Fransada 2023-cü ildə tütündən istifadə 68 mindən çox insanın ölümünə səbəb olub. Bu, həmin il ölkədə qeydə alınan ümumi ölüm hallarının 11 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, müvafiq məlumatları Fransa Dövlət Səhiyyəsi açıqlayıb.
Səhiyyə qurumu 2015-ci illə müqayisədə ölüm hallarında azalmanın müşahidə olunduğunu bildirib:”Həmin il tütünlə əlaqəli 75 min ölüm qeydə alınıb və bu, ümumi ölüm hallarının 13 faizinə bərabər olub”.
Fransa Dövlət Səhiyyəsinin baş direktoru Karolin Semay bu azalmanı “ürəkaçan” adlandırsa da, tütünün hələ də ölkədə ölümün əsas səbəbi olaraq qaldığını vurğulayıb.
Hesabatın müəllifləri isə qeyd ediblər ki, tütündən istifadə ömrü orta hesabla 10 il azaldır. Tütünlə əlaqəli əsas xəstəlik xərçəngdir. Fransa Dövlət Səhiyyəsinin məlumatına görə, qadınlarda tütünlə bağlı ölümlərin 55, kişilərdə isə 58 faizi xərçənglə əlaqəlidir. Bundan əlavə, tütün xroniki tənəffüs xəstəliklərindən hər 3 ölümdən 1-nə, ürək-damar və neyrovaskulyar xəstəliklərdən isə hər 10 ölümdən 1-nə səbəb olur.
Tədqiqatçılar vurğulayıblar ki, hazırda müşahidə olunan ölüm halları əsasən gənclik dövründə formalaşmış siqaret vərdişlərinin nəticəsidir. Hazırkı statistika tütün istifadəsinin uzunmüddətli təsirlərini əks etdirir və xüsusilə xəstəlik riskinin artdığı yaş dövründə özünü göstərir.
Bu kontekstdə səhiyyə orqanları profilaktikanın və siqaretdən imtina prosesinə dəstəyin gücləndirilməsinin vacibliyini qeyd edib. Fransa Dövlət Səhiyyəsinin 2024-cü il məlumatına əsasən, gündəlik siqaret çəkənlərin yarıdan çoxu bu vərdişi tərgitmək istədiyini bildirir. Karoline Semay kollektiv səfərbərliyin artırılmasının, gənc nəslin maarifləndirilməsindən tutmuş siqareti tərgitmək istəyənlərin müşayiətinə qədər olan bütün mərhələlərdə dəstəyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.