07 Aprel 2024 09:00
3091
Səhiyyə
A- A+

Əsas məqsəd insanların sağlamlığı, bəşəriyyətin xilasıdır

 

Sağlamlıq həm dünya dövlətləri, həm də insanlar üçün çox vacibdir. Ona görə də əsrlərboyu dahi insanlar, böyük mütəfəkkirlər müxtəlif vasitələrlə bəşəriyyətin sağlamlığı üçün çalışıblar. Çalışıblar ki, insanları xəstəliklərdən, bu xəstəlikləri törədən infeksiyalardan qorusunlar. 76 il əvvəl, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasında da başlıca məqsəd insanların sağlamlığının qayğısına qalmaq olub. Həmin tarixdə  Birləşmiş Millətlər Təşkilatının ən mühüm qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsi qüvvəyə minib.
1950-ci ildən hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Bu günü keçirməkdə məqsəd dünyanın bütün ölkələrinin dövlət və hökumət rəhbərlərinin, səhiyyə sisteminin, ictimaiyyətinin, özəl sektorun, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin diqqətini insanların qorunmasına, gələcək nəslin sağlam və gümrah böyüməsi kimi bəşəri bir amilə yönəltməkdir. 
Bu günün keçirilməsində diqqətçəkən məqam ondan ibarətdir ki, hər dəfə insan sağlamlığına problem yaradan məsələlər xüsusi olaraq qabardılır və həmin problem Ümumdünya Sağlamlıq Gününün əsas gündəmi kimi tövsiyə edilir.  Ümumdünya Sağlamlıq Gününün keçirilməsi yer üzünün bütün insanlarının sağlamlığının qayğısına qalmaq üçün düşünülüb. Əslində, bu əlamətdar gün öz rifahının, sağlam bədəninin və güclü ruhunun qayğısına qalan hər kəs üçün əlamətdar bayramdır. Ona görə ki, bir neçə onilliklər əvvəl insanlar indi asanlıqla müalicə olunan və çətinlik yaratmayan xəstəliklərdən vəfat edirdilər. Amma indi Ümumdünya Sağlamlıq Təşkilatı insanlara ölüm gətirən bir çox xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atır, qabaqlayıcı tədbirlər görür, geniş maarifləndirici işlər aparır. 
Ümumdünya Sağlamlıq Günü hər il xüsusi şüarlar altında keçirilir. Ötən il günün şüarı "Hamı üçün sağlamlıq" idi. Göründüyü kimi, təşkilat insanlara fərq qoymur. Yer üzünün bütün sakinlərinin sağlamlığı keşiyində dayanır. Qeyd olunan bu prinsip Ümumdünya Səhiyyə Təşkilatının Əsas Qanununda təsbit edilib. Təyin olunmuş həmin gün tibb müəssisələrində müvafiq tədbirlər keçirilir. Hər il aprelin 7-si dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən hər hansı mövzuya yönəltmək olduqca mühüm bir imkandır.
Bu günün keçirilməsinin qayəsi ondan ibarətdir ki, hər birimiz özümüzün və yaxınlarımızın sağlamlığı üçün məsuliyyət daşımağı öyrənməliyik. Zərərli vərdişlər, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və insanın psixi sağlamlığına diqqət yetirilməməsi ağır xroniki xəstəliklərin və ölümün əsas səbəbidir. Həkimlərin tələb və məsləhətlərinə məhəl qoymamaq yalnız xəstəliklərin gedişatını ağırlaşdırır və tibbin kömək etməkdə aciz qalması ilə tamamlanır. Ona görə də Ümumdünya Sağlamlıq Günündə əhali arasında sağlam həyat tərzi barədə maarifləndirmə tədbirləri həyata keçirilir. ÜST-nin verdiyi tərifə görə, sağlamlıq - sadəcə, fiziki qüsurların və xəstəliklərin olması deyil, sosial, fiziki və psixoloji rifahın vəhdətidir. 
1948-ci il aprelin 7-dən dünyanın 194 ölkəsində, o cümlədən Azərbaycanda da Ümumdünya Sağlamlıq Günü keçirilir. Azərbaycan Respublikası 2 oktyabr 1992-ci ildən Ümumdünya Səhiyyə Təşkilatına üzv qəbul olunmuşdur. Elə həmin ildən də  Azərbaycanın ÜST-lə sıx əməkdaşlığı mövcuddur. Ölkəmizin nümayəndə heyətləri müntəzəm olaraq Ümumdünya Səhiyyə Təşkilatının iclaslarında iştirak edir, əməkdaşlığa yeni töhfələr verir. ÜST-nin ölkəmizdə nümayəndəliyi də fəaliyyət göstərir.
Ümumdünya Sağlamlıq Təşkilatı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə çox mühüm işlər gördü, insanların sağlamlığı üçün vaxtlı-vaxtında zəruri tədbirlər həyata keçirdi. Pandemiyanın davam etdiyi günlərdə  təşkilatın mütəxəssisləri müntəzəm olaraq dünya əhalisinə maarifləndirici məlumatlar ötürdü. Bundan başqa, təşkilatın nümayəndələri ayrı-ayrı ölkələrə səfərlər edib, virusla mübarizə aparmaqda yerli həkimlərə kömək göstərirdilər. Həmçinin ÜST-nin xətti ilə, demək olar ki, üzv dövlətlərin hamısına zəruri tibbi avadanlıq və texniki vasitələr göndərilirdi. Pandemiyanın qarşısının alınmasında ÜST ilk növbədə insanların peyvənd olunması üçün vaksin hazırlanması işini də sürətləndirdi. Göstərilən birgə səylər nəticəsində tezliklə vaksin hazırlandı. Aparılan mübarizə müsbət nəticələr verdi. İnsanlar peyvənd olunduqdan sonra pandemiyanın artım tempi zəiflədi. Getdikcə yer üzünün insanları onlara ölüm gətirən xəstəliklərdən xilas olmağa başladılar. Beynəlxalq Səhiyyə Təşkilatı bu gün yenə də fəaliyyətini uğurla davam etdirir, insanların sağlamlığı naminə zəruri addımlar atır. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər təşkilatın qarşısında duran əsas məsələlərdən biridir. 
Ümumdünya Sağlamlıq Gününün keçirilməsinin məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və normal həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir. Azərbaycan dövləti də bu istiqamətlərdə əhəmiyyətli tədbirlər  görür, vətəndaşlarının sağlamlıqlarını qorumaq üçün proqram, qanun və qərarlar qəbul edir . Bu günün bütün dünyada keçirilməsi sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən çox mühüm tədbirdir. Əsas amal insanların sağlamlığı və bəşəriyyətin xilasıdır. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video