2019-cu ilin statistikasına görə, Azərbaycanda
əhalinin təxminən 47 faizi kənd yerlərində yaşayır və məşğulluğun 36 faizi kənd
təsərrüfatının hesabına təmin edilir. Məhsuldar torpaqların, su bolluğunun və 9
iqlim qurşağının olması güclü kənd təsərrüfatı sektoru üçün gözəl zəmin yaratmasına
baxmayaraq, ölkəmiz bir sıra qida məhsullarının idxalçısıdır. Dövlətimizin aqrar
siyasətində əsas diqqət əlavə dəyərli bitkiçilik (alma, nar, zeytun və zeytun yağı,
fındıq, kələm, noxud) və heyvandarlıq (süd, qoyun və mal əti) məhsullarına yönəldilmişdir.
Məhsulların ixracı daha çox qonşu ölkələrin bazarlarına yönəlsə də, bəzi gec xarab
olan məhsullar daha uzaq yerlərə ixrac edilir.
Azərbaycanda orqanik məhsulların istehsalı
və ixracı üçün geniş imkanlar var. Hətta müəyyən qiymət artımı ilə daha mürəkkəb
bazarlara çıxmaq imkanları da mövcuddur. Bunun üçün ölkə həm uyğun ekoloji şəraitə,
həm də təbii sərvətlərə malikdir. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının
istehsalı və emalına dair Strateji yol xəritəsi”nin 4.2-ci bəndində deyilir: "Ölkədə
tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik
məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə
standartları əsasında təşviq ediləcəkdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər
nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə
fəal iştirakı təmin ediləcəkdir”.
Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı
ilə bağlı müvafiq qanunvericilik aktlarının olması müsbət haldır. Lakin bu hüquqi
bazadan əhatəli istifadə olunmur. Orqanik məhsullar istehsalı ilə bağlı dolğun məlumat
bazası formalaşmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumi
məlumatlardır.
"Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının
həyata keçirilməsi Qaydaları haqqında” Nazirlər Kabinetinin 30 avqust 2010-cu il
tarixli qərarında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA tərəfindən icra ediləcək
vəzifələr təyin edilmişdir. Bu qurumların səlahiyyətləri daxilində orqanik kənd
təsərrüfatının hüquqi və fiziki inkişafını dəstəkləyən prioritet vəzifələr göstərilmişdir.
Bunlar ətraf mühitin və torpaqların analizi vasitəsilə münasib sahələrin müəyyən
edilməsi və prinsiplərin təyin edilməsi, torpaqların çirklənməsinin qarşısının alınması
və münbitliyin yaxşılaşdırılması, elmi nəticələr əsasında orqanik kənd təsərrüfatına
münasib olan əkin dövriyyəsinin və idarəetmə proqramlarının hazırlanmasıdır. Buraya
eləcə də ziyanvericilərin, alaqların və xəstəliklərin idarə edilməsi üçün bioloji,
mexaniki və aqrotexniki üsulların, bitki qalıqları və heyvan tullantılarının köməyi
ilə torpağın münbitliyini artırmaq üçün texnologiyaların hazırlanması, orqanik məhsulların
istehsalı, saxlanması və emalı üçün texnologiyaların təkmilləşdirilməsi daxildir.
Sənəddə həmçinin bioloji fəaliyyətlər vasitəsi
ilə torpaq və su ehtiyatlarının qorunması üçün qaydaların işlənib hazırlanması,
orqanik gübrələrin və kompostların hazırlanması üçün istifadə olunan texnologiyalara
dair təlimlərin təşkil edilməsi, orqanik quşçuluq və akvakultura istehsalı üçün
texnologiyaların təşkil olunması və icra edilməsi, habelə digər tədbirlər nəzərdə
tutulmuşdur.
Bu qaydaların təsdiqlənməsindən 10 ilə yaxın
vaxt keçməsinə baxmayaraq, sözügedən sahədə çox məhdud sayda fəaliyyətlərin mövcud
olduğunu müşahidə edirik.
