Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu əlamətdar gündə biz yalnız dövlət başçısına deyil, artıq
22 ildir Azərbaycan xalqı üçün qürur mənbəyinə, güc, iradə və qətiyyət rəmzinə çevrilmiş böyük Liderə ehtiramımızı bildiririk.
Qlobal miqyasda mürəkkəb dəyişikliklərin baş verdiyi, təzyiq və çağırışların artdığı taleyüklü mərhələlərdə Sizin siyasi iradəniz və davranış modeliniz gənc nəsil üçün əsl rəhbərlik nümunəsinə çevrilmişdir. Siz öz mövqeyinizlə göstərdiniz ki, çətinliklər qarşısında möhkəm dayanmaq, Vətənə sədaqəti populist sözlərlə deyil, məsuliyyət və ləyaqətlə ifadə etmək, eləcə də beynəlxalq münasibətlərdə güc nisbətləri dəyişərkən prinsipiallıqdan və mənəvi bütövlükdən geri çəkilməmək milli liderliyin əsas mahiyyətidir.
Qlobal siyasi qüvvələrin ölkəmizin haqq işinə münasibətinin birmənalı olmadığı, həqiqətlərin kölgədə qaldığı dövrlərdə belə Siz ədalətə olan inamınızı heç vaxt sarsıtmadınız, güzəşti prinsipdən üstün tutmadınız. Torpaqlarımızın işğaldan azad olunacağına, tarixi ədalətin bərpa ediləcəyinə olan sarsılmaz inamınız yalnız dövlət siyasətinin əsasını təşkil etmədi, eyni zamanda bütöv bir nəslin dünyagörüşünü formalaşdırdı.
Bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün Siz strateji uzaqgörənlik və milli məsuliyyət nümunəsinin simvolusunuz. Sizin liderliyiniz sübut etdi ki, rəhbərlik emosional reaksiyalarla deyil, müdrikliklə, güzəştlərlə deyil, qətiyyət və inamla ölçülür. Sizin milli birliyə və tarixi ədalətə sadiqliyiniz xalqımızda öz gücünə və gələcəyinə inam yaratdı. Siz bir daha göstərdiniz ki, Vətəni sevmək onun ləyaqətini qorumaq, insanına sərmayə qoymaq və layiq olduğu mövqeni dünya miqyasında təmin etməkdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Bu müstəsna tarix dünya azərbaycanlılarının milli birliyinin, mənəvi bütövlüyünün və Vətənə sarsılmaz bağlılığının parlaq təcəssümüdür. Məhz Sizin uzaqgörən və məqsədyönlü rəhbərliyiniz sayəsində bu həmrəylik daha da güclənmiş, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün milli qürur, mənəvi dayaq və güvən mənbəyinə çevrilmişdir.
Yeni ilin ölkəmizə davamlı sülh və əmin-amanlıq, xalqımıza daha yüksək rifah və inkişaf gətirməsini, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini diləyirik. Arzu edirik ki, bu Yeni il də Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli maraqlarımızın etibarlı şəkildə qorunması və gələcək nəsillərin firavanlığı naminə yeni və tarixi nailiyyətlərlə yadda qalsın.
Ən dərin hörmətlə,
Fəridə Pənahova
Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri və
“Qarabağ” məktəbinin təsisçisi