxşı bələd olmaq
istəyirsənsə, onun bütün daxili aləmini, yaxşı, pis cəhətlərini bilmək istəyirsənsə,
həmin adamı bir müddət hakimiyyət başına qoy; o, bütün ləyaqət və nöqsanlarını özü
aşkar edəcəkdir. Əgər sən buna, yəni kütləni yalansız və riyasız öz ardınca aparmağa
hazır deyilsənsə, ondan imtina etməyin daha yaxşıdır...
Amma kütlə
səni qiymətləndirirsə, sənin rəhbərlikdə iştirakını zəruri sayaraq, sənə etibar
edirsə və sən də bu etimadın müqabilində ümumi işə həqiqətən fayda gətirə biləcəyinə
əminsənsə, imtina etmə. Ancaq bir şərtlə: kütlənin istəyinin məcburiyyət nəticəsi
deyil, könüllü olduğunu dərk edirsənsə. Əgər xəyalında zərrə qədər şübhə olsa ki,
səni, kim tərəfindən olursa-olsun, zorla seçirlər, yaxşısı budur ki, imtina et.
Əks-təqdirdə sən nəinki kütlə arasında, həm də vicdanın qarşısında ləyaqətini itirərsən.
Ləyaqətinə görə deyil, məcburiyyət nəticəsində hakimiyyət başında olduğunu hər dəfə
dərk edəndə, sən məlum bir vicdan əzabı çəkəcəksən, getdikcə hörmətin nəinki kütlənin,
hətta öz gözündən də düşəcək...”.
Nərimanov
Azərbaycanın gələcək xoşbəxtliyi üçün gənc nəslin düzgün, zamanın tələbinə uyğun
təlim-tədrisinə diqqət yetirməyi müəllimlərin qarşısında təxirəsalınmaz vəzifə kimi
irəli sürürdü. O, müəllim kimi yeni cəmiyyətə qədəm qoyan pedaqoji məktəbin ilk
məzunlarına tövsiyələrlə müraciət edir. Onlara bütün çətinliklərə dözərək gənc nəsli
zəhmətə alışdırmağa, cəsur, dəyanətli, doğruçul, sədaqətli vətəndaş kimi tərbiyə
etməyə çağırırdı. Nəriman Nərimanov Azərbaycanı Şərq üçün bir məktəb səviyyəsində
görmək arzusunda idi. O deyirdi:
"Əziz yoldaşlar!
Təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin, ağır,
məsuliyyətli bir vəzifədirsə də, bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan
bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən istərdim, siz gələcək həyatınızda
üç məsələyə diqqət edəsiniz:
Sizin tərbiyənizdə
olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar, yəni başqasının yox, öz zəhmətinin
qüvvəti ilə ehtiyaclarını rəfedici olsunlar. Bunun üçün balalara təbiəti sevdirmək,
onları təbiətin əlamətləri ilə maraqlandırmaq lazım gəlir.
Sizin tərbiyənizdən
çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən
ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün "qatığa qara” deməsinlər.
Amandır, yoldaşlar!
Buna yaxşı fikir veriniz. Mənsəbdən ötrü yalan söyləyən, gündə vicdanını satan ikiüzlü
adamlar - bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima
əlaqədar olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki
uşaq gördüyünü tez götürər.
Biz iddiamızdan
əl çəkmirik: Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalarsa,
biz ona hər cəhətdən müəllim olacağıq...
Ona binaən
dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə
salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə
ümid bağlayıb məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm”.
XX əsr Azərbaycanın
ictimai-siyasi fikir tarixində Nəriman Nərimanovun xidmətləri danılmazdır. Onun
doğma xalqı, vətəni uğrunda mübarizəsini, ədəbi fəaliyyətini əks etdirən monoqrafik
əsərlər az yazılmamışdır. Lakin yüz ildən çox keçməsinə baxmayaraq, N.Nərimanovun
ictimai-siyasi fəaliyyəti barədə subyektiv mülahizə söyləyənlər tapılır. Bunun başlıca
səbəbi real tarixi hadisələr, hər hansı ictimai-siyasi xadimin fəaliyyəti tarixilik
baxımından, yəni dövrü, şəraiti dərindən öyrədilmədiyinə görə baş verir. Əgər araşdırmaçı-alim
xüsusi tədqiqat aparmadan bir problem barədə fikir söyləmək istəyirsə, mövcud ədəbiyyata,
mötəbər sayılan elmi-monoqrafik əsərlərə müraciət edə bilər. Əks halda tarixi hadisələrə
müxalif təfəkkürlə birtərəfli, subyektiv yanaşmaqla yanlış yola düşə bilər.
