06 Mart 2026 08:45
931
İQTİSADİYYAT
A- A+
Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır


Bu gün qlobal gündəliyin əsas mövzularından biri enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılıq arasında tarazlığın təmin edilməsidir. Sənayeləşmə dövründən bəri dünya iqtisadiyyatının aparıcı qüvvəsi olan neft, qaz və kömür kimi fosil yanacaqlar hələ də enerji istehsalında üstünlük təşkil edir. Statistik göstəricilərə görə, hazırda dünyada istehsal və istehlak edilən enerjinin təxminən 81 faizi bərpa olunmayan mənbələrin payına düşür. Lakin bu resursların məhdud olması və ətraf mühitə vurduğu zərər alternativ enerji istiqamətində qətiyyətli addımların atılmasını zəruri edir. Məhz buna görə son illərdə bərpaolunan enerji texnologiyalarının inkişafı beynəlxalq səviyyədə prioritet istiqamətə çevrilib və bu sahədə günəş enerjisi xüsusi önəm qazanıb.

Günəş enerjisi ekoloji baxımdan təmiz, təhlükəsiz və praktik olaraq tükənməz mənbə kimi dəyərləndirilir. Yer səthinə düşən günəş radiasiyasının həcmi bəşəriyyətin malik olduğu bütün ənənəvi yanacaq ehtiyatlarını dəfələrlə üstələyir. Hesablamalara görə, bu enerjinin cəmi 0,0125 faizindən səmərəli istifadə olunması mövcud qlobal enerji tələbatını tam ödəməyə imkan verə bilər. Bu fakt günəş enerjisinin perspektivlərini aydın şəkildə ortaya qoyur və bir çox ölkə kimi Azərbaycanın da diqqətini bu istiqamətə yönəldir.

Azərbaycanın coğrafi mövqeyi və iqlim xüsusiyyətləri günəş enerjisinin inkişafı üçün əlverişli imkanlar yaradır. Ölkə ərazisində il ərzində 2400-3200 saat günəşli hava müşahidə olunur ki, bu da günəş panellərinin yüksək səmərəliliklə işləməsi üçün əlverişli şərait deməkdir. Mövcud hesablamalara əsasən, ölkənin quruda bərpaolunan enerji üzrə texniki potensialı 135 qiqavat, dənizdə isə 157 qiqavat səviyyəsində qiymətləndirilir. Günəş enerjisi üzrə iqtisadi potensialın 23 min meqavat olması isə bu sahənin nə qədər geniş imkanlara malik olduğunu göstərir.

Son illərdə istifadəyə verilmiş yeni günəş və külək-elektrik stansiyaları birlikdə ildə təxminən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək gücünə malikdir. Bu göstərici təkcə alternativ enerji istehsalının artması deyil, həm də təbii qaz sərfiyyatının azalması baxımından əhəmiyyətlidir. Bu layihələr nəticəsində hər il 330 milyon kubmetrdən çox qazın saxlanılması və 600 min tonadək karbon emissiyasının qarşısının alınması nəzərdə tutulur. Hazırda reallaşdırılan növbəti mərhələ layihələri isə bərpaolunan enerjinin ümumi elektrik istehsalındakı payını 23,7 faizə çatdıracaq. Bu artım 5 milyard kilovat-saat əlavə "yaşıl enerji" deməkdir ki, nəticədə 1,3 milyard kubmetr qaz ehtiyatı qorunacaq və 2,4 milyon ton istixana qazı emissiyası azalacaq.

Dövlətin bu istiqamətdə həyata keçirdiyi layihələr ardıcıl xarakter daşıyır. 2021-ci il 2 fevral tarixində təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində iqlim dəyişikliklərinə qarşı mübarizə və "yaşıl enerji" prinsiplərinin iqtisadiyyatın bütün sahələrinə inteqrasiyası əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu yanaşma göstərir ki, alternativ enerji artıq yalnız ekoloji məsələ deyil, eyni zamanda strateji iqtisadi inkişaf faktoru kimi qiymətləndirilir.

Martın 3-də keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurasının 4-cü iclaslarında çıxış edən Prezident İlham Əliyev enerji siyasətində balanslı yanaşmanın vacibliyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, planetin ekoloji təhlükəsizliyi hər kəs üçün prioritetdir, lakin enerji keçidi praqmatik əsaslarla həyata keçirilməlidir. Prezidentin sözlərinə görə, qazıntı yanacaqları ilə bərpaolunan mənbələrin uzlaşdırılması xüsusilə enerji resurslarına malik ölkələr üçün real və səmərəli modeldir. Dövlət başçısı, həmçinin Azərbaycanın uzunmüddətli qaz ehtiyatlarına malik olmasına baxmayaraq, alternativ enerjiyə milyardlarla dollar investisiya yatırmasının gələcəyə hesablanmış strateji qərar olduğunu bildirib.

Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığı genişləndirərək günəş enerjisi sektorunda böyük layihələr həyata keçirir. Bu sahədə təcrübəyə malik "Masdar", "Acwa Power" və bp kimi şirkətlərlə tərəfdaşlıq qurulub. 

2023-cü ilin oktyabrında istismara verilmiş 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası Xəzər regionu və MDB məkanında ən iri günəş enerjisi layihəsi kimi tarixə düşüb. 262 milyon ABŞ dolları həcmində xarici investisiya hesabına reallaşdırılan bu stansiya ölkədə sənaye miqyaslı və birbaşa xarici sərmayə ilə qurulan ilk günəş elektrik stansiyasıdır. İstifadəyə verildiyi vaxtdan bəri burada 680 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ümumiyyətlə, aparılan təhlillər son illərdə ölkədə günəş enerjisi istehsalının təxminən doqquz dəfə artdığını göstərir.