Orqanik məhsul sadəcə kənd təsərrüfatı məhsulu
deyildir, bu eyni zamanda emal edilmiş məhsullardan da ibarətdir.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki,
xüsusi dəstək və subsidiyalar hesabına bir çox fermerlər orqanik kənd təsərrüfatına
keçmək və bu sahədə istehsalı davam etdirmək imkanı qazanıblar. Azərbaycanda yanacaq
və kimyəvi gübrələr üçün subsidiyalar verilsə də, biohumus alınması ilə bağlı sonradan
göstərilən dəstəyi nəzərə almasaq, orqanik məhsulların istehsalı, yaxud gətirilməsi
üçün xüsusi subsidiya mövcud deyil. Bu səbəbdən orqanik məhsulların istehsalını
artırmaq üçün xüsusi subsidiyaların verilməsi zərurətdir. İcra edilməli olan digər
bir iş isə fermerlərə təlimlərin keçirilməsi ilə bağlıdır. Fikrimizcə, hökumətin
qeyri-hökumət təşkilatları ilə birlikdə hər bir rayonda orqanik məhsullar üzrə ekspert
qrupları yaratması faydalı olar. "Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları”
İctimai Birliyi bu sahədə böyük təcrübəyə malikdir və dövlət qurumları ilə daha
sıx əməkdaşlıq etməyə hazırdır.
Azərbaycanda istehsal edilən və orqanik kimi
sertifikatlaşdırılmış əsas məhsullar qızılgül yağı, nar, xurma, fındıq və yabanı
toplanmış meyvələr, giləmeyvələr, habelə müalicəvi və ətirli bitkilərdir. Yeganə
orqanik heyvandarlıq məhsulu isə baldır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı
məhsullarının dadı və ətri misilsizdir. Biz bu potensialdan istifadə edərək orqanik
kənd təsərrüfatını dayanıqlı bir sahəyə, qeyri-neft gəlirlərinin əhəmiyyətli mənbəyinə
çevirməliyik.
Hazırda ölkədə yabanı məhsulların yığımı
ilə yanaşı, dənli bitkilərin, mülayim, subtropik və tropik iqlim meyvələrinin, üzümün,
zeytunun, yağlı və zülallı bitkilərin, tərəvəzin və balın "orqanik” kimi sertifikatlaşdırılmış
istehsalı mövcuddur. Azərbaycanda orqanik məhsul istehsalçıları ilk olaraq vəhşi
təbiət guşələrinin orqanik kimi sertifikatlaşdırılması və orada əsasən ixrac üçün
yabanı meyvə və giləmeyvələrin, müalicəvi və ətirli bitkilərin, qoz-fındığın yığımı
ilə orqanik istehsal təşəbbüsünə başlayıblar.
Ölkəmizdə sertifikasiyalı orqanik məhsullar
istehsal edilir, əsasən Avropa ölkələrinə və ABŞ-a satılır. Orqanik nar məhsulları,
meyvə şirələri, müalicəvi və ətirli bitkilər, fındıq əsasən ixrac bazarlarına yönəldilir.
Yerli bazarı orqanik məhsullarla təchiz etmək üçün yumurta, süd, ət və onlardan
alınan digər məhsullar daxil olmaqla geniş çeşiddə ərzaq istehsal edilməlidir. Buğda,
meyvə və tərəvəz kimi əsas ərzaq məhsullarına prioritet sahə kimi diqqət yetirilməlidir.
