24 Avqust 2025 08:40
839
SİYASƏT
A- A+
Azərbaycanın strateji tərəfdaşları: qarşılıqlı maraqlardan doğan səmərəli əməkdaşlıq mexanizmi

Azərbaycanın strateji tərəfdaşları: qarşılıqlı maraqlardan doğan səmərəli əməkdaşlıq mexanizmi


Bir dövlətin fərqli geosiyasi maraq və hədəfləri olan, mənafeləri ziddiyyət təşkil edən digər dövlətlərlə strateji münasibətlərə malik olması xarici siyasətdə müstəqilliyin ən aşkar əlamətidir. Müasir beynəlxalq durumdan çıxış etmiş olsaq, heç də hər dövlət müxtəlif geosiyasi qütbləri təmsil edən güc mərkəzləri ilə eyniməzmunlu və səviyyəli münasibətlərə müvəffəq ola bilmirlər. Dünya düzəninə və nizamına fərqli baxışları ilə seçilən ölkələrlə strateji əlaqələrin nəinki mövcudluğu, hətta işləkliyi mexanizmini idarə etməyi istisnasız olaraq balanslaşdırılmış xarici siyasət kursuna malik ölkələr həyata keçirə bilərlər. Əslində məhz bu kimi xarici siyasət gündəmi olan dövlətlər də beynəlxalq aləmin əsl müstəqil aktorlarıdırlar.

 Azərbaycanın müstəqil siyasətinin əsas prinsipləri arasında tarazlı diplomatiya, beynəlxalq hüquq normalarına riayət, milli maraqların qorunması və regional əməkdaşlığın təşviqi önəmli yer tutur. Ölkəmiz bu prinsipləri rəhbər tutaraq həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıqlar qurur və öz mövqeyini möhkəmləndirir.

Bu prinsiplərin hər birinə ayrı-ayrılıqda qısaca nəzər salsaq görərik ki, ölkəmiz tarazlı diplomatiya prinsipinə sadiq qalaraq, müxtəlif geosiyasi bloklar arasında balansı qorumaqla həm regional, həm də beynəlxalq miqyasda sabitlik və əməkdaşlıq mühitini təmin edir. Azərbaycan qonşu dövlətlərlə, həm də Qərb ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu yanaşma ölkənin xarici siyasətində riskləri azaltmağa və müxtəlif tərəfdaşlarla faydalı əlaqələr qurmağa imkan verir. Məsələn, Azərbaycan enerji siyasətində həm Avropa  bazarlarını qazla təmin edir, həm də bu ölkələrlə konstruktiv münasibətlər qurur. Milli maraqların qorunması isə Azərbaycanın müstəqil siyasətinin mərkəzində durur.

Strateji münasibətlər özündə iki və ya daha çox tərəf, yəni dövlət arasında əlaqələrin müxtəlif sahələrində ümumi, fundamental maraqlara və qarşılıqlı məqsədlərə əsaslanan uzunmüddətli, məqsədyönlü və qarşılıqlı təmasları ehtiva edir. Bu cür əlaqələr sıx əməkdaşlıqdan ibarətdir, çox vaxt təhlükəsizlik, müdafiə, iqtisadiyyat və sosial inkişaf kimi həyati vacib sahələri nəzərdə tutur və uzunmüddətli, qarşılıqlı faydalı məqsədlərə nail olmağa yönəlir.

Azərbaycan hansı dövlətlərlə strateji münasibətlərə malikdir? Yaxud, beynəlxalq  sistemdə Azərbaycanın əlaqələrinin keyfiyyətcə ən üst qatını əks etdirən münasibətləri hansı dövlətlərlə qurulub? Bu sualların cavabını tapmağa çalışdıq.

 

Prioritet istiqamət: Türkiyə və türk dünyası

 

Azərbaycanın Türkiyə ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələsi 2020-ci ilin Vətən müharibəsi və bir il sonra - 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə tənzimlənir. Bu sənədə görə tərəflər arasında strateji münasibətlər dövlətlərin bütün fəaliyyət sferalarında qarşılıqlı yardımlaşmasını əhatə edir. Əsas maraq doğuran məqamlar müdafiə və təhlükəsizlik aspekti olduğundan ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, əgər dövlətlərdən hansınasa xarici siyasət təhdidi varsa, bu, avtomatik olaraq digərinə qarşı da yönəlmiş təhlükədir.

