Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın
milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycanda müstəqil elmi-təşkilati qurumun
yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan
Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə
başlanmışdır. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək,
ekspedisiyaları təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar
olsa da, sistemli və fundamental tədqiqatların aparılmasına və tətbiqinə geniş imkan
verə bilməmişdir. Bunun ardınca 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
nəzdində yaradılmış Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö
Cəmiyyətinin funksiyalarından bir qədər irəli getmiş, lakin institutun əsas istiqaməti
siyasi və iqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün
ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır. Bununla
belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə
cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək
baxımından bir çox faydalı addımlar atmaqla gələcək Akademiya üçün müəyyən zəmin
hazırlamışdır. Bu mənada 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyasının
Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş
elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır.
İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış sektorlar
konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini
təşkil etmiş, buna görə də az sonra Akademiyanın tərkibində müstəqil elmi-tədqiqat
institutlarına çevrilə bilmişdilər. SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının
Azərbaycan Şöbəsində rəhbərlik etmiş tanınmış
alimlər Frans Yulyeviç Levinson - Lessinq (1861-1939), Ruhulla Axundov
(1897-1938), Əhəd Yaqubov (1908-1979), Cəfər Kazımov (1897-1968), Artur Rudolfoviç
Zifeldt-Simumyaqi (1889-1938), Heydər Hüseynov
(1908-1950), Aleksey Alekseyeviç Klimov (1894 -?), Vəli Xuluflu (1894-1939), Yakov
Dmitriyeviç Kozin (1896-1973) və başqaları ilk növbədə konkret elm sahələri üzrə
sektorların yaradılması vəzifələrini həyata keçirmiş, ölkə miqyasında elmi fəaliyyətə
maraq göstərən yaradıcı qüvvələri işə cəlb etmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli
tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər
yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması
zərurətini meydana çıxarmışdır.
Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik
Frans Yulyeviç Levinson - Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının
Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla
çalışan Azərbaycan Filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan
Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq Akademiyada şöbə qismində deyil,
filial statusunda fəaliyyət göstərməsinə meydan açılmışdır. Azərbaycan Filialı respublikada
elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərəcədə irəli getmişdir. Qısa müddət
ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya,
Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq sektorları təşkil olunmuşdur.
Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının
yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu,
az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu
məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində
aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının
və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə
özünün müsbət təsirini göstərmişdir. Xüsusən kimya, geologiya, coğrafiya, botanika,
energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, meydana çıxmış
böyük təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına böyük nüfuz qazandırmışdır.
Bundan başqa, eyni zamanda humanitar və ictimai elmlər sahəsində çalışan yaradıcı
qüvvələrin böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə
hazırlıq sahəsində gördükləri genişmiqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş
Sovetlər İttifaqı miqyasında diqqəti cəlb edən mühüm hadisəyə çevrilmişdir. Bu dövrdə
tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi-tədqiqatların möhkəm
bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin
hazırlanması, vulkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi
üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin
aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının
yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik
materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer
tuturdu.
Böyük Vətən müharibəsi dövründə elmin, ziyalıların
böyük rolunu və əhəmiyyətini dərindən hiss edən Sovet rəhbərliyi SSRİ Elmlər Akademiyasının
imkanlarının və səlahiyyətlərinin daha da genişləndirilməsi zərurətini nəzərə almalı
olmuşdu. Hələ müharibə bitməmiş SSRİ-yə daxil olan müttəfiq respublikalarda İttifaq
Akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş qaydada idarə olunan müstəqil
akademiyaların yaradılması işinin davam etdirilməsinə diqqət yetirilmişdir. Bu,
1937-ci illər repressiyasından sonra dövlət səviyyəsində ziyalılara yeni dönüş idi.