Bütün dünyada orqanik kənd təsərrüfatı torpaqları
kimi tanınan torpaqlarda Azərbaycanın payı 0,05, Asiya qitəsinin isə 0,216 faiz
təşkil edir. Orqanik torpaqlara keçid müddəti təxminən 2-3 il çəkir. Bunu nəzərə
alaraq bir çox dənli bitkilərdə və meyvə-tərəvəzdə ölkənin artan potensialını proqnozlaşdırmaq
olar. Müvafiq statistik məlumatlar olmasa da, müəyyən edilmişdir ki, Azərbaycanın
orqanik heyvandarlıqda, xüsusilə iri və xırda buynuzlu heyvandarlıqda, eləcə də
quşçuluq və arıçılıqda böyük potensialı var.
Ekspertlər Azərbaycanda istehsal olunan ətin
unikal dadını vurğulayır və qeyd edirlər ki, bunun səbəbi ölkədəki otlaq və örüşlərin
bir çox ot növlərindən ibarət olması, onların kimyəvi maddələrlə, sənaye tullantıları
ilə çirklənməyə məruz qalmamasıdır. Bundan əlavə, südçülük və arıçılıq məhsulları,
habelə yabanı bitkilərdə Azərbaycanın təbii potensialı ümidvericidir. Azərbaycan
meşələrlə və təbii bitki örtüyü ilə zəngin ölkədir. Odur ki, ərazilərimizdə qarpız,
bal, nar, şabalıd, fındıq, xurma, qoz, kartof yetişdirilir və bunlar heç bir süni
müdaxilələr görmədən istehsal oluna bilir. Bu sahələrin bəzilərinin yüksək məhsuldarlığına
görə seçilərək orqanik torpaqlara keçirilib sertifikasiya edilməsi mümkündür.
Orqanik məhsullara olan tələbat o zaman yüksəlir
ki, istehlakçıların istəkləri onların sağlamlıq və ətraf mühit haqqında məlumatlılığı
ilə paralel şəkildə inkişaf etmiş olur. Bütün dünyada istehlakçıların orqanik ərzaq
alması daha çox sağlamlıq məsələləri ilə bağlıdır. Bu baxımdan uşaqlı ailələr, hamilə
qadınlar və sağlamlıqla bağlı problemləri olan yetkin şəxslər orqanik məhsulların
birnömrəli istehlakçılarıdır.
İnsanların təhsil və gəlir səviyyəsi artdıqca,
onların orqanik məhsullara olan marağı da artır. Bunu nəzərə alaraq yaxın gələcəkdə
xüsusilə orqanik qida məhsullarına olan tələbatın artacağı gözlənilir. Son günlər
dünyada baş verən pandemiya bir daha sübut edir ki, sağlam, təbii və orqanik qidalanma
sahəsinin inkişafı sadəcə olaraq iqtisadi deyil, eyni zamanda bir siyasi zərurətdir.
Hazırda Azərbaycanda orqanik məhsullar əsasən
əcnəbilər, hotel şəbəkələri, eləcə də yüksək gəlirli və təhsilli ailələr tərəfindən
istehlak olunur. Orqanik məhsullar ənənəvi məhsullarla müqayisədə kifayət qədər
bahadır. Bu bazarı genişləndirmək və məhsulları aşağı gəlirli istehlakçılar üçün
də əlçatan etmək məqsədilə əlavə rüsumlar aradan qaldırılmalı və qiymətlər mümkün
qədər aşağı salınmalıdır. Bir sıra supermarketlərdə orqanik məhsullar ümumiyyətlə
yoxdur. Digərlərində isə bəzi idxal olunmuş orqanik məhsullar satılsa da, bunlar
da ayrıca rəflərdə deyil, qeyri-orqanik mallarla qarışıq şəkildə təklif olunur.
Azərbaycanlı istehlakçıların çoxu "orqanik məhsullar” anlayışı ilə tanışdır və bu
məhsulların təbii yolla istehsal edildiyinə, tam sağlam olduğuna inanırlar. Bu məhsullar
sertifikatsız olsa da, istehsalçı, emal edən, ticarətçi və vasitəçilər arasında
qarşılıqlı etimad mövcuddur.
Emin ƏLİYEV,
"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları”
İctimai Birliyinin sədri