07 May 2025 08:05
1095
SİYASƏT
A- A+
Heydər Əliyev epoxası

Heydər Əliyev epoxası


Tarix, şəxsiyyət və xalq anlayışları arasında belə bir qızıl asılılıq aksiomu mövcuddur: tarixi məhz dahi şəxsiyyətlər öz işıqlı əməlləri ilə yazır və tarixdə yaşayırlar. Nadir şəxsiyyət və dühanın tarixi məhvərindən dəyişə bilməsi üçün isə tarixi zərurətin yaranması mütləqdir, labüddür. Hər hansı bir xalqın var oluşu isə bilavasitə onun lider yetirə bilməsinə, o lideri müəyyən tarixi situasiyalarda qoruyaraq ətrafında birləşə bilməsinə bağlıdır. 

Hər bir xalqın böyüklüyü, tarixinin möhtəşəmliyi onun yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bilavasitə bağlıdır. "Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firavanlıq içində yaşaması üçün çox işlər görmüşdü. 

XX əsrin sonuna yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı  məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu böyük insan təkcə öz ömrünün, bir insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. 

Azərbaycan xalqı may ayının 10-nu - dahi şəxsiyyətin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir. 102-ci ildönümü ərəfəsində olduğumuz böyük öndərin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz nuruna bürüyür. Heydər Əliyev şəxsiyyəti tariximizdə, milli siyasi təfəkkürümüzdə çox böyük məna yükü daşıyan fenomenə çevrilibdir. 

Qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan Ulu Öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyar, prinsip dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının Ümummilli Lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş Ulu Öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir demokratik Azərbaycanın ən yeni tarixinin yaradıcısı və müəllifidir. Tarixi yaradan, onun gedişinə müsbət təsir göstərən, tarixdə iz qoyan şəxsiyyətlər yüzilliklər boyu yadda qalır. Heydər Əliyev Azərbaycanın və dünyanın ən görkəmli siyasətçilərindən biridir. Onun fəaliyyəti təkcə siyasətlə məhdudlaşmırdı. Hərtərəfli şəxsiyyət olan Heydər Əliyev həm tarixçi, həm memar, həm iqtisadçı idi. O, mədəniyyəti və mədəni dəyərləri çox yüksək qiymətləndirərək, milliliyə böyük önəm verərək adət-ənənələrin qorunub saxlanılmasında əvəzsiz işlər görmüşdür.

Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşunu, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan  Ümummilli Lider Heydər Əliyevin qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.

Ulu Öndərin  gərgin zəhməti nəticəsində Azərbaycan  onun hakimiyyətinin birinci dövründə - 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi.  Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. 

Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikaları sırasında öncül yerlərdən birini tutmasına gətirib çıxartdı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. 

Heydər Əliyev ittifaq dövlətinin rəhbərliyində işlədiyi beş il ərzində də dünya siyasətinin ən nüfuzlu nümayəndələri sırasında özünə layiqli yer tutdu, vətənimizin və xalqımızın şərəfini yüksəklərə qaldırdı. Məhz bu baxımdan  öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxdı.

Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir. Bu mənada Ulu Öndərin fəaliyyəti ilə təkcə ittifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməli, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının bünövrəsi qoyuldu. Onun ikinci hakimiyyəti illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu Öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.

 Ulu Öndər ilk növbədə çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. O, Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaratdı. 

Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası  isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kampaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi,  iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ulu Öndərin atdığı qətiyyətli addımlar sayəsində 1994-cü ildə  imzalanmış  "Əsrin müqaviləsi" ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. "Əsrin müqaviləsi" bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.

1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi.

Ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Beləliklə də, Ulu Öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin Prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır. Azərbaycanın iqtisadi-sosial və siyasi-hüquqi sisteminin qurulmasında olduğu kimi, demokratik inkişafa, xüsusilə də söz və mətbuat azadlığına olan diqqət və qayğısı da özünü yüksək nəticələrdə göstərmişdir. Ulu Öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində də nümayiş etdirmişdir. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. 

Ulu Öndər əsl ümumxalq məhəbbəti qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanın sabitlik və təhlükəsizliyinin qarantı oldu, ölkəmizi inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.

Beləliklə, bu nailiyyətlərin hər birini diqqətlə təhlil edərkən Ulu Öndər Heydər Əliyevin qərar və təşəbbüslərinin nə qədər strateji əhəmiyyət daşıdığını və Azərbaycanın uzaq milli hədəflərini  özündə ehtiva etdiyini görürük. Yalnız dünya inkişafının  perspektivini   aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək,  onun müstəqilliyini əbədi və dönməz prosesə çevirdi.

Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik edib və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeridib, beləliklə, xalqımızın maddi rifahı təmin olunub, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınıb. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilməlidir.

Heydər Əliyev azadlığı, müstəqilliyi bir dəyər kimi həmişə yüksək qiymətləndirərək xalqımızın milli varlığının qorunması, inkişafı, ərazi bütövlüyünün bərpası üçün daim mübarizə aparmışdır. O, azad, müstəqil respublikanı xalqımızın ən böyük tarixi nailiyyəti sayır və onu qorumağın yollarını göstərirdi. 

Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətinin məzmunu, həqiqətən, gələcəyin bir yol xəritəsi, strategiyası kimi əhəmiyyətlidir. O, Azərbaycana rəhbərliyinin birinci dövründə xalqın milli dirçəlişinə, oyanışına çalışırdısa, sonrakı dövrdə müstəqilliyi qorumağı, inkişaf etdirməyi, möhkəmləndirməyi strateji hədəf kimi qiymətləndirir və tam əminliklə deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Azərbaycanın müstəqilliyinin qorunmasında gənclərin üzərinə düşən böyük məsuliyyətdən bəhs edərkən onları daim çalışmağa, təhsil almağa, vətənpərvər bir insan kimi yetişməyə səsləyirdi. 

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yüzilliklər boyu yetirdiyi nadir şəxsiyyətlərdən biri  olmaqla milli qürur mənbəyimizdir. Onun həyatı, fəaliyyəti, Azərbaycan tarixində xüsusi mərhələ kimi dövlətə, xalqa xidmətləri həmişə öyrənilməli, gənclərin vətəndaşlıq mövqeyinin, milli mənlik şüurunun formalaşdırılmasında örnək göstərilməlidir. Ulu Öndərimizin tarixi xidmətlərinin müxtəlif elmi istiqamətlər üzrə geniş və daha dərindən, sistemli şəkildə davamlı olaraq araşdırılması və ideyalarının təbliği işində yeni texnologiyalardan məqsədyönlü istifadə edilməsi vacibdir.

Heydər Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun üçün elmi-tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac var. Yüksək milli-əxlaq nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi geniş təbliğ olunmasına çalışmalıyıq. 

Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş  məzmunda, konseptual şəkildə açılacaqdır.

 Bir həqiqət isə heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu, Ümummilli Lideri olmaqla yanaşı, həm də tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə dünya tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərin ön sırasında layiqli yerini qoruyub saxlayacaqdır!

Dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu Öndərin çox böyük dəqiqliklə işləyib hazırladığı strateji kursu 2003-cü ilin oktyabrından onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da əsas tarazlıq nöqtələrindən biridir. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlılıq təmin edilib və bir çox dövlətin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. 

Prezident İlham Əliyev Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurmuş, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.

Ötən dövr ərzində ən mühüm nailiyyətlərimizin sırasında təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi tarixinin ən qüdrətli ölkəsinə çevirmiş, ən güclü inkişaf mərhələsinə çatdırmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atmışdır. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldərək Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirmişdir. Ölkə rəhbəri həyata keçirilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail olmuşdur. 

Bütün bu işlər bir daha göstərir ki, Prezident İlham Əliyev öz müdrik sələfi, adı ən yeni tariximizə böyük qurucu, qalib, xilaskar kimi daxil olmuş Heydər Əliyevin başladığı və ərsəyə gətirdiyi işləri qətiyyətlə, uğurla, dövlətçiliyimizin tərəqqisi naminə əzmlə davam  etdirir. Prezident İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. 

Hər birimizə böyük örnək olan və fərəh verən digər amil isə dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçirilməsinə böyük töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın xoşbəxtliyi, dövlətimizin möhkəmlənməsi və qüdrətlənməsi istiqamətində həyata keçirdiyi görkəmli və bənzərsiz fəaliyyətidir. Mehriban xanım Əliyeva uzun illərdir ki, Prezident İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir.  Mehriban xanım Əliyevanın göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun hər bir sahədə dəstəklənməsinə və uğur qazanmasına yönəlmiş Mehriban Əliyevanın geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Ölkəmizin birinci xanımı reallaşdırdığı uğurlu layihələrlə dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə böyük ictimai dəstək qazandırmışdır.

Mehriban Əliyevanın qeyri-adi rəhbər istedadı, zəngin idarəçilik təcrübəsi, başladığı hər bir işdə əməli surətdə sübut olunmuş ictimai-siyasi xadim vərdişləri onun qarşıya qoyduğu məsələlərin həllinə yanaşmalarını yüksək peşəkarlıq və məsuliyyət səviyyəsində təzahür etdirir. Onun rəhbərliyi ilə istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda həyata keçirilən çoxsaylı layihələr əhalinin maddi rifahının yüksəlməsinə və dünya arenasında Azərbaycanın imicinin daha da möhkəmlənməsinə xidmət edir. Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri var. 

Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə də bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektiv də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bu günü və gələcəyinə mühüm töhfələr verəcəkdir. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. 

Vətənimiz Heydər Əliyev dühasından bəhrələnən, daha yeni, müasir şəraitə uyğun siyasi intellektə və potensiala malik bir siyasətçinin - İlham Əliyevin rəhbərliyi altında işıqlı gələcəyə doğru addımlayır. 

Bu işdə hər birimiz, hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizə yardımçı olmalı, bununla da dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasına öz töhfəmizi verməliyik…

Ümummilli Lider Heydər Əliyevi yad edərkən, xatirəsini anarkən xalqımıza ərmağan etdiyi müstəqil Azərbaycanı qorumağı, ölməz ideyalarını yaşatmağı qarşımızda bir vəzifə olaraq görürük. Bu gün Azərbaycan xalqının hər bir vətəndaşı üçün Ümummilli Lider əvəzolunmaz insan, həmişəyaşar əbədi şəxsiyyətdir. Cəmiyyətimizin inkişafı Ulu Öndərin ideyalarına əsaslanır. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar qazanıb və bundan sonra daha möhtəşəm qələbələr qazanacaqdır! 

Ümummilli Lider  Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün Heydər Əliyev bizim ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!