Azərbaycan
müxalifətinin və doğma xalqına qarşı cinayət törədib xaricdə ömrünü çürüdən dönükləri
təəssüf doğurur.
"Ucqarlarda
inqilabımızın tarixinə dair”, "V.İ.Leninə məktub”, "Oğlum Nəcəfə məktub”, "Qarabağ
məsələsinə dair sənədlər” tarixi materialları və zəngin publisistik məqalələr müəllim,
yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovu Azərbaycan xalqının qeyrətli,
təəssübkeş, fədakar oğlu kimi səciyyələndirir. Onun vətən, xalq taleyi uğrunda təkbaşına
ölüm-dirim mübarizəsi aparmasını, pərvanə kimi özünü oda atdığını sübut edir.
Burada "Qarabağın
taleyi” ilə əlaqədar bir hadisəni xatırlatmaq istəyirəm: 1921-ci il iyulun 4-də
RKP MK Qafqaz bürosu plenumunda Stalin, Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov,
Kirov, Nazarapetyan, Oraxelaşvili və Fiqatner Qarabağ məsələsini müzakirə edirlər.
Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək qərara alınır. Nəriman Nərimanov
bu qərara etiraz edir, "Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə
alaraq onu RKP MK-nın qəti qərarına keçirilməsini” təkid edir. Bununla da kifayətlənməyib
Leninə zəng vuraraq qəti etirazını bildirir.
Ertəsi gün
5 iyul 1921-ci ildə Qafqaz bürosu plenumu həmin tərkibdə toplaşaraq Qarabağ haqqında
qərara yenidən baxmalı olur. Nəticədə Dağlıq Qarabağın Azərbaycan SSR-in hüdudlarında
saxlanması qərara alınır (bax: Nəriman Nərimanov. "Məktublar və Qarabağ məsələsinə
dair sənədlər”. B., 2002, səh. 88-92).
Nəriman Nərimanov
Mərkəzi Komitəyə göndərdiyi "Ucqarlarda inqilabımızın tarixinə dair” məxfi məktubunda
ermənilərin Dağlıq Qarabağdan əl çəkmədiklərini ciddi tənqid edir. O, İ.V.Stalinə
açıq-aşkar yazır ki: "Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir”.
"Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir.
Mənim vaxtımda bu mümkün olmamışdı...”, "Mirzoyan erməni daşnak müəllimlərinin köməyi
ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi... Mənim zərrə
qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar
etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır” (orada, səh. 75). Nəriman
Nərimanov Dağlıq Qarabağın ermənilik və xristian təəssübkeşlər qaragüruhu tərəfindən
Ermənistana birləşdirilməsinə imkan vermədi. O vaxt belə bir cəsarəti ancaq xalq,
vətən yolunda böyük bir şəxsiyyət edə bilərdi.
Xatırlatdığım
bu məsələ Nəriman Nərimanovun mübarizəsi və mövqeyi barədə aydın təsəvvür yaradır.
Azərbaycan
xalqının böyük oğlu Nəriman Nərimanovun büllur, saf şəxsiyyətinə heç kəs kölgə sala
bilməz. O, əbədiyaşardır.
Milli dəyərlərimizin
hamisi Heydər Əliyev öz çıxışlarının birində demişdir:
"Şəxsiyyətləri
itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd
Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da. Ancaq son zamanlar
Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana
düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz.
...Nəriman
Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük
siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin
xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur... Tarixi təhrif etmək
olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir. Onu çaşdırırlar. Buna son qoymaq
lazımdır. Gələcəkdə buna yol vermək olmaz...
Nəriman Nərimanov
elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi
irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir”.
* * *
Nəriman Nərimanov
şərəfli, ibrətamiz ömür yolu keçmişdir. O, bütün həyatı boyu ürəyini məşələ çevirib
bəşər övladının məsud, əmin-aman, müstəqil yaşaması uğrunda mübarizə aparmışdır.
