Payızda sabiq prezidentin "Mənə söz ver, Amerika" memuarları işıq üzü görəcək
ABŞ-nin keçmiş Prezidenti Co Baydenin oğlu Hanter atasının xəstəliyinin bir çox cəhətdən üzücü olduğunu söyləyib. O, prostat vəzi xərçənginin artıq sümüklərə metastaz verdiyini, lakin 83 yaşlı Baydenin aktiv qaldığını və mübarizəni davam etdirmək niyyətində olduğunu bidirib.
Keçən il aqressiv prostat vəzi xərçəngi diaqnozu qoyulan Co Baydenin səhhəti daha da pisləşib. Onun oğlu Hanter Bayden BBC-yə verdiyi müsahibədə xərçəngin metastazlaşaraq sümüklərə yayıldığını açıqlayıb: "Hazırda atamın sağlamlığı ilə bağlı deyə biləcəyim tək odur ki, istərdim, daha çox şikayət etsin, çünki o, həqiqətən də əziyyət çəkir. Bu, bir çox cəhətdən çox ağrılı və zəiflədicidir. Amma o, hələ də aktivdir və öz işi ilə məşğuldur."
Xatırladaq ki, Co Baydenin xəstəliyi rəsmi olaraq ötən ilin may ayında elan edilib. O zaman, o, cərrahiyyə əməliyyatı keçirib və şüa terapiyasını tamamlayıb. Qızı Eşli Baydenin kiçik kilsə zəngi çaldığını göstərən video paylaşıb . Bu, xəstələr tərəfindən əsas müalicə mərhələsinin başa çatmasını qeyd etmək üçün istifadə olunan bir ənənədir. Amma dəhşətli diaqnoz Co Baydenin ictimai tədbirlərdə iştirakına mane olmayıb. O, bu yaxınlarda Merilenddə Demokratlar Partiyasının ianə toplama tədbirində çıxış edib.
"O, hələ də güclüdür. Sizə söz verirəm ki, o, nə qədər sağdır mübarizə aparmağa davam edəcək", - deyə Hanter Bayden müsahibəsində vurğulayıb.
Həyat yoldaşı və ABŞ-nin keçmiş birinci xanımı Jill Bayden məşhur amerikalı televiziya aparıcısı, aktrisa və prodüser Kelli Ripa ilə müsahibəsində də bu mövzuya toxunub. O, ərinin müalicəsinin davam etdiyini vurğulayıb və əlavə edib: "O, ömrünün sonuna qədər xərçənglə yaşayacaq. Bu, daimi, gündəlik bir xəstəlikdir və düşünürəm ki, bununla mübarizə aparmaq çox çətindir."
ABŞ-nin sabiq Prezidenti noyabr ayında keçiriləcək ara seçkilərdən qısa müddət sonra "Mənə söz ver, Amerika" adlı xatirələrini nəşr etdirmək niyyətindədir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"