Cəmiyyətin və iqtisadiyyatın sürətli inkişafı məhkəmə-mühasibat və tikinti-texniki ekspertizalarına olan tələbatı daha da artırıb. Məhkəmə-mühasibat ekspertizası aparılan yoxlamalarla (audit, təftiş), hesablamalarla bağlı cinayət, mülki və digər hüquqi işlər üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin qiymətləndirilməsi, maliyyə pozuntularının (çatışmazlıq, artıqlıq və digər neqativ kənarlaşmaların) müəyyən olunması, habelə hesablamaların düzgün aparılmasının müəyyən edilməsi məqsədilə xüsusi biliklər əsasında aparılan elmi tədqiqatdır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkəmə-mühasibat ekspertizası çərçivəsində əmtəə-material qiymətlilərinin və kassada pul vəsaitlərinin çatışmazlığı və ya artıqlığının olub-olmaması araşdırılır, mühasibat uçotu və hesabatların normativ aktlara uyğunluğu qiymətləndirilir, maliyyə-təsərrüfat əməliyyatlarının və kredit vəsaitlərinin uçotda düzgün əks etdirilməsi yoxlanılır, vergilərin hesablanması və nəzarət-təftiş tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması təhlil olunur. Bununla yanaşı, çatışmazlıq və artıqlığın hansı maddi qiymətlilər üzrə və hansı məbləğdə baş verdiyi, kredit vəsaitlərindən istifadə vəziyyəti, eləcə də maliyyə pozuntularının yaranma səbəbləri, başvermə dövrü və şəraiti araşdırılır, vergidən yayınma halları, uçot və nəzarət sahəsindəki çatışmazlıqlar təhlil edilir, pul vəsaitlərinin vaxtında və tam mədaxil olunmamasının səbəbləri, həmçinin kredit vəsaitlərinin təyinatdan kənar istifadəsi ilə bağlı mexanizmlər müəyyənləşdirilir.
Məhkəmə tikinti-texniki ekspertizası xüsusi mühəndis-texniki və normativ biliklərə əsaslanmaqla tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, istismarı və texniki vəziyyəti ilə bağlı məsələlərin, habelə tikinti işlərinin keyfiyyətinin və normativ tələblərə uyğunluğunun tədqiqi məqsədilə aparılan ekspertiza növüdür.
Məhkəmə tikinti-texniki ekspertizası çərçivəsində tikinti obyektinin və ya onun ayrı-ayrı elementlərinin konkret layihəyə, sənədə və ya obyektə aidiyyəti müəyyən edilir, yerinə yetirilmiş tikinti işlərinin konkret podratçı və ya icraçı tərəfindən aparılıb-aparılmadığı texniki əlamətlər əsasında qiymətləndirilir, istifadə olunmuş materialların və konstruktiv elementlərin eyniliyi araşdırılır, tikinti obyektində aparılmış dəyişikliklərin ilkin layihə ilə uyğunluğu yoxlanılır. Həmçinin obyektin texniki vəziyyətinin və istismar yararlılığının qiymətləndirilməsi, tikinti işlərinin keyfiyyətinin və normativ tələblərə uyğunluğunun müəyyən edilməsi, layihədən kənar dəyişikliklərin və normativ pozuntuların aşkarlanması, həmçinin qüsur və zədələrin, tikinti işlərinin, eləcə də tikinti materialları və konstruksiyalarının növ və xüsusiyyətlərinə görə təsnifləşdirilməsi kimi tədqiqatlar aparılır.
Hər iki sahədə məhkəmə ekspertizası idarələrinin ekspertləri ilə yanaşı, özəl məhkəmə ekspertlərinin də fəaliyyət göstərməsi ədalət mühakiməsi üçün mühüm əhəmiyyət kəsb edir.