Nəriman Nərimanov
Kərbəlayi Nəcəf oğlu 1870-ci il aprelin 14-də Gürcüstanda Tiflis şəhərində anadan
olmuşdur. Tiflis ruhani məktəbində ibtidai təhsil almışdır (1879-1885). Zaqafqaziya
(Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir (1885-1890). Tiflis
quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlamışdır
(1890-1891). Bakıda Pobedonostsevin şəxsi progimnaziyasında (sonra imperator III
Aleksandr adına Bakı kişi gimnaziyasında) müəllim, müfəttiş işləmişdir. İlk xalq
qiraətxanası açmışdır (1894). "Nadanlıq” (1894), "Şamdan bəy” (1895), "Nadir şah”
(1899) pyeslərini, "Bahadır və Sona” (1896-1908) romanını nəşr etdirmişdir. Eyni
zamanda "Tərcüman”, "Kaspi” qəzetlərində ilk məqalələrini dərc etdirir. Bu dövrdə
N.V.Qoqolun "Müfəttiş” komediyasını doğma dilə çevirir (1892), məktəblilər üçün
dərsliklər tərtib edir: "Türk Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, "Müsəlmanlar
üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, "Müəllimsiz türk dilini
öyrətməkdən ötrü ruslar üçün asan kitabça” (1891-1900). Müəllim və aktyor kimi tanınır
(1891-1902). Odessa şəhərində Novorossiya İmperator Universitetinin tibb fakültəsində
təhsil alır (1902-1908). Burjua-demokratik inqilabi hadisələri ilə əlaqədar universitet
müvəqqəti bağlandığı zaman (1905-ci ilin payızından 1906-cı ilin sonlarınadək) Bakıda
"Hümmət” təşkilatına daxil olur. "Nicat” maarif cəmiyyətində teatr və konsert tamaşaları,
ədəbi dərnəklər təşkil edir. İran sosial-demokrat təşkilatının yaradıcılarından
biri kimi ictimai-siyasi və publisistik fəaliyyəti ilə İran inqilabına kömək edir.
RSDFP məramnaməsini
Azərbaycan dilində tərcümə edir. Qafqaz müsəlman müəllimlərinin I qurultayının təşkili
və keçirilməsində ciddi çalışır (1906, 15 avqust), "Həyat”, "İrşad” qəzetlərində
"Nər”, "Arı bəy” imzaları ilə felyeton, siyasi-publisist və ədəbi tənqidi məqalələr
çap etdirir. Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirdikdən
sonra Bakı səhərində müalicəxana açmaq istəsə də, icazə verilmir (1908). İran inqilabçılarına
yaxından kömək məqsədilə Tiflisə gedib orada işə düzəlmək istəyir (1909). Təqib
olunduğundan həmin il mart ayının 1-də həbs olunur (1909, sentyabr). İlk gündən
burada həkimlik etməsi, "Xolera-vəba”, "Çixotka-vərəm”, "Aləmi-nisvan”, "Tibb və
İslam”, "Əyyaşlıq” mövzularında mülahizələr oxuması onu xalq həkimi kimi tanıdır.
"Bührani-tərəqqi”, "İdel”, "Prikaspiyski kray” qəzeti redaksiyaları ilə sıx əlaqə
saxlayır, elmi-publisistik məqalələrlə çıxış edir. "Ümumrusiya vərəmə qarşı mübarizə
cəmiyyəti” Həştərxan şöbəsinin üzvü kimi "Ağ çiçək” həmrəylik mərasiminin təşkili
və keçirilməsində fəal çalışır. İnqilabçı-demokrat tatar şairi Abdulla Tukayla şəxsən
tanış olur (1911). Professor İ.İ.Meçnikovu "Şurayi-islam” cəmiyyətinin ziyalıları
adından təbrik edir, onun vərəmə qarşı mübarizəsində köməkliyini əsirgəmir. Həştərxan
Xalq Universitetinin sədri seçilir (1912-1913). Sürgündən sonra Bakıya qayıdıb
"Qara şəhər”də xəstəxana müdiri vəzifəsinə işə düzəlir. İctimai və ədəbi fəaliyyətini
gücləndirir. Bədii əsərlərini yenidən nəşr etdirir. Dövri mətbuatda ədəbi-publisistik
məzmunlu məqalələrlə çıxış edir. "Xalq evi” cəmiyyəti idarə heyətinin üzvü, "Qənaət”
kooperativi idarə heyətinin sədri seçilir. Gizli inqilabi fəaliyyətini leqal ictimai
fəaliyyətlə əlaqələndirir. Fəhlələrin Rusiya imperiyası hakimiyyətinə qarşı mübarizəyə
