Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən etibarən OPEC-ə üzvlükdən və OPEC+ koalisiyasından çıxacaq. OPEC-in üçüncü ən böyük neft istehsalçısı bu qərarı ölkənin uzunmüddətli strateji və iqtisadi vizyonuna, eləcə də dəyişən enerji profilinə uyğun olaraq qəbul edib. Ekspertlərin fikrincə, 59 illik üzv olan Birləşmiş Ərəb Əmirliklərinin təşkilatı tərk etməsi OPEC-də tarazlığı dəyişəcək.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin bu qərarının OPEC-in təkcə istehsal gücünü deyil, həm də qrup daxilindəki balansı dəyişdirərək kartelin neft bazarına təsirini zəiflədəcəyi gözlənilir. Çünki BƏƏ təşkilatın strukturunun formalaşmasında təsirli aktorlardan biri olub və son illərdə istehsal gücünü artırmaq tələbində ön plana çıxıb.
Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə birlikdə qrupun bazara təsiri üçün əsas mexanizm olan əhəmiyyətli ehtiyat istehsal gücünə malik azsaylı OPEC üzvlərindən biridir. Son dövrlərdə neft hasilatı gücünə 62 milyard dollar sərmayə yatıran Əbu-Dabi hökuməti bu investisiyanı gəlirə çevirməyi hədəflədiyi üçün istehsal məhdudiyyətləri tətbiq etmək əvəzinə, OPEC üzvlüyündən çıxmaqla neft ixracı üzrə gəlirlərini artırmağı hədəfləyir.
Mütəxəssislərin qənaətinə görə, Hörmüz böhranı ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin bu qərarının bazara qısamüddətli təsiri məhdud qalacaq, lakin uzunmüddətli perspektivdə bu, struktur olaraq daha zəif OPEC demək olacaq. Bu qərar xüsusilə Yaxın Şərqdəki münaqişə bitdikdən və Hörmüz boğazı tam açıldıqdan sonra daha əhəmiyyətli nəticələrə səbəb olacaq.
Bəzi ekspertlərə görə isə, bu qərar OPEC üçün sonun başlanğıcı ola bilər. Çünki BƏƏ Küveytlə birlikdə OPEC-in əsas strukturunu formalaşdırıb.
Qeyd edək ki, 1967-ci ildə Əbu-Dabi Əmirliyi vasitəsilə OPEC-ə qoşulan Birləşmiş Ərəb Əmirlikləri 1971-ci ildə ölkə qurulduqdan sonra üzvlüyünü qoruyub saxlayıb.
1960-cı il sentyabrın 14-də neft hasil edən ölkələrin təchizat siyasətini əlaqələndirmək üçün qurulan OPEC-in hazırda 12 üzvü var: Əlcəzair, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela. Birləşmiş Ərəb Əmirliklərinin qrupdan ayrılması ilə OPEC-in üzvlərin sayı 11-ə enəcək.
OPEC ölkələri qlobal neft ehtiyatlarının təxminən 80 faizinə sahibdirlər və qlobal miqyasda xam neft istehsalının təxminən 38 faizini həyata keçirirlər. OPEC-in qlobal neft ixracındakı payı isə 50 faizdən çoxdur.