Beləliklə, 1941-ci ildə Gürcüstanda, 1943-cü ildə Ermənistanda, 1944-cü ildə Özbəkistanda
SSRİ Elmlər Akademiyasının həmin respublikalardakı filialları əsasında Elmlər akademiyaları
yaradılmasının ardınca Azərbaycanda da filialdan müstəqil elmi qurumun təşkil edilməsinə
keçmək qərara alınmışdır. Bu məqsədlə Sovet dövlətinin rəhbərlərinin tapşırığı ilə
SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ. Komarov 1944-cü ilin oktyabr
ayında Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə şəxsən tanış olmuş, mövcud
imkanları öyrənmişdir. Bütün bunlardan sonra o, 24 oktyabr 1944-cü ildə SSRİ Xalq
Komissarları Sovetinin sədr müavini Vyaçeslav Mixayloviç Molotova Azərbaycanda Elmlər
Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazmışdır. SSRİ Elmlər
Akademiyasının prezidenti, akademik V.İ. Komarovun təqdimatında deyilirdi: "Bakıda
olduğum müddətdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının və onun elmi-tədqiqat
institutlarının fəaliyyəti ilə tanış oldum. Qeyd etməliyəm ki, SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialı inkişaf etmiş, möhkəmlənmiş, özündə onlarca görkəmli alimləri
birləşdirən və Azərbaycan SSR-dəki sahə elmi-tədqiqat institutlarının işini koordinasiya
edən həqiqi elmi mərkəzə çevrilmişdir.
Bütün bunlar Azərbaycan xalqının qarşıdan
gələn Azərbaycan SSR-də sovet hakimiyyətinin qurulmasının 25 illiyinə töhfə olaraq
Azərbaycan SSR Elmlər Akademiyasını yaratmasına haqqı çatdığı barədə fikir söyləməyə
əsas verir.
Ona görə də Sizin icazənizlə SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialının və respublikadakı digər elmi-tədqiqat institutlarının
bazasında Azərbaycan SSR Elmlər Akademiyasının təşkil edilməsi haqqında təklifi
baxılmaq üçün SSRİ Xalq Komissarları Sovetinə təqdim etdim.
SSRİ Elmlər Akademiyasının
prezidenti, Elmlər Akademiyasında Bazalar
və Filiallar Şurasının sədri, akademik V.İ. Komarov”.
Bu uğurlu təqdimatdan az sonra, yəni 23 yanvar
1945-ci ildə SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər Akademiyasının yaradılması
haqqında 131 saylı qərar qəbul etmişdir.
SSRİ hökumətinin qərarının icrası ilə əlaqədar
Azərbaycanın rəsmi dövlət qurumlarında və Azərbaycan filialında zəruri hazırlıq
işlərinə başlanılmışdır. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin tapşırığı
əsasında respublikanın ali məktəblərindən və elmi-tədqiqat institutlarından Azərbaycan
SSR Elmlər Akademiyasının ilk təsisçilərini və həqiqi üzvlərini seçmək üçün təkliflər
alınmışdır. Bu məqsədlə 1945-ci ilin fevral-mart aylarında respublikada çalışan 41 nəfər tanınmış alimin namizədliyi haqqında
təkliflər hazırlanmışdır. Biz hələlik həmin 41 nəfərdən 33 nəfərinin adlarını müəyyən
edə bilmişik. Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və ilk akademikləri
olmağa namizəd göstərilənlər aşağıdakı şəxslər idilər.
