09 Noyabr 2014 02:11
3377
CƏMİYYƏT
A- A+
Bayraq meydanı - Azərbaycanda müqəddəs ünvan

Bayraq meydanı - Azərbaycanda müqəddəs ünvan

 

Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq...

 

İlham ƏLİYEV

 

Bu gün Azərbaycan xalqı Dövlət Bayrağı Gününü qeyd edir. Bayraq qürur yerimiz, dövlət rəmzimizdir, həm də milli kimliyimizdir. O kimlik ki, bizi dünyaya təqdim edir və hər yerdə bizdən yuxarıda, bizdən öndə dayanır. Bir də vətənpərvərliyin tamamilə cəm olduğu bir  ucalıqdır bayraq...

Elə buna görə də tarixən vətənpərvər ruhda köklənən Azərbaycan xalqı üçrəngli bayrağına böyük hörmət və yüksək ehtiram bəsləyir. Təsadüfi deyil ki, bu gün bütün şəhər və rayonlarda Bayraq Meydanı tikilib istifadəyə verilib. Həmin meydanlarda mühüm dövlət tədbirləri, bayram şənlikləri və digər görüşlər keçirilir.  Artıq o bölgə, o rayon yoxdur ki, oraya gedəndə möhtəşəm bayrağın sancıldığı qürur yerini görməyəsən. Paytaxt Bakıda isə bir neçə yerdə dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür.

2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə paytaxtda açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı isə bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsi oldu. Bununla Azərbaycan tarixdə bir ilkə imza atdı - dünya üzrə ən hündür bayraq dirəyi Xəzərin qoynuna sancıldı. Eni 35, uzunluğu 70 metr, kütləsi təqribən 350 kiloqram olan bayrağın dirəyinin hündürlüyü isə 162 metrdir. Bu möhtəşəm Bayraq Meydanı öz əzəməti ilə Bakının simvoluna çevrilib. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Təsadüfi deyil ki, "Ginnes" Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

 

Dövlət bayrağına olan dərin ehtiramın və məhəbbətin təcəssümü...

 

9 noyabr Dövlət Bayrağı Günü öncəsi Dövlət Bayrağı Meydanında olduq, oradakı Dövlət Bayrağı Muzeyinə baş çəkdik.  Burada qədim dövr Azərbaycan dövlətlərinin bayraqlarından tutmuş, müasir dövrümüzü əhatə edən bir-birindən maraqlı eksponatlar sərgilənir.

Bütün bunlar barədə ətraflı danışmazdan əvvəl Dövlət  Bayrağı Meydanının necə ərsəyə gəlməsinə nəzər salaq. Meydanın yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət başçısı, həmçinin 2009-cu il noyabrın 17-də  Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. (Qeyd: Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub). Dövlət Bayrağı Meydanının təməli isə 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Ümumi ərazisi 60 hektar olan Bayraq meydanında bütün infrastruktur yaradılıb. Bayraq dirəyinə yaxınlaşdıqca onun nəhəngliyi və dalğalanan bayrağın əzəməti insanda bir az da təəccüb yaradır. "Necə də nəhəngdir"- deyə, qürur hissi keçiririsən. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Dövlət Bayrağı Muzeyi bayraq dirəyinin mərkəzində yaradılıb. Azərbaycanda ucaldılmış dövlət bayrağının dünyada ən hündür dirəyə malik olmasını təsdiq edən "Ginnes" Rekordlar Təşkilatının şəhadətnaməsi də məhz bu muzeydə sərgilənir.

Muzeyin girişində yer alan üçrəngli dövlət bayraqları ziyarətçiləri "salamlayır". Burada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimlərini əks etdirən fotoguşə də yaradılıb. Giriş qapısından sağ tərəfdə isə muzeyin açılışı münasibətilə  9 noyabr 2010-cu ildə Prezident İlham Əliyevin öz xətti ilə yazdığı təbrik yer alıb. Təbrikdə deyilir:

"Azərbaycan Dövlət Bayrağı Muzeyinin açılışı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycan Dövlət Bayrağı Meydanında yerləşən bu muzey Azərbaycan xalqının öz bayrağına olan dərin ehtiramının və məhəbbətinin təcəssümüdür. Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq. Eşq olsun Azərbaycan bayrağına, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

 

Elektron kitabxana insanı heyrətləndirir

 

Bizi müşayiət edən Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmanverdiyeva dedi ki, Dövlət Bayrağı Meydanı və muzeyinin tikintisi dövlətçilik tariximizə olan yüksək münasibətdən irəli gəlir. Bura artıq böyük memarlıq və tarixi  abidə sayılır: "Bayraq Muzeyinin açılışı 2010-cu il  9 noyabr - Bayraq Gününə təsadüf edir. Muzeyin açılışında əsas məqsəd qədim və zəngin dövlətçilik tariximizin təbliğ olunmasıdır. Bu muzey gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsinə xidmət edir. Bu gün xeyli sayda gənc muzeyi ziyarətə gəlir. Biz də sırf dövlətçilik tariximizi əks etdirən atributlarla onları yaxından tanış edirik".

