Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən bir neçə ictimai iaşə və ticarət obyektlərində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən fiziki şəxs Südabə Əsgərovaya məxsus “Ucuz market” mağazasında aparılan yoxlamalar zamanı müəssisənin soyuducu anbarında qablaşdırılması düzgün aparılmayan, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan “Halal Qafqaz toyuqları” və Giləzi Quşçuluq Şirkətinə məxsus olan toyuq ətləri aşkar edilmişdir. Həmçinin bu məhsulların uyğunluq sertifikatları da yoxlamaya təqdim edilməmişdir.
Aşkar edilmiş nöqsanlarla bağlı məhsulların saxlanma anbarına və ticarət sahəsinə baxışın keçirilməsi haqqında protokol, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.
Abşeron rayonu, Novxanı kəndində yerləşən “Bakı-Praqa” MMC-də yoxlamalar zamanı burada istehsal olunan “Novxanı”, “Starapraqa”, ”Starapraqa Draft” və “Golden Malt” pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməmiş, məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi aşkar edilmişdir. Bundan əlavə, etiketlənmə zamanı məhsulun yararlılıq müddəti 21 gün olduğu halda, əsassız olaraq 30 gün olaraq qeyd edilmiş, məhsulun istehsalında istifadə edilən bəzi qatqılar etiketlənmədə öz əksini tapmamışdır. Həmçinin istehsal olunan məhsul sınaqlar aparılmadan satışa çıxarıldığı, istehsalat laboratoriyasında istismar edilən ölçmə və sınaq vasitələrinin böyük əksəriyyətinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunmuşdur.
Aşkar olunmuş nöqsanlarla bağlı məhsullardan nümunələr seçilərək müayinə olunması üçün laboratoriyaya təqdim edilmiş, müəssisənin rəhbərinə məhsul istehsalı və satışının, yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir.
Araşdırmalar davam etdirilir.
Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən qarajda fiziki şəxs Samir İsrafilov tərəfindən idxal olunan ətriyyat məhsullarının saxlanılması zamanı standartın tələblərinin pozulduğu aşkar edilmişdir. Ətriyyatlar dəmir örtüklü avtomobil qarajında temperatur və nəmlik rejiminə əməl edilmədən saxlanılır. Bundan əlavə, böyük ölçülü alüminium qablarda saxlanılan ətriyyatlar sonradan kiçik ölçülü qablara doldurularaq tanınmış brend adları ilə etiketlənib satışa çıxarılır. Həmçinin idxal olunan məhsulların bir çoxunun üzərində istehsalçı müəssisənin adı, normativ sənədin işarəsi, istehsal və son istifadə tarixi, Azərbaycan dilinə tərcümə olunmuş izahat vərəqələri olmamışdır.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.
Bakı-Sumqayıt şosesinin 13-cü kilometrliyində yerləşən, qənnadı məmulatlarının istehsalı və idxalı ilə məşğul olan “Bolluq LTD” MMC-də aparılan yoxlamalar zamanı idxal edilmiş “Slakon” nişanlı tortların üzərində Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları haqqında məlumatların əks olunmadığı aşkar edilmişdir.
Müəyyən edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.
Ağsu şəhərində yerləşən fiziki şəxs Saleh Quliyevə məxsus “Quzey bənövşə” yeməkxanasında aparılan dövlət nəzarəti tədbirləri zamanı istifadə olunan ərzaq xammallarının uyğunluq sertifikatlarının olmadığı, məhsulların saxlanma rejiminə əməl olunmadığı, gigiyenik normalara riayət olunmadığı müəyyən edilmişdir.
Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.