1. Abramoviç Mixail Vladimiroviç - Əməkdar
elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor
2. Əzizbəyov Şamil Əbdülrəhim oğlu - geologiya-mineralogiya
elmləri doktoru, professor
3. Əmirxanov Həbibulla İbrahim oğlu - fizika-riyaziyyat
elmləri doktoru, professor
4. Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu - Stalin
mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru
5. Balakişiyev Abdul Hüseyn oğlu - Əməkdar
elm xadimi, tibb elmləri doktoru, professor
6. Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu - SSRİ
Xalq artisti, professor
7. Qrossheym Aleksandr Alfonsoviç - SSRİ
Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor
8. Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə elmləri
doktoru, professor
9. Dadaşov Sadıq Ələkbər oğlu - Stalin mükafatı
laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
10. Yeqorov
Konstantin Aleksandroviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
11. Yeşman
İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
12. Qarayev
Abdulla İsmayıl oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
13. Qaşqay
Mirəli Seyidəli oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
14. Makovelski
Aleksandr Osipoviç - Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor
15. Məmmədəliyev
Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
16. Məmmədov
Şamxal Əliməmməd oğlu - kimya elmləri doktoru, professor
17. Məlikov
Malik Məmmədhüseyn oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
18. Mirqasımov
Mirəsədulla Mirələsgər oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
19. Vəkilov
Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi,
şair
20. Topçubaşov
Mustafa Ağabəy oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor
21. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, tibb
elmləri doktoru, professor
22. Şirəliyev
Məmmədağa Şirəli oğlu - filologiya elmləri doktoru, professor
23. Şirokoqorov
İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
24. Yaqubov
Əhəd Ələkbər oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru,
professor
25. Qutırya
Viktor Serafimoviç - kimya elmləri doktoru, professor
26. Rusanova
Valentina Nikolayevna - biologiya elmləri doktoru, professor
27. Derjavin
Aleksandr Nikolayeviç - biologiya elmləri doktoru, professor
28. Solovkin
Andrey Nikolayeviç - geologiya-mineralogiya elmləri doktoru
29. Sultanov
Əzəl Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru
30. Yaqubov
Mirxaliq Mirqasım oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru
31. Klimov
Aleksey Alekseyeviç - etnoqraf, professor
32. Məmmədov
Zülfüqar Mehdi oğlu - tibb elmləri doktoru, professor
33. Əliyev
Şıxbala Əbülfəz oğlu - kimya elmləri doktoru, professor.
Adları qeyd
edilən alimlərdən sıra ilə ilk 24 nəfəri müzakirə üçün hazırlanmış siyahıda öz əksini
tapmışdır. Qalan 9 nəfərin isə Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilməsi
haqqında ayrı-ayrı elmi-tədqiqat institutları və ali məktəblər tərəfindən verilmiş
təqdimatlar arxiv materialları içərisindən əldə edilmişdir. Hələlik adlarını müəyyən
edə bilmədiyimiz daha 8 nəfər haqqında məlumatları tapıb üzə çıxarmaq, ehtimal olunan
siyahını tamamlamaq elm xəzinəmizi araşdıranların qarşısında duran vəzifədir.
Qeyd etmək
lazımdır ki, müəyyən olunmuş namizədlər müvafiq dairələrdə müzakirə edildikdən sonra
onlardan 24 nəfəri daha yüksək səviyyədə baxılmaq üçün tövsiyə edilmişdir. Həmin
24 nəfər yuxarıda təqdim etdiyimiz Abramoviç Mixail Vladimiroviçdən başlanan siyahıda
sıra üzrə Əhəd Yaqubovun da daxil olduğu şəxslərdən ibarət olmuşdur. Təqdim edilən
adlı siyahı rəsmi dairələrdə təhlil edilib müzakirələrdən keçdikdən sonra artıq
Azərbaycan SSR Elmlər Akademiyasının ilk həqiqi üzvlərinin və təsisçilərinin müəyyən
edilməsi üçün konkret elm sahələri üzrə namizədlərin siyahısının tərtib edilməsi
tövsiyə olunmuşdur. Bu dəfə 24 nəfərin sırasından 4 bölmə üzrə 14 nəfərin siyahısı
və onlar haqqında məlumatlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına göndərilmişdir.
