Astanada keçirilən Regional Ekoloji Sammitdə Aral dənizinin bərpası, Xəzər dənizinin dayazlaşması və region üçün həyati əhəmiyyətə malik olan digər ekoloji problemlərin həlli məsələləri müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişikliyi və yaşıl enerji üzrə Mərkəzi Asiya Layihə Ofisinin baş direktoru Erlik Karajan bu aktual məsələ ilə bağlı fikirlərini Qazaxıstanın “Kazinform” agentliyi ilə bölüşüb. O, iqlim dəyişikliyinin beynəlxalq səylərin birləşdirilməsini tələb etdiyini qeyd edib, çünki ətraf mühit problemləri bütün regionun davamlı inkişafına birbaşa təsir göstərir.
Ekspert Qazaxıstan paytaxtında keçirilən Regional Ekoloji Sammitin (RES-2026) dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların və maliyyə qurumlarının iştirakı ilə iqlim gündəliyini müzakirə etmək üçün yeni bir platformaya çevrildiyini vurğulayıb. O bildirib: “Qeyd etmək lazımdır ki, ekoloji məsələlər ilk dəfə olaraq iqlim, biomüxtəliflik və səhralaşma ilə mübarizə üzrə beynəlxalq konfranslarla müqayisə edilə bilən dərəcədə yüksək səviyyədə qaldırılır”.
O, diqqəti bölgədəki mövcud ekoloji problemlərə, o cümlədən temperaturun yüksəlməsinə, fövqəladə halların sayının artmasına, Xəzər dənizinin dayazlaşmasına, həm Qazaxıstana, həm də qonşu ölkələrə təsir edən təbii fəlakətlərə çəkib.
Erlik Karajan RES-2026-nın yalnız müzakirə platforması deyil, həm də müəyyən layihələr və birgə regional qərarlar üçün başlanğıc nöqtəsi olacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, sammitin yekununa dair qərarlar qəbul ediləcək, yol xəritələri hazırlanacaq və Mərkəzi Asiya ölkələrində yeni tədqiqatlar və ekoloji təşəbbüslər başlayacaq.
Sammit iştirakçıları iqlim dəyişikliyi, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın inkişafı da daxil olmaqla ətraf mühit gündəliyində duran əsas məsələləri müzakirə edirlər.