Əslinə qalsa Azərbaycanla Türkiyə arasında olan münasibətlər strateji səviyyədən daha alidir, çünki qardaşlıq prinsipinə əsaslanır. Mahiyyət etibarilə mövcud olan bağlarımız strateji münasibətlərdən də əhəmiyyətli, əhatəli və miqyaslıdır. Çünki iki qardaş dövlət arasındakı əlaqələr təbiət etibarilə strateji xarakter daşıyır. Bununla belə, sözügedən sənəd tərəflər arasında konkret sahələri əks etdirir və qarşılıqlı məsuliyyətin paylaşılması öhdəliyini təsbit edir.

Türkiyə və Azərbaycan böyük türk dünyasının aparacı üzvləridirlər və bu baxımdan ümumtürk coğrafiyası kontekstində Bakı-Ankara münasibətləri də nəzərə alınır. Azərbaycanla Türkiyə zəngin karbohidrogen ehtiyatları və kəmərlər infrastrukturu ilə Avropa qitəsinin müasir enerji təhlükəsizliyi arxitekturasında aparıcı amilə çevrilib. Bu gün Azərbaycan Aİ-nin 10 üzvünü mavi yanacaqla təmin edir.

Bu ilin may ayında Laçında keçirilən Zirvə görüşündə dövlətimizin başçısı dedi: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir... Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik".

Bütün bunlarla yanaşı Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə münasibətlərinin təkamülü istiqamətində bu əlaqələrə bir qədər ayrı müstəvidə baxmağa ehtiyac var. Azərbaycanla Orta Asiya dövlətləri arasındakı bağlar Türkiyə ilə olduğu kimi, tarixi və mənəvi köklərə malikdir. Müasir dövlətçilik baxımından biz vahid sovetlər ittifaqının tərkibində olmuşuq və bu formatda da əlaqələrimizi qoruyub saxlayaraq inkişaf etdirmişik. Müstəqillik əldə etdikdən sonra isə təmaslar tam əsaslı müstəqil tərəflər formatına transformasiya olunub.

Sirr deyil ki, Azərbaycanın bu coğrafiyanın təmsilçiləri ilə münasibətlərinin keyfiyyətcə fərqli dövrə keçidi Vətən müharibəsindən sonra bərqərar olmuş yeni reallıqla sıx bağlıdır. Əgər bu dövrədək əlaqələrimiz mənəvi faktora bağlı və daha çox nəzəri əhəmiyyət kəsb edirdisə, 2020-ci ildən sonra yaranmış fərqli situasiya tərəflər arasında siyasi konsolidasiya və iqtisadi birgə iş birliyinə yeni nəfəs vermiş oldu. Münasibətlərimiz praktiki görüntü almağa başladı.

Bu gün bizi nəinki enerji, nəqliyyat, sərmayə yatırımı kimi iqtisadi amillər bir-birimizə yaxın edir, hətta bu məqamlar vahid sistemin təmsilçiləri kimi birgə addımlarımızın koordinasiyasını tənzimləyir. Məhz buna görə də Azərbaycanın strateji tərəfdaşları arasında Türkiyə və türk dünyasının prioritet statusu var. Bu, strateji əlaqələrin keyfiyyətcə ən ali məqamıdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycanın türk dünyası ilə əlaqələrini ailə formatı prizmasından xarakterizə edir.

 

Zəngin imkanlar və dinamik gündəm

 

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan yüksəksəviyyəli nümayəndə heyətləri arasında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə bir çox sənədlərin imzalanması mərasimi olub. Bu onu göstərir ki, Azərbaycanla Türkmənistan və Özbəkistan arasında, xüsusilə enerji və nəqliyyat sahələrində münasibətlər son illərdə daha da inkişaf edib. Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olunub, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulanıb. Xüsusilə BMT Baş Assambleyasında "Türkmənistanın daimi neytrallığı" adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunulub. Bu xüsusda keçirilən Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulanıb, tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə geniş tərkibdə görüşdə dövlətimizin başçısı İlham Əliyev deyib: "Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.

Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır".


Qərblə strateji əlaqələr: ABŞ və Avropa İttifaqı

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakını Qərblə yaxınlaşdıran fundamental təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəmi mövcud olub. Ölkəmizin iqtisadi inkişafı və sıçrayışının əsasını təşkil edən enerji resurslarından səmərəli istifadə siyasəti Qərblə sıx əməkdaşlıq nəticəsində həyata keçirilib. Əsası 1995-ci ildə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulan bu münasibətlər şaxələnərək günümüzdə ən müxtəlif istiqamətləri özündə əks etdirir.