Bu sənəd həm də yaradılmaq ərəfəsində olan Azərbaycan SSR Elmlər Akademiyasında
hansı elmi bölmələrin təşkil edilməsinin nəzərdə tutulmasını müəyyən etmək baxımından
da əhəmiyyətlidir. Bu, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvlüyünə ən şanslı olan alimlərin və ziyalıların təqdimatıdır. Həmin siyahı aşağıdakı
kimi idi:
"Azərbaycan
SSR-in ali təhsil, elmi-tədqiqat müəssisələri və ictimai təşkilatları tərəfindən
təqdim olunanlardan Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə
nəzərdə tutulanların
siyahısı
I. Geologiya-Coğrafiya
Elmləri və Neft Bölməsi
Neft geologiyası
üzrə
1. Əlizadə
Ələşrəf Əbdülhüseyn oğlu
2. Yaqubov
Əhəd Ələkbər oğlu
Mədən geologiyası
üzrə
1. Əzizbəyov
Şamil Əbdülrəhim oğlu
2. Qaşqay
Mirəli Seyidəli oğlu
Neft kimyası
üzrə
1. Məmmədəliyev
Yusif Heydər oğlu
II. Fizika-Riyaziyyat
və Texnika Elmləri Bölməsi
Fizika üzrə
1. Əmirxanov
Həbibulla İbrahim oğlu
Texnika üzrə
1. Yeşman
İosif Qavriloviç
III. Biologiya
və Kənd təsərrüfatı Elmləri Bölməsi
Biologiya
üzrə
1. Qrossheym
Aleksandr Alfonsoviç
Tibb üzrə
1. Mirqasımov
Mirəsədulla Mirələsgər oğlu
2. Topçubaşov
Mustafa Ağabəy oğlu
IV. İctimai
Elmlər Bölməsi
Ədəbiyyat
və incəsənət üzrə
1. Vəkilov
Səməd Vurğun Yusif oğlu
2. Hacıbəyov
Üzeyir Əbdülhüseyn oğlu
Fəlsəfə və
filologiya üzrə
1. Hüseynov
Heydər Nəcəf oğlu
2. Makovelski
Aleksandr Osipoviç”.
Araşdırmalar
göstərir ki, təsisçilərin müəyyən edilməsinə təxminən cəmisi bir neçə gün qalmış
hazırlanan bu siyahı da son qəti qərarı ifadə edə bilməmişdir. Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması haqqında Xalq Komissarları Sovetinin qərarı imzalanmaq
üçün təqdim edilərkən ən yuxarı səviyyədə məsələyə yenidən baxılmış və müəyyən dəyişikliklər
edilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibinə son məqamda edilmiş
ixtisarlar və əlavələr aşağıdakılardan ibarət olmuşdur:
İXTİSARLAR:
Adları həm
ilk 41 nəfərin və 24 nəfərin siyahısında, həm də 14 nəfərlik yekun siyahıda olan,
bütün müzakirələrdən keçmiş Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri
doktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının direktoru, professor Əhəd
Yaqubovun, Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Həbibulla Əmirxanovun və Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor
Aleksandr Makovelskinin adları yekun siyahıdan çıxarılmışdır.
ƏLAVƏLƏR:
Qalan 11 nəfərlik
heyət Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində ayrı-ayrı elmi bölmələri təşkil
etmək baxımından yetərli olmadığından "Siyahı”ya
daha 4 nəfərin adı əlavə olunmuşdur. Əlavə olunanlardan 3 nəfər şanslı elm xadimi
adı əvvəlcə tərtib edilmiş siyahılarda olan, lakin hansı səbəbdənsə axırıncı 14
nəfərlik yekun siyahıya daxil edilməmiş aşağıdakı alimlər idilər:
1. Dadaşov
Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq
Akademiyasının müxbir üzvü, professor
2. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
3. Şirokoqorov
İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru,
professor
Azərbaycan
SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə 27 mart 1945-ci ildə seçilmiş ən şanslı
namizəd əvvəllər tərtib edilmiş heç bir siyahıda adı göstərilməmiş, bir gün qalmış,
bəlkə də elə həmin gün son anda siyahıda yer alan tanınmış yazıçı, filologiya elmləri
namizədi Mirzə Əjdər oğlu İbrahimov olmuşdur. Mirzə İbrahimov bu zaman "Giqantlar
ölkəsində” kitabı (1935), Azərbaycan teatrlarında böyük uğurla tamaşaya qoyulan
"Həyat” (1935), "Madrid” (1937), "Məhəbbət” (1941) pyesləri, bir çox hekayələri
və məqalələri ilə tanınır, artıq ölkə miqyasında qəbul olunurdu. O, 1935-1937-ci
illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında
təhsil almış, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin demokratik görüşləri
haqqında namizədlik dissertasiyası müdafiə etmişdi. Mirzə İbrahimovun 1939-cu ildə
nəşr edilmiş "Böyük demokrat” kitabı elmi-ədəbi mühitdə böyük maraq doğurmuşdu.