Hazırda Biləsuvar rayonunda yeni günəş-elektrik stansiyasının inşası davam edir. Bununla yanaşı, Neftçala və Qobustan ərazilərində də iri gücə malik layihələr həyata keçirilir. Bu obyektlər istifadəyə verildikdən sonra ölkənin enerji balansında bərpaolunan mənbələrin payı daha da yüksələcək.

Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" strategiyasında xüsusi yer tutur. Regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və ixrac potensialının artırılması məqsədilə günəş-elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Artıq Naxçıvanda quraşdırılmış gücün əhəmiyyətli hissəsi bərpaolunan mənbələrin payına düşür. Özəl investisiyalar hesabına inşa olunan yeni stansiyalar həm illik elektrik istehsalını artıracaq, həm də on milyonlarla kubmetr qazın qənaətinə imkan verəcək. Bu isə minlərlə ton karbon emissiyasının qarşısının alınması deməkdir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları isə "yaşıl enerji zonası" konsepsiyası çərçivəsində inkişaf etdirilir. Dövlət başçısının təşəbbüsü ilə bu ərazilərin gələcəkdə "Netto sıfır emissiya" zonasına çevrilməsi hədəflənir. Mövcud hesablamalara əsasən, region günəş və külək enerjisi üzrə çox böyük potensiala malikdir. Xüsusilə Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayonları günəş radiasiyasının yüksək göstəriciləri ilə seçilir.

2024-cü ildə Cəbrayıl rayonunda 240 meqavat gücündə yeni günəş-elektrik stansiyasının təməli qoyulub. Bu layihə azad edilmiş ərazilərdə reallaşdırılan ilk iri sənaye miqyaslı "yaşıl enerji" təşəbbüsüdür. Gözlənilir ki, stansiya istismara verildikdən sonra hər il yüz milyonlarla kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu da həm təbii qaz ixracı üçün əlavə imkanlar yaradacaq, həm də emissiyaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Bununla yanaşı, Cəbrayılda və digər ərazilərdə daha bir neçə günəş-elektrik stansiyasının tikintisi üzrə müqavilələr imzalanıb. Reallaşacaq layihələr nəticəsində yüz milyonlarla kilovat-saat əlavə enerji istehsalı planlaşdırılır. Bu təşəbbüslər bölgənin sürətli bərpasına, yeni iş yerlərinin açılmasına və dayanıqlı iqtisadi modelin formalaşmasına töhfə verəcək.

Ümumilikdə, 2027-ci ilin sonuna qədər ölkədə bir neçə günəş və külək-elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Onların ümumi gücü qiqavatlarla ölçüləcək və hər il milyardlarla kilovat-saat təmiz enerji istehsal olunacaq. Bu isə yüz milyonlarla kubmetr qazın daxili istehlakdan azad edilməsi və ixrac imkanlarının genişləndirilməsi deməkdir.

Azərbaycan enerji keçidini mərhələli və balanslı şəkildə həyata keçirir. Bir tərəfdən, mövcud karbohidrogen ehtiyatlarından səmərəli istifadə davam etdirilir, digər tərəfdən isə alternativ mənbələrə ciddi investisiyalar yönəldilir. Bu model ölkəyə həm iqtisadi dayanıqlılıq, həm də ekoloji məsuliyyət baxımından üstünlük qazandırır. Reallaşdırılan layihələr ölkəmizin yaxın illərdə regionda "yaşıl enerji"nin istehsalı və ixracı üzrə aparıcı mövqeyə yüksələcəyini göstərir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

“Sahibkarlar günü” qeyd olunub

15:20
29 Aprel

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işi gücləndirilir  

15:19
29 Aprel

Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minib

15:18
29 Aprel

Gömrük Məcəlləsi dəyişdirilir – Yeni qanun layihəsi  

15:16
29 Aprel

İƏT-in Təmiz Enerji Mərkəzi təcrübə mübadiləsinə dəstək verməyi planlaşdırır  

14:51
29 Aprel

Almanya Bundestaqının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

14:50
29 Aprel

Birinci rübdə Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb  

14:48
29 Aprel

Çin Afrika mallarını idxal rüsumlarından azad edir

14:41
29 Aprel

XİN: Azərbaycan-Koreya münasibətlərində yeni əməkdaşlıq imkanları dəyərləndirilib

14:39
29 Aprel

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb - YENİLƏNİB  

14:38
29 Aprel

Cənubi Koreya vətəndaşlarının təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

14:30
29 Aprel

Yaponiya tankeri Hörmüz boğazından keçib

13:44
29 Aprel

İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü: Şuşadan-Aktauya ötürülən estafet

13:19
29 Aprel

Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir  

13:10
29 Aprel

Fiziki şəxslərin əmanətlərinin 69,1 faizi milli valyutadadır

12:53
29 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

12:48
29 Aprel

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 424 min xidmət göstərilib

12:41
29 Aprel

Komitə sədri: Sahibkarlıq gələcək şəhərlərin formalaşmasında əsas amillərdən biri hesab olunur  

12:25
29 Aprel

Media: Tramp sui-qəsd cəhdindən sonra da ictimai tədbirlərdən imtina etməyəcək

12:21
29 Aprel

Yaxın Şərq böhranı Britaniya iqtisadiyyatına 35 milyard funt sterlinqə başa gələ bilər  

12:02
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!