Muzey dairəvi formadadır. Burada ekskursiyaya başladıqda ilk qarşılaşdığın "Heydər Əliyev Ordeni", "Şöhrət", "İstiqlal", "Vətənə xidmətə görə", "Azərbaycan Bayrağı", "Şərəf", "Dostluq", "Qızıl Ulduz" və s. orden və medalları olur. Sonra Azərbaycan Respublikasının Prezidenti Ştandartı yerləşdirilib. İrəlilədikcə qədim Azərbaycan dövlətlərinin və Azərbaycanın 1922, 1924, 1937, 1952 və 1990-cı illərdə qəbul edilmiş bayraqlarını görürsən. Burada diqqət çəkən ən maraqlı bayraqlardan birincisi isə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Türkiyə səfirliyi qarşısında dalğalanan bayraqdır. Həmin bayraq bir az solğunlaşsa da, muzeydə öz orijinallığı ilə fərqlənir. İndi isə bu bayrağın 96 yaşı var.

Xüsusi diqqət çəkən qurğulardan biri də Elektron kitabxanadır. Bu kitabxanaya dövlət atributlarına, xüsusən də bayrağa aid bütün materiallar yerləşdirilib. Divarda əks olunan elektron kitab rəfində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən nəşrlər də yer alıb. Qurğunun özəlliyi ondan ibarətdir ki, heç bir kitaba fiziki olaraq toxunmursan, bir az yaxında duraraq, sadəcə, əl hərəkətləri ilə istədiyin kitabı götürüb oxumaq olur. Sağ əli qaldırıb sağdan sola aparmaqla kitabı səhifələmək mümkündür. Hər iki əli bir-birinə yaxınlaşdırdıqda isə kitab bağlanır və rəfdəki yerini tutur. Qurğu muzeyə gələn ziyarətçilərin böyük marağına səbəb olur.

 

Dünyanın 21 zirvəsində ucaldılmış bayraq muzeydə sərgilənir

 

Dövlət bayraqları ilə yanaşı, ayrı-ayrı qurumların da bayraqları muzeydə yer alıb. Misal olaraq, Hərbi Dəniz Qüvvələrinin Bayrağı, Hərbi Hava Qüvvələrinin Bayrağı, Azərbaycan Silahlı Qüvvələri Hərbi Hissəsinin Döyüş Bayrağı və  başqalarını göstərmək olar. Muzeydə, həmçinin Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətinin mərasim geyim formaları da nümayiş olunur.

Muzeyin direktorunun sözlərinə görə, buradakı eksponatlar ildən-ilə artır, yenilənir. Amma bu, elə də asan başa gəlmir. Muzeyi zənginləşdirmək üçün böyük zamana ehtiyac var. Yeni eksponatlardan biri də dünyanın 21 zirvəsində ucaldılmış, hətta Everesti (Comolunqma - dünyada ən hündür zirvə, 8848 metr) belə fəth etmiş bayraqdır. Bu bayrağı Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu cari ilin may ayında muzeyə hədiyyə edib.

Dövlət Bayrağı Muzeyi bir sıra qurumlarla əməkdaşlıq edir. Məktəblilər və tələbələr üçün şərait yaradılır ki, onlar Bayraq Muzeyinə ekskursiyalar etsinlər. Muzeydə açıq dərslər də təşkil olunur. Hər hansı bir tarixi gündə, dövlət bayramlarında şagirdlər muzeyə dəvət olunur və onların iştirakı ilə müxtəlif  səhnəciklər qurulur. Muzey əməkdaşları da məktəblərə gedib təbliğat işi aparırlar.

Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyi ölkəmizə gələn xarici qonaqların da heyrətinə səbəb olur. Onlar muzeyə gələrkən Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramın şahidi olurlar. Muzeydə sərgilənən eksponatlar sırasında XVIII əsrə aid Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və həmin əsrə aid sıravi əsgər geyimləri də qonaqların marağına səbəb olur.

Eksponatlarla tanış olduqdan sonra böyük əhval-ruhiyyə ilə Dövlət Bayrağı Muzeyini tərk etdik. Bir daha əmin olduq ki, Azərbaycan qədim dövlətçilik tarixinə böyük hörmət və ehtiramla yanaşır. Türkçülük, islamçılıq və müasirliyimizin simvolu olan üçrəngli bayrağımız isə hər zaman yüksəklərdə dalğalanmağa layiqdir. Necə deyərlər, bir kərə yüksələn bayraq, bir daha enməz!

 

Elgün MƏNSİMOV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!