O vaxta qədər Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi,
Xalq Maarif Komissarı vəzifələrində çalışmış Mirzə İbrahimov cəmiyyətdə aparıcı
mövqeyə malik olan şəxsiyyətlərdən biri kimi də nüfuz qazanmışdı.
Beləliklə,
1945-ci ilin 23 yanvarından başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan
çox davam etmiş və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk
təsisçiləri - birinci akademikləri müəyyən olunmuşdur. Azərbaycan SSR Xalq Komissarları
Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A. Bokovetsin
təsdiq etdiyi "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında”kı 27 mart
1945-ci il tarixli, 316 saylı qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi
rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdur. Qərarda adları
yuxarıda göstərilmiş görkəmli alimlər Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri
və birinci akademikləri seçilmək üçün tövsiyə edilmişlər. Azərbaycan SSR Elmlər
Akademiyasının ilk akademikləri həm Azərbaycanda, həm də Sovetlər İttifaqı miqyasında
tanınan, qəbul olunan alimlərdən ibarət idi. Azərbaycanda akademik elmin qızıl fondunu
təşkil edən həmin görkəmli alimlərin elm sahəsindəki xidmətləri ilə yanaşı, yüksək
dövlət mükafatları, fəxri adları və ya məsul vəzifələrdə çalışmaları da nəzərə alınmışdı.
Onlardan 6 nəfəri Stalin mükafatı laureatı, 1 nəfəri həm də SSRİ Xalq artisti,
6 nəfəri eyni zamanda Əməkdar elm xadimi, 4 nəfəri isə Əməkdar incəsənət xadimi
idilər. Heç şübhəsiz, Azərbaycan rəhbərliyinin təqdim etdiyi namizədlər Kreml rəsmiləri
və SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti ilə də razılaşdırılmışdı. Beləliklə,
Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibi 15 nəfərlik aşağıdakı adlı-sanlı
alimlərdən təşkil olunmuşdu. Rus dilində yazılan siyahı kiril əlifbasının sırası
üzrə tərtib edilmişdi:
1. Əzizbəyov
Şamil Əbdülrəhim oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
2. Əlizadə
Ələşrəf Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri
doktoru
3. Vəkilov
Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi,
şair
4. Hacıbəyov
Üzeyir Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, SSRİ Xalq artisti, Əməkdar incəsənət
xadimi, professor
5. Qrossheym
Aleksandr Alfonsoviç - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri
doktoru, professor
6. Hüseynov
Heydər Nəcəf oğlu - fəlsəfə elmləri doktoru, professor
7. Dadaşov
Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq
Akademiyasının müxbir üzvü, professor
8. Yesman
İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
9. İbrahimov
Mirzə Əjdər oğlu - Əməkdar incəsənət xadimi, yazıçı
10. Qaşqay
Mirəli Seyid Əli oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
11. Məmmədəliyev
Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
12. Mirqasımov
Mirəsədulla Mirələsgər oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
13. Topçubaşov
Mustafa Ağabəy oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor
14. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
15. Şirokoqorov
İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor.
SSRİ Elmlər
Akademiyasının prezidenti, akademik L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi
xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşovdan birinin
yeni yaradılacaq Akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda həmçinin
Heydər Hüseynovun Akademiyanın vitse-prezidentliyinə namizədliyi məqsədəuyğun sayılmışdı.
