Sabah “Qərbi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.
AZƏRTAC bp-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Qərbi Azəri”dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanıb. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Səngəçal terminalına çatmışdı.
O vaxtdan “Qərbi Azəri” AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə “Qərbi Azəri” AÇG platformaları arasında “Mərkəzi Azəri”dən sonra ikinci yerdədir. Bununla da “Qərbi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.
“Qərbi Azəri” hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib. “Qərbi Azəri” obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda “Qərbi Azəri”də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir. İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.
“Qərbi Azəri” platformasının meneceri Emin İbrahimov: “Qərbi Azəri ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 min barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün “Qərbi Azəri” komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, “Qərbi Azəri” dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək”.