“Türk dünyasının müxtəlif ölkələrindən ortopediya və travmatologiya üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsi həm peşəkar əməkdaşlığın, həm də Türk dünyasında həmrəyliyin mühüm göstəricisidir“.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin Bakıda keçirilən beynəlxalq konqresində çıxışı zamanı deyib.
Səfir bildirib ki, Türk dünyasının müxtəlif şəhərlərindən gələn həkimlərin belə tədbirlərdə bir araya gəlməsi təcrübə mübadiləsi, elmi əməkdaşlıq və peşəkar əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür təşəbbüslər Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyonunda nəzərdə tutulan həmrəylik, təcrübə mübadiləsi və əməkdaşlıq məqsədlərinə də xidmət edir.
Birol Akgün Türk dünyasının minillik tarixində bir neçə böyük mədəni yüksəliş və dirçəliş mərhələsinin yaşandığını bildirib. “Dildə, fikirdə, əməldə birlik” prinsipinin bu gün də aktuallığını qoruduğunu vurğulayan Birol Akgün XXI əsrdə Türk dünyasının yeni bir dirçəliş və yüksəliş mərhələsinə daxil olduğunu deyib. O qeyd edib ki, siyasi, iqtisadi və mədəni sahələrlə yanaşı, müxtəlif peşə sahələri üzrə mütəxəssislərin əməkdaşlığı da bu yeni dövrün mühüm göstəricisidir.
Səfir Türk Dövlətləri Təşkilatının yaradılmasını Türk dünyasının siyasi müstəvidə birliyinin mühüm ifadəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, həkimlərin, alimlərin və digər peşə sahiblərinin öz aralarında əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması Türk dünyasının ümumi inkişafına mühüm töhfə verə bilər.
Azərbaycanın Türk dünyasında xüsusi yerə malik olduğunu vurğulayan Birol Akgün Bakının da bu baxımdan mühüm mərkəzlərdən birinə çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş ilk Türkoloji Qurultayın 100 illiyi bu il xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlə Bakıda türk dili, əlifba və türkologiya ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini xatırladan səfir Bakının bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrildiyini bildirib.
Birol Akgün qarşıdakı həftə Bakıda Altay xalqları ilə bağlı toplantının da keçiriləcəyini qeyd edib.
Səfir bildirib ki, Birinci Bakı Türkoloji Qurultayının 100 illiyində Türk dünyası travmatoloq-ortopedlərinin toplantısının da məhz Bakıda keçirilməsi olduqca əlamətdar və uğurlu seçimdir.
Birol Akgün Azərbaycan ilə Türkiyə arasında, eləcə də Türk dünyasının digər dövlətləri ilə əlaqələrin inkişafında elmi və peşəkar platformaların mühüm rol oynadığını vurğulayıb, konqresin uğurlu keçməsini arzulayıb.