Azərbaycan
SSR Elmlər Akademiyasının ilk tərkibi müəyyən edildikdən sonra 31 mart 1945-ci ildə
keçirilmiş birinci Ümumi yığıncaqda Akademiyanın həqiqi üzvlüyünə seçkilər keçirilmiş
və təşkilati məsələyə baxılmışdır. Yuxarıdakı siyahıda adları qeyd olunan 15 nəfər
görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri rəsmi olaraq Elmlər Akademiyasının
həqiqi üzvləri seçilmişlər. Bundan sonra Akademiyanın rəhbər heyətinin seçilməsi
məsələsi həll edilmişdir. Ümumi yığıncaq Əməkdar elm xadimi, akademik Mirəsədulla
Mirqasımovun Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, akademik Şamil Əzizbəyovun
və akademik Heydər Hüseynovun vitse-prezident (prezident müavinləri), akademik Mirəli
Qaşqayın akademik-katib vəzifələrinə seçilmələri barədə qərar qəbul etmişdir. Ümumi
yığıncaqda həmçinin aşağıdakı tərkibdə 5 nəfərdən ibarət olan Rəyasət Heyətinin
ilk üzvləri formalaşdırılmışdır: Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər
Hüseynov, Mirəli Qaşqay və Yusif Məmmədəliyev.
Azərbaycan
akademikləri ümumi yığıncaqda SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarovu
və SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, akademik İ.İ.Meşşaninovu Azərbaycan
SSR Elmlər Akademiyasının fəxri üzvü seçmişlər.
Azərbaycan
SSR Elmlər Akademiyasının ilk Ümumi yığıncağında SSRİ Elmlər Akademiyası Rəyasət
Heyətinin üzvü, akademik İvan İvanoviç Meşşaninov təbrik nitqi ilə çıxış etmişdir.
Beləliklə,
31 mart 1945-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Elmlər
Akademiyasının ilk təsisçiləri olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri
Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstərmişlər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə
namizədliyi göstərilən, lakin ilk akademiklərin sırasında yer ala bilməyənlərin
böyük əksəriyyəti sonrakı illərdə Akademiyanın həqiqi və müxbir üzvləri seçilmiş,
XX əsr ərzində uzun müddət elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrdə
çalışmış, dövlət qulluğunda təmsil olunmuşlar.
Azərbaycan
Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan
cəmiyyətinin sonrakı bütün inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynamışdır.
Elmlər Akademiyası ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması
və möhkəmləndirilməsi işinə sanballı töhfələr vermişdir. Elmlər Akademiyası həmişə
azərbaycançılıq məfkurəsinin əsas mərkəzlərindən biri olmaq funksiyasını məsuliyyətlə
həyata keçirmişdir. Azərbaycan cəmiyyətində müasirləşmə və yeniləşmə istiqamətində
həyata keçirilən proqramların icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin
əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir. Görkəmli dövlət xadimi
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci tarixi mərhələdə Ulu Öndərin
böyük qayğısı ilə yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq 1970-ci ildə "Xalqlar
dostluğu” ordeni ilə təltif olunmuşdur.
Fəaliyyət
göstərdiyi 75 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına görkəmli elm xadimləri
Mirəsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950 və
1957-1961), Musa Əliyev (1950-1957), Rüstəm İsmayılov (1957-1970), Zahid Xəlilov
(1962-1967), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1984-1996), Fəraməz Maqsudov
(1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) rəhbərlik etmişlər.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası 24 oktyabr 2019-cu il tarixdən akademik
Ramiz Mehdiyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirməkdədir. İndiki mərhələdə
AMEA-da müstəqil dövlətçiliyin, azərbaycançılıq ideallarının daha da möhkəmləndirilməsinə,
elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin, habelə beynəlxalq əlaqələrin genişləndirilməsinə,
mövcud strukturun təkmilləşdirilməsi və optimallaşdırılmasına səmərəli xidmət etməsinin
təmin olunması üçün zəruri islahatlar həyata keçirilməkdədir.
Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki tarixi
mərhələdə Milli Elmlər Akademiyasının inkişafına daim böyük diqqət və qayğı göstərmişdir.
Milli Elmlər Akademiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
apardığı genişmiqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində
və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında
şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti,
Milli Məclisin
deputatı, akademik