Ensiklopedik bilik sahibi olan şəxs elm və həyatın müxtəlif sahələrində geniş, müxtəlif mövzuları hərtərəfli araşdıran böyük alim, ziyalı və nadir insandır. Belə insanlardan biri də Azərbaycan alimi, Xalq yazıçısı, dramaturq, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru, "Şöhrət" ordenli Kamal Mehdi oğlu Abdullayevdir.
Görkəmli alim eyni zamanda Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Sofiya Universitetinin ali mükafatı - "Honorary blue rıbbon ınsignia" laureatıdır. Alimin elmi maraq dairəsi dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıq kimi sahələri əhatə edir.
Kamal Abdulla güclü zəkası, möhkəm iradəsi, tədqiqatçılıq bacarığı ilə seçilir. Onun yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Kamal Abdullanın ensiklopedik fəaliyyətinə elmi yaradıcılığı, yazıçılığı, dramaturqluğu daxildir. O, Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmiş və doktorluq mövzusu da "Azərbaycan dili sintaksisinin nəzəri problemləri"nə həsr olunmuşdur. Kamal Abdulla müasir ədəbiyyatımız və dilçiliyimiz üçün çox qiymətli "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" kimi romanların, çoxsaylı hekayələrin, şeir kitablarının, "Gümüş dövrün sirləri" (poetik tərcümələr), "Labirint" hekayələr toplusunun, "Casus" və "Beyrək" kimi dram əsərlərinin, "Üç yüz azərbaycanlı", "Düma ilə Coys arasında" adlı ədəbi-tənqidi esse kitablarının müəllifidir. "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabını isə Kamal Abdullanın çoxillik (təxminən 30 ildən artıq) linqvopoetik və bədii-poetik araşdırmalarının, böyük tədqiqatçılıq təcrübəsinin məntiqi nəticəsi hesab etmək olar.
Alim "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" monoqrafiyasında Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmayan bir sıra nəzəri, eyni zamanda bəzi praktik məqamları təhlil obyekti seçmişdir. Burada Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi "Kitabi-Dədə Qorqud" dastanının dilindən başlayaraq, XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilir, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunur. Əsərdə Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən bəhs olunur və bu istiqamətdə müəllifin apardığı dərin elmi araşdırmalar monoqrafiyada öz əksini tapır.
Kamal Abdulla həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahələrində fundamental əsərlər yazan görkəmli filoloq alimdir. Onun bədii yaradıcılığı Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın, intellektual nəsrin bariz nümunələridir. Müəllifin "Sirlərin sərgüzəşti" romanı, "Tarixsiz gündəlik" povesti və müxtəlif illərdə yazdığı hekayələri diqqəti xüsusilə cəlb edir. "Sirlərin sərgüzəşti" romanı 2019-cu ildə "Ədəbiyyat qəzeti"ndə hissə-hissə dərc edilmiş, sonra "Azərnəşr"də kitab şəklində işıq üzü görmüşdür. Roman polifonikliyi ilə müxtəlif zamanların mənəvi əlaqəsinin qırılmazlığından bəhs edir. Roman ayrı-ayrı zaman və məkanlarda yaşayan insanların mənəvi-psixoloji dialoqları üzərində qurulub. Bu dialoqlar fonunda baş verən şəxsi və ailə faciələri romanı gözlənilməz situasiyalarla zənginləşdirir və oxucu üçün daha maraqlı edir. "Tarixsiz gündəlik" povesti müəllifin orta məktəb xatirələrinin melanxoliyasının anoxronik təsviridir. Povest rus və bolqar dillərində də işıq üzü görüb.