hazırlanmasında ciddi işlər görür. "İqbal”, "Bəsirət”, "Açıq söz” və s. qəzetlərdə
"Arı bəy”, "Nər”, "Doktor N.Nərimanov” imzaları ilə tibbə dair elmi-kütləvi məqalələr,
ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini çap etdirir (1913-1916). "Tənqid
gecələri” ədəbi dərnəyi təsis edir. Bu məclisdə yeni çıxan əsərlər müzakirə olunur
(1914). Bolşevik "Hümmət” təşkilatı komitəsinin sədri və RSDF (b) II Bakı komitəsinin
üzvü seçilir. "Hümmət” bolşevik qəzetinin "El həyatı” jurnalının baş redaktoru olur
(1917-1918). Şəhər dumasına və Müəssislər məclisinə namizəd göstərilir (1917). Bakı
Xalq Komissarları Sovetinin tərkibində şəhər təsərrüfatı komissarı kimi çalışır
(1918). Bakı qəza kəndli deputatları Sovetinin I qurultayının təşkilatçılarından
biri kimi tanınır. Ağır xəstələndiyinə görə 1918-ci ilin iyun ayında Həştərxanda
Tinaki palçıq müalicəxanasında müalicə olunur. Çox çəkmir ki, Həştərxanda ictimai-siyasi
fəaliyyətini davam etdirir. Burada Həştərxan vilayətinin müsəlman işləri üzrə hərbi-siyasi
komissarlığının səhiyyə şöbəsinin rəhbəri, Həştərxan quberniya maarif şöbəsinin
müdiri, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifələrində çalışır.
Moskvaya çağırılır. RSFSR Xalq Xarici İşlər Komissarlığı
Yaxın Şərq şöbəsinin müdiri, həm də Xalq milli işlər komissarının müavini təyin
olunur. Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü kimi ona Zaqafqaziya müsəlmanlarının
işləri üzrə komissar vəzifəsi həvalə edilmişdir. Azərbaycanda Sovet hakimiyyətinin
qələbəsi ərəfəsində Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-nin
sədri seçildi (1920, 7 aprel). Şərq xalqlarının birinci qurultayının hazırlanması
və keçirilməsində fəal iştirak etmişdir (1920, sentyabr). "Şərq xalqlarının təbliğat
və fəaliyyət Şurası” tərkibinə seçilmişdir. Zaqafqaziya Federasiyası İttifaq Sovetinin
sədrlərindən biri olmuşdur. RK (b) XII-XIII qurultaylarında MK üzvlüyünə namizəd
seçilmişdir. İtaliyada, Beynəlxalq Genuya konfransında sovet nümayəndə heyətinin
tərkibində olmuşdur (1922). SSRİ MİK sədri seçilmişdir (1922, dekabr). Ölkə daxilində
ən mühüm dekret, qərar və müraciətnamələrin, eləcə də xarici siyasət tədbirlərinin
hazırlanmasında və həyata keçirilməsində fəal çalışmışdır. Şərqşünaslıq Elmi Cəmiyyətində
və onun "Novıy Vostok” jurnalında əməkdaşlıq etmişdir.
1925-ci il martın 19-da Moskvada qəflətən
ürək partlamasından vəfat etmiş, martın 23-də orada Kreml divarları qarşısında dəfn
olunmuşdur. Onun vəfatı ilə ölkənin bütün dövlət idarələrində iş dayandırıldı.
23 mart matəm günü elan edildi. Hər yerdə dövlət bayraqları 5 dəqiqəliyə endirildi,
toplardan yaylım atəşi açıldı.
Moskvada Şərqşünaslıq İnstitutu uzun müddət
onun adını daşımışdır. Moskvada, Bakıda, Həştərxanda, Ulyanovskda, Marneulidə, SSRİ-nin
digər şəhər və rayonlarında adına küçə, meydan, məktəb və s. verilmiş, bir sıra
yerlərdə abidəsi ucaldılmışdır. Moskvada yaşadığı binada qranitdən barelyef portreti
təsvir olunan xatirə lövhəsi, Tbilisidə və Bakıda xatirə muzeyi açılmışdır. Onun
haqqında bədii və sənədli filmlər çəkilmiş, ədəbi musiqi, rəssamlıq əsərləri yaradılmışdır.
Nəriman Nərimanovun həyat salnaməsi onun
ictimai-siyasi və dövlət xadimi, ədib, müəllim, həkim kimi çoxcəhətli fəaliyyəti
haqqında təsəvvür yaradır. Onun titanik zəhmətinin istiqaməti, idealı Şərq xalqlarını
əsarətdən xilas etmək, istiqlal yoluna, xoşbəxtliyə qovuşdurmaq olmuşdur.