Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda həyata keçirdiyi sülh siyasəti dünya birliyi tərəfindən dəstəklənir ki, bunun nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın öz ərazisindən Ermənistana tranzit yükdaşımalarına imkan yaratması Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan əməkdaşlığa keçidin ən praktik və diqqətçəkən nümunələrindən biridir. Bu addımı yalnız iqtisadi və logistika qərarı kimi qiymətləndirmək kifayət deyil. Onun siyasi, humanitar və geoiqtisadi mahiyyəti də var. Xüsusilə 2025-ci ildən etibarən tranzit məhdudiyyətlərin aradan qaldırılması və 2026-cı ildə bu istiqamətdə daşımaların davam etməsi Azərbaycanın münasibətlərin normallaşdırılması üçün konkret addımlar atmağa hazır olduğunu göstərir.
Azərbaycan və Ermənistan münasibətlərində uzun müddət nəqliyyat və iqtisadi əlaqələr qarşıdurmanın təsiri altında olub. Bu baxımdan Azərbaycanın öz ərazisindən Ermənistana üçüncü ölkələrdən gələn yüklərin tranzitinə şərait yaratması mühüm əhəmiyyət daşıyır. Burada əsas məqam yükün kimə getməsi deyil, iki ölkə arasında yeni münasibətlər modelinin formalaşmasıdır. Siyasi dialoq yalnız bəyanatlardan və sənədlərdən ibarət olduqda onun davamlılığı zəif olur. Əksinə, dəmir yolu, avtomobil yolu, enerji, ticarət və logistika kimi konkret sahələrdə qarşılıqlı faydalı mexanizmlərin yaranması sülhün gündəlik həyata inteqrasiyasına imkan verir. Bu mənada tranzit məsələsi etimadın yaradılması üçün kiçik, lakin praktik addımdır.
Azərbaycan sülh siyasətinə sadiqdir və nəticələr göz qabağındadır. Bu siyasətin yalnız siyasi bəyanat səviyyəsində qalmadığını real daşımalar göstərir. 2025-ci ilin noyabrında Rusiya–Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu ilə buğda yükünün daşınması tranzit mexanizminin praktiki sınaqlarından biri oldu. Sonrakı mərhələdə Azərbaycan üzərindən Qazaxıstandan da Ermənistana buğda göndərilməsi həyata keçirildi.
Ötən həftə 2 dəfə Ermənistana Azərbaycan üzərindən tranzit olaraq taxıl, gübrə, kömür, tikinti materialları, neft və neft məhsulları göndərilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana isə 17 milyon 372,1 min dollar dəyərində mal ixrac edilib. Belə ki, Azərbaycandan Ermənistana 10 min tondan çox dizel və müxtəlif markalı benzinin tədarükü həyata keçirilib. Bu rəqəmlər mühüm bir həqiqəti göstərir. Söhbət yalnız diplomatik jestdən getmir. Qarşılıqlı münasibətlərdə iqtisadi və logistika əlaqələrinin real elementləri formalaşmağa başlayıb.
Azərbaycanın xoşniyyətli siyasətinin bir neçə əsası var. İlk növbədə tranzit imkanının yaradılması Ermənistanın təchizat marşrutlarının şaxələndirilməsinə kömək edir. Dəmir yolu ilə daha böyük həcmdə taxıl və digər strateji məhsulların daşınması Ermənistan üçün logistika xərclərinin və təchizat risklərinin azalmasına şərait yaradır.
İkincisi, Azərbaycan hökuməti ərazisindən keçən nəqliyyat imkanlarını yalnız öz iqtisadi maraqları üçün deyil, regiondakı digər ölkələrin də istifadəsinə təqdim edir. Azərbaycanın ümumi nəqliyyat strategiyasında ölkə ərazisinin Avropa ilə Asiya arasında tranzit qovşağına çevrilməsi mühüm yer tutur.
Üçüncüsü, belə addımlar sülh prosesinin cəmiyyətlər üçün görünən iqtisadi nəticələrini yaradır. İnsanlar və biznes qurumları sülhün faydasını yalnız siyasi sənədlərdə deyil, daha ucuz logistika, daha sabit təchizat və yeni ticarət imkanlarında gördükdə sülhə olan maraq da güclənir. Lakin xoş niyyət və milli maraq bir-birini istisna etmir.
Azərbaycan regional nəqliyyat qovşağına çevrilmək istəyir. Şərq–Qərb və Şimal–Cənub dəhlizləri üzrə infrastruktura böyük investisiyalar qoyulması bunun göstəricisidir. Bu baxımdan Ermənistan istiqamətində tranzitin açılması Azərbaycanın daha geniş nəqliyyat siyasətinə də uyğundur. Bakı həm siyasi etimad yaradır, həm də öz ərazisinin tranzit əhəmiyyətini artırır. Bu, beynəlxalq münasibətlərdə tamamilə normal yanaşmadır. Tranzit yükdaşımalarının bərpasının ən mühüm potensial nəticəsi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat məsələsi tədricən qarşıdurma mövzusundan əməkdaşlığa çevrilə bilər.
2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə çərçivəsində Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması istiqamətində “Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) formalaşdırılması nəzərdə tutulub. Azərbaycan ərazisində Horadiz–Ağbənd xəttinin inkişafı da daha geniş regional nəqliyyat konsepsiyasının bir hissəsidir. Belə bir şəraitdə Azərbaycan ərazisindən Ermənistana tranzit yalnız ayrıca logistika əməliyyatı deyil, Cənubi Qafqazda sərhədlərin iqtisadi əlaqələrə maneə olmaqdan çıxması istiqamətində daha geniş prosesin elementi kimi qiymətləndirilməlidir.
Azərbaycan-Ermənistan münasibətlərində etimadın tam formalaşdığını söyləmək hələ tezdir. Onilliklərlə davam etmiş münaqişənin yaratdığı siyasi və ictimai travmalar qısa müddətdə aradan qalxmır. Bununla belə, praktiki əməkdaşlıq qarşılıqlı maraq yaradır. Əgər Azərbaycan ərazisindən Ermənistana yük daşınması iqtisadi baxımdan səmərəli olur, Azərbaycan tranzit gəliri əldə edir, Ermənistan isə daha etibarlı təchizat marşrutuna sahib olursa, onda hər iki tərəfin bu mexanizmin davamlılığında marağı artır ki, bu da sülhün ən möhkəm formalarından birinə — qarşılıqlı asılılığa əsaslanan sülhə aparan yollardan biridir.