Kamal Abdullanın "Yarımçıq əlyazma" romanında oğuz igidlərinin psixoloji portretlərinin qeyri-ənənəvi modellə cilalanması, obrazların mənəvi keyfiyyətlərinin incə çalarlarınacan qabardılması personajların əzəmətini artırır, mətnin həyati cizgiləri qüvvətlənir. Yazıçı təxəyyülünün dərinliklərində gizlənən mifopoetik struktur və bədii-fəlsəfi qənaətlər "Sehrbazlar dərəsi" romanında obrazların təsvirində ortaya çıxır, personajların psixoloji cizgilərinin ustalıqla açılması insan xislətini bütün ziddiyyətləri ilə üzə çıxarır, sərt həyat həqiqətlərini anlamağa kömək edir. "Unutmağa kimsə yox..." romanında yeni qəhrəman axtarışlarının uğurlu həlli milli xarakterin orijinal təmsilçilərini ortaya çıxarır. Əsərin aparıcı surətləri müstəqillik dövrü Azərbaycan nəsrində monumental obrazlar kimi səciyyələndirilir, idraki-intellektual çalarlarla cilalanan Bəhramın müdrik əyalət insanı kimi təqdimi bədii gerçəkliyin yeniləşməsinə xidmət edir.
Kamal Abdullanın hekayələri mövzu zənginliyi və problematika baxımından, həmçinin arxitektonikasına görə özlüyündə müxtəlif qruplarda birləşir. Bəzi hekayələr qədim mifoloji mətnlərdən, bəziləri müasir insanların həyatından, bəziləri isə sirli qəhrəmanların real, yaxud irreal məkanda səyahətindən bəhs edir. Hekayələrdəki xronotopların rəngarəngliyi oxucunu təəccübləndirir və onu gözləmədiyi vəziyyətlərlə üz-üzə qoyur.
"Şah və şair" əsərinə hər bir oxucu və tamaşaçı valeh olur. Tamaşanın fabulası, məzmun və ideyası da ən azı "Casus" pyesi, "Yarımçıq əlyazma" romanı və təbii ki, "Şah İsmayıl" pyesindən tanış idi. Bu iki əsər arasında xüsusi bağlar vardır. İlk mərkəzləşdirilmiş Azərbaycan dövlətinin qurucusu, klassik poeziyamızın banilərindən olan Şah İsmayıl Xətai obrazları "Yarımçıq əlyazma"da daha sərt və ciddi imtahanla üzləşirlər.
2024-cü ilin martında Kamal Abdullanın yaradıcılığından bəhs edən "Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdullanın romanları" adlı yeni kitab işıq üzü görüb. Kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri və Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış "Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə" adlı doktorluq dissertasiyasının yenidən təşkili ilə ərsəyə gəlib.
Kitabın müəllifi Fatih Kəskin çağdaş ədəbi-nəzəri fikrə, sufizm, buddizm, freydizm, yunqçuluq və s. kimi təlimlərə, ən başlıcası isə özünün söz və sənət duyumuna arxalanıb sistemli şəkildə Kamal Abdulla romanlarındakı incəliklərə varır və inandırıcı fikirlər irəli sürür.
Müasir Azərbaycan ədəbiyyatının sayılıb-seçilən imzalarından biri olan yazıçı Kamal Abdullanın son vaxtlar Avropada, Rusiyada və Türkiyədə çap edilən əsərləri sırasına daha bir kitabı əlavə olunmuşdur. Onun bu günlərdə işıq üzü görmüş "Ruh" adlı kitabında müxtəlif illərdə qələmə aldığı, Azərbaycanda və bir çox xarici ölkə teatrlarında uğurla səhnələşdirilmiş "Kim deyir ki, Simurq quşu var imiş", "Ruh", "Pis kişi", "Yağmurlu gecələr" və "Elə bil qorxa-qorxa" dram əsərləri toplanmışdır.
Kamal Abdulla dramaturgiyasını dialoji, struktur polifoniyası, çeşidli kodlaşdırma sistemlərinin köməyi ilə ərsəyə gələn məna oyunları ilə zəngin səhnə əsərləri fərqləndirir. Ayrı-ayrı tarixi dövrlərin mifopoetik şüurunu və estetik dram təfəkkürünün modern təzahürlərini özündə birləşdirən bu əsərlər məxsusi dili, təsvir və ifadə vasitələri və özəl estetik prinsipləri ilə teatr rejissorlarının diqqət mərkəzindədir.
Kamal Abdullanın "Casus" pyesi sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu desə də, digər tərəfdən məsələyə insani mövqedən yanaşır. Boğazca Fatmanı casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.