Qərbə siyasi terminologiya nöqteyi-nəzərindən yanaşsaq, ABŞ və Aİ ilə münasibətləri fərqləndirməliyik. Hər iki güc mərkəzləri ilə əlaqələr müxtəlif mərhələlərdə enişli-yoxuşlu olub ki, bu da onların hakim dairələrində təmsil olunan siyasi qüvvələrin xarici siyasət prioritetləri ilə bağlıdır. Məsələn, bugünkü Bakı-Vaşinqton münasibətlərinə olan yanaşma Co Bayden administrasiyası dövrü üçün nəinki aktual deyildi, ümumiyyətlə, müqayisəedilməzdir. Avropa ilə əlaqələr müstəvisinə keçsək, Azərbaycan Aİ-nin ayrı-ayrı təmsilçiləri ilə strateji münasibətlərə malikdir, ancaq ümumtəşkilat səviyyəsindəki təmaslar heç də hər zaman ürəkaçan olmayıb. Aİ Fransa və onun təsir dairəsində olan bir sıra dövlətlərin basqısı altına düşən qurumdur deyə, mövcud münasibətlərin siyasi aspektləri heç də iqtisadi işbirliyinin ruhuna cavab vermir. Biz tez-tez Brüsseldən gələn haqsız və məntiqsiz siyasi qərəzin hədəfinə çevrilirik. Baxmayaraq ki, Azərbaycan təşkilatın 10-a yaxın üzvünü belə bir kritik geosiyasi vəziyyətdə mavi yanacaqla təmin edir.

Aİ ilə Azərbaycanın gündəmini bir çox hallarda Ermənistanla aramızda olan 30 illik gərgin münaqişə müəyyən edir. Bu baxımdan ümid etmək olar ki, yekun sülh sazişinin imzalanması ərəfəsində Brüsselin Bakıya münasibətdə ədalətsiz kursu korreksiyaya məruz qalacaq.

O ki qaldı ABŞ ilə əlaqələrə, 8 avqust 2025-ci il bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən tarixə çevriləcək. Məhz bu gün Bakı ilə Vaşinqton münasibətləri strateji səviyyəyə qaldırmaq əzmini nümayiş etdiriblər və dövlət başçıları İlham Əliyev və Donald Trampın tapşırığı ilə tərəflər arasında bu yöndə fəal və təxirəsalınmaz tədbirlərə start verilib.

 

Strateji əlaqələrin Şərq istiqaməti: Çin

 

Dünyanın yeni güc mərkəzi və gündən-günə iqtisadi imkanları artan aktoru - Çinlə Azərbaycan arasındakı strateji münasibətlər haqqında Birgə Bəyannamə Prezident İlham Əliyevin Pekinə tarixi səfəri zamanı imzalanıb. 3 iyun 2024-cü il tarixli sənəd Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə toplantısı çərçivəsində əldə edilmiş razlaşma və bir neçə mərhələli məhsuldar diplomatik fəaliyyətin bəhrəsidir. Çin dünyanın sürətlə inkişaf edən və birinciliyə iddiasını ortaya qoyan iqtisadi gücüdür. Pekin, tərəfdaşlarına keyfiyyətcə tam fərqli əməkdaşlıq formulu təklif edir ki, burada siyasi rəğbət və daxili işlərə qarışmaq kimi amillər kökündən inkar olunur. Çinin təklif etdiyi əlaqələr modeli qarşılıqlı maraqlar çərçivəsində bərabərhüquqlu münasibətlərin mövcud olmasıdır. Müstəqil xarici siyasətə üstünlük verən, asılılığı inkar edən və bərabərstatuslu münasibətlər sistemini təşviq edən gündəmə malik Azərbaycan üçün bu düstur olduqca əlverişlidir.

Çin Azərbaycan iqtisadiyyatındakı təmsilçiliyini getdikcə daha da gücləndirir. Həyata keçirilən birgə iqtisadi layihələrin tərəf müqabili olaraq bu ölkənin təmsilçiliyi artır və özünün səmərəli nəticəsini göstərir. Bu gün Çinlə Azərbaycan qlobal logistika layihəsinin həyata keçirilməsi prosesində sıx əməkdaşlıq edirlər. Orta dəhliz Çinin zəngin və texnoloji cəhətdən qabaqcıl bazarları ilə Qərbi birləşdirən transmilli ticarət arteriyası olacaq və bu prosesdə Azərbaycanın xüsusi yeri və rolu var.

 

Yaxın Şərq və islam dünyası

 

Azərbaycanın yiyələndiyi orta güc statusu və beynəlxalq münasibətlər sistemində artan nüfuzu və çəkisi rəsmi Bakının tam fərqli, bölgəmizdən uzaqlarda geosiyasi fəaliyyətini gücləndirməsinə səbəb olub. Bu yanaşmanı əsas götürsək, Yaxın Şərqin müsəlman dövlətləri ilə olan əlaqələrini xüsusi vurğulamağa ehtiyac var. İslam dövlətləri ilə bizi ümumi maraqlar birləşdirir və onların inkişafı həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilir.

Rəsmi Bakının Yaxın Şərq müstəvisindəki fəallığından danışırıqsa, bölgənin vacib iştirakçısı olan Təl-Əvivlə münasibətlərə toxunmaya bilmərik. Azərbaycan bu gün İsrail-Türkiyə və İsrail-Suriya münasibətlərinin normallaşması prosesində fəal vasitəçilik edir. Bu, dövlətimizin regiondakı siyasi çəkisini artırır və təsadüfi deyildir ki, Qərbdə Bakının İsrailin müsəlman dünyası ilə münasibətlərini tənzimləyən Avraam razılaşmalarına qoşulması təşəbbüsü getdikcə daha intensiv şəkildə səslənir. Bu, həm İsrailin, həm də bütövlükdə Qərbin Azərbaycanın vasitəçilik resursuna olan etimadının göstəricisidir.

Əgər Yaxın Şərqdən danışırıqsa, mütləq halda yeni reallığın ərsəyə gətirdiyi bir istiqaməti də qeyd etməliyik: Bakının Dəməşqdəki yeni hökumətlə olan təmaslarını. Azərbaycan qardaş Türkiyə ilə birlikdə yeni Suriyanın qurulmasında fəal iştirak kursunu əsas götürərək ən müxtəlif təmayüllü layihələrdə təmsilçilik mesajlarını verir. Ölkəmiz artıq Suriyaya mavi yanacaq ixracına başlayıb ki, bunun hesabına bu dövlətin bir neçə iri şəhəri və sənaye obyektləri elektrik enerjisi ilə təmin ediləcək.

Bu siyasət təkcə Suriya deyil, bütün sivil dünya tərəfindən müsbət qarşılanan addımdır və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur. Rəsmi Bakı münasibətlərdə sabitlik amilinə sadiqliyini dəfələrlə sübuta yetirib və bu gün bizimlə qarşılıqlı əsasda əməkdaşlıq etmək istəyən tərəfdaşları da ən çox ruhlandıran, maraqlandıran amil məhz budur. Müstəqil xarici siyasət yürüdən dövlətlə strateji tərəfdaş olmağa can atan ölkələr az deyil. Bu baxımdan hesab etmək olar ki, Bakının strateji tərəf müqabillərinin sayı daha da artacaq.

Bu gün Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı çox aydın hədəfləri var. Bu hədəflərə mümkün qədər tez bir zamanda çatmaq, yaranmış imkanları zamanında dəyərləndirmək üçün sıx əməkdaşlığı, mənasız iddiaları, kin-küdurəti, cılız maraqları kənara qoyub ali ideyalar uğrunda birgə fəaliyyətə böyük ehtiyac duyulur. Dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurları sayəsində hazırda  respublikamız regionun lideri, əsas söz sahibi kimi Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, davamlı inkişafın təmin olunması missiyasını da öz üzərinə götürüb. Azərbaycan bu missiyanı uğurla yerinə yetirməkdən ötrü bütün əhəmiyyətli imkanlara malikdir. Həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi kimi ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, demokratik islahatlar öz məqsədinə çatıb. Dövlətçilik ənənələri güclənib, vətəndaşlıq məsuliyyəti hissi formalaşıb. Cənubi Qafqazın tarixində yeni bir reallıq yaranıb.

Azərbaycan Prezidenti İlham Əliyev əzmi, iradəsi, qətiyyəti, aydın baxışı ilə regionu gələcəyə aparır. Onun rəhbərliyi ilə yaşadığımız bölgə daha işıqlı, xoşbəxt, sülh və rifah içində görünür.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!