Kamal Abdullanın "Bir, iki, bizimki" pyesi iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir. Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
2025-ci il aprelin 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kamal Abdullanın müəllifi olduğu "Bir, iki, bizimki" tamaşası nümayiş olunub. SABAH qruplarının rejissorluq ixtisası III təhsil ili tələbəsi Ülvi Məmmədlinin quruluşunda ərsəyə gələn səhnə işi postmodern estetikanı və müasir teatr dilini uğurla bir araya gətirərək tamaşaçılarda dərin təəssürat yaradır. Tamaşada tələbələr - Samirə Xanlarova (qadın), Rəşad Dadaşov (kişi), Əsmər Həbibli (qız səsi), Yusif Vəlizadə (oğlan səsi) iştirak ediblər. Tamaşanı şəxsən izləyən Kamal Abdulla səhnədə gördüklərindən kövrəldiyini qeyd edib.
2025-ci il okytabrın 27-də Ankara şəhərində akademik Kamal Abdullanın həyat və yaradıcılığına həsr olunmuş türk dünyası yazarlarının simpoziumu həmyerlimizin dünya şöhrəti qazanmasından xəbər verir.
2025-ci il noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Kamal Abdullanın "Gülçöhrə və Əsgər" adlı tamaşasının premyerasında Özbəkistan və Türkiyədən olan qonaqlarla birlikdə iştirak etdik. Tamaşanın təəssüratından indiyə qədər çıxa bilmirik. Ümumiyyətlə, tamaşaya baxmamışdan əvvəl Kamal müəllimin dəst-xətini gözəl bildiyimizdən təqribən özümüz üçün müəyyən etmişdik ki, əsər mütləq tamaşadan sonra düşündürücü, şüuraltı mesaj verəcək. Gözlədiyimizdən də aktual, maraqlı və çox məntiqli bir səhnə əsəri alınmışdı. Amma səhnənin sonunda bizim bildiyimiz çox xoşbəxt və qayğısız gənclərin bu cür acı taleyi bizi kədərləndirdi. Mən göz yaşlarımı gizlətməyə çalışdım. Amma yanımdakı özbək və türk vətəndaşlarının da göz yaşlarına qərq olduqlarını gördüm. Çünki taleyimiz eyni idi...
XI Qızıl Ordunun, rus imperializminin türk millətinə, mədəniyyətinə və ən sonda ailəsinə vurduğu zərbə olduqca ağrılı və dözülməzdir. Bir ailə faciəsinin ağrısı bütün türk millətlərinin uzun illər yaşadığı çətin dövrün səhnəciyi idi. Yırtıcı imperializm nə qədər çalışsa da, Azərbaycanın milli mənəviyyatını, mədəniyyətini və qürurunu sındıra bilməzdi. Səhnədəki sonluq kimi, acı taleyin ən çətin dövrlərini yaşayan azərbaycanlı ailə sonunda yenə də ayaqda durmağı bacarır. Öz körpələrini Parisdə əsl azərbaycanlı ruhunda böyüdür. Gülçöhrə və Əsgər çox xoşbəxt gəncliyini yaşayırdı. Onların gələcəyə böyük hədəfləri vardı. Gülçöhrə xəyallarında yaşatdığı Parisdə yaşamaq və təhsil almaq istəyirdi. Amma Əsgər Azərbaycan üçün faydalı işlər görmək arzusunda idi. Lakin mənfur düşmən, işğalçı ordu gənc ailənin bütün xəyallarını puç edir. Əsgər canından çox sevdiyi oğlu və xanımını mənfur düşməndən qorumaq üçün Parisə göndərir. Baxmayaraq ki, ailə parçalanır, amma Gülçöhrə və Əsgər əsl azərbaycanlı məfkurəsinə malik, milli düşüncəli bir gənc tərbiyə edə bilir. Budur, əsl sadiqlik, əsl vəfa. Bunların hamısı Gülçöhrə və Əsgərin simasında və bir-birinə olan saf məhəbbətində özünü tapır.
75 yaşı tamam olan akademik, dəyərli insan, görkəmli filoloq-alim, istedadlı yazıçı, şair, dramaturq Kamal Abdulla ensiklopedik bilik və fəaliyyət sahibi kimi Azərbaycandan kənarda da şöhrət qazanmışdır.
Könül ƏLİYEVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru