23 İyun 2024 08:20
925
CƏMİYYƏT
A- A+
Azərbaycanda dövlət idarəçiliyi: qlobal uğurlara aparan strategiya

Azərbaycanda dövlət idarəçiliyi: qlobal uğurlara aparan strategiya

 

Sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident 
İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində isə ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Hazırda ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qlobal qələbəsidir. Dünya İqtisadi Forumu tərəfindən 2023-cü ilin oktyabr ayında Cenevrədə dərc edilən və iqlim dəyişiklikləri ilə əlaqədar hesabata əsasən, Azərbaycan Respublikasının Enerji Keçid İndeksi 62-dir və iqlim dəyişmələri üçün əhəmiyyətli olan bu göstərici ilə ölkəmiz dünyada 32-ci yerdədir. Bu nəticə ilə ölkəmiz iqtisadi inkişafda yüksək göstəricilər əldə etmiş bir çox dövləti, o cümlədən "Böyük yeddilik (G 7) qrupuna, Avropa İttifaqına, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına aid olan bir sıra ölkələri geridə qoyub. Bu nailiyyətlər həm də COP29-un Azərbaycanda keçirilməsini şərtləndirib.     
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Heç şübhəsiz ki, indiyədək ölkəmizin dəf etdiyi digər hədəflər kimi, bu məqsədə də yüksək səmərəliliklə həyata keçirilən dövlət idarəçilik texnologiyaları sayəsində çatacağıq. 
Qeyd etmək lazımdır ki, əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycan enerji portfelini şaxələndirmək və davamlılığı gözləmək zərurətini qəbul edir. Onun əsas beş milli prioritet arasında təmiz ətraf mühitə nail olmaq və "yaşıl inkişafı" təşviq etmək öhdəliyi var. Bu öhdəlik iqlim sahəsində fəaliyyəti və davamlı inkişaf naminə qlobal imperativlərə uyğunlaşmaq istiqamətində şüurlu səyləri əks etdirir. COP29-un əhəmiyyəti isə texnoloji mübadilə və innovasiyaları əhatə edən siyasətin uyğunlaşdırılması prizmasından kənara çıxır. Bu qlobal forumda əməkdaşlıq Azərbaycana təkcə ekoloji problemləri həll etmək deyil, həm də özünü müasir innovasiyalara və rəqabətqabiliyyətli insan potensialının inkişafına töhfə verən ölkə kimi göstərmək imkanı verir. COP29-un Bakıda keçirilməsinə qərar verilməsi ölkəmizin bu statusunun qlobal miqyasda tanınmasının, siyasi və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. 
Təbii ki, qazanılan bu və digər tərəqqiyə yol açan uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin yaradıcılıqla təkmilləşdirilmiş və yeni səviyyəyə qaldırılmış inkişaf strategiyası durur. Güclü liderlik, qlobal düşüncə bacarığı, yüksək intellekt, mükəmməl diplomatik qabiliyyət, effektiv və məqsədyönlü yorulmaz fəaliyyəti  ilə  Azərbaycanı qlobal miqyasda ön sıralara çıxarmış, səmimiyyət və yüksək kommunikasiya qabiliyyəti, münasibətlərdə məntiqli ardıcıllıq və etibarlılıq kimi şəxsi keyfiyyətləri ilə  özünü beynəlxalq təşkilatlar və dünya liderləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul etdirən Prezident İlham Əliyev həm də səmərəli, müasir dövlət qulluğu sistemi qurmağa müvəffəq olmuşdur. Bu gün Prezident İlham Əliyevin ölkədə gerçəkləşdirdiyi yeni dövlət idarəçiliyi texnologiyaları sayəsində  "sözümüz imzamız qədər keçərlidir" sözləri ölkənin həyata keçirdiyi real siyasəti və onun nəticələrini təsdiqləyən prinsipə çevrilib.  
İnnovativ idarəçilik texnologiyalarının nə dərəcədə uğurlu olmasının ən parlaq təzahürü kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə göstərilə bilər. Bu tarixi zəfər nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlar azad edildi, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Bununla həm də BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsini tələb edən və illərlə kağız üzərində qalan 4 qətnaməsi yerinə yetirilmiş oldu.
Tarix baxımından qısa müddətdə qazanılmış bu qələbə Prezident İlham Əliyev tərəfindən müasir elmə əsaslanan yeni dövlət idarəçilik texnologiyalarının işlənilməsi və tətbiqi nəticəsində qazanılmışdır. Müasir, qabaqlayıcı tələblərə cavab verən və daim təkmilləşən dövlət qulluğu sisteminin təşkili, fasiləsiz təhsil şəraitində səmərəli fəaliyyət göstərən kadr potensialının formalaşdırılması bu texnologiyaların vacib bir istiqamətidir. Bunlar eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin böyük sürətlə və ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilməsini şərtləndirmişdir.  Yaranmış vəziyyət həm innovativ idarəetmə texnologiyalarının, həm də ən müasir istehsalat proseslərinin tətbiqi nəticəsində baş verir. Bu fəaliyyətlərin əsasında isə müvafiq bilik və bacarığa malik olan insan potensialının formalaşması və idarə edilməsi durur. 
Dövlət idarəçiliyi sahəsində müasir və daimi yenilənən bilik və bacarığa malik olan kadr potensialının formalaşdırılması və optimal idarəedilməsi, bu sahədə elmi araşdırmaların aparılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərman əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis edildi. Bu yeni təhsil və elm mərkəzinə dövlət qulluğu üçün kadrların hazırlanması və təkmilləşdirilməsi, daim baş verən dəyişikliklər şəraitində dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə dair tövsiyələrin işlənməsi sahəsində aparıcı elm, təhsil və informasiya mərkəzi statusu verildi. 
Dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində innovativ islahatlar aparan Prezident İlham Əliyevin 2014-cü və 2017-ci illərə aid sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ölkənin bu sahədə aparıcı təhsil, elmi-analitik və informasiya mərkəzi kimi mövcud statusu xeyli genişləndirildi. Bu, bütövlükdə gözlənilən idi: 2003-cü ildə Prezident İlham Əliyev Cenevrədə 175 ölkənin iştirakı ilə keçirilən Dünya Sammitində ölkənin inkişaf konsepsiyasının əsasında "qara qızıl"ın insan potensialının inkişafına və bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi konsepsiyasının durduğunu bəyan etmişdi. 
Dövlət idarəçiliyi sahəsində fəaliyyətin səmərəliliyi yalnız dövlət qulluqçuları, dövlət qulluğunun müxtəlif sahələrində çalışanlar, dövlətin digər işçilərinin hazırlıq səviyyəsindən asılı deyil. Həmin qrupa aid olan heyətin, qərar qəbul və icra edənlərin bilik və bacarığı davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşmasının vacib şərti olsa da, bu istiqamətdə yüksək nailiyyətlərin əldə edilməsi baxımından təhsil sisteminin digər səviyyələrində də müvafiq tədris proqramlarının işlənilməsi və tətbiq edilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması bu sahədə əhalinin bu innovativ dəyişikliklərə hazır olmasını və deməli, daim məlumatlandırılmasını tələb edir. 
Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi innovativ texnologiyalar və bu yanaşmanın tələblərini təmin etmək məqsədi ilə Dövlət İdarəçilik Akademiyasında təhsil və təlimlər kompleks şəklində həyata keçirilir. Dövlət idarəçiliyi sahəsində insan potensialının formalaşması və inkişaf prosesi üçün  müvafiq mühitin yaradılmasını nəzərdə tutan kompleksin mərkəzində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərin və tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının elmi əsaslandırılması dayanır. Təkcə 2023-cü il və 2024-cü ilin birinci yarısında  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 5000-dən çox dövlət qulluqçusu təlim və yenidən hazırlıq keçmişdir ki, bu da dövlət başçısının 30 oktyabr 2018-ci il sərəncamı ilə təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda nəzərdə tutulduğundan çoxdur. O da qeyd edilməlidir ki,  dövlət qulluqçularının təlim, tədris prosesi dövlət başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi beş milli prioritetin reallaşdırılmasından irəli gələn öhdəliklərin icrası və qarşıda duran məqsədlərin təmin olunmasına dəstək istiqamətində qurulub.     
Əslində, dövlət qulluğu sisteminin təşkili, dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi müxtəlif yanaşmalar əsasında həyata keçirilir. Azərbaycanda bu prosesin təşkilinə daha müasir yanaşma ortaya qoyulub. Burada dövlət qulluğu sistemi, dövlət qulluqçularının fəaliyyət səmərəliliyi ölkənin iqtisadi, sosial və humanitar, həmçinin təhlükəsizliyinin təmini  sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir. 
Beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini naminə maddi və insan resurslarından ən səmərəli istifadə sahəsində dünya lideridir. Bəllidir ki, hazırda dünya turbulentlik, sosial, iqtisadi və siyasi inkişafın qeyri-müəyyənliyi dönəmini yaşayır. Miqyaslı çağırışların dəf edilməsi gedişində cəmiyyətin dövlətə etimadı, onun dəyişikliklərə hazırlığı məsələsi xüsusi önəm daşımağa başlayıb. Səmərəli dövlət idarəçiliyi, vətəndaşların qərar qəbulu prosesində iştirakına tələbatı formalaşır. Bu zərurətləri zamanında dəyərləndirən dövlət başçısı İlham Əliyev xidmət və "insan mərkəzli" dövlət idarəçiliyi modelini formalaşdırmağa müvəffəq olub. Bu modelin əsas dəyərləri vətəndaşlar və onların həyat keyfiyyətinin yüksəldilməsidir. 
Ölkədə son illər həyata keçirilən bütün islahatlar və dəyişikliklər də məhz vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsinin yaxşılaşdırılması, strateji planlaşdırmanın səmərəliliyinin artırılması, dövlət aparatının optimallaşdırılması və dövlət xidmətləri göstərilməsinin proaktiv formatı yerli idarəetmənin inkişafına yönəldilib. Bu parametrlərin uğurlu şəkildə gerçəkləşdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə qazanılan nailiyyətlərinin və ölkədaxili inkişafın zəmini kimi çıxış edib. 
Ölkədə inkişafa yönəlik mühitin yaradılmasında həmçinin zamanında formalaşdırılmış vitse-prezidentlik institutunun - bütün ölkə təhsil və sağlamlıq proqramlarına əlçatanlığını təmin etməklə insan potensialının inkişafı prosesinə inklüziv xarakter qazandıran, dövlət-özəl-vətəndaş cəmiyyəti tərəfdaşlığının örnək nümunəsini ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti Prezident İlham Əliyevin nəzəri baxımından işlənilmiş və praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində yüksək səmərəyə malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyada ilk dəfə olaraq dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində tətbiq edilən sinergetik texnologiyalar ilə yanaşı, komplementar və kompensasion yanaşmaların səfərbər edilməsi ölkənin iqtisadi, sosial, humanitar inkişafı, mötəbər beynəlxalq platformalarda sözünün keçərliliyinin vacib şərtidir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Respublikasının son 20 ildə müşahidə edilən sürətli və innovativ inkişafının əsasında dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində tətbiq edilən yeni texnologiyalar durur. 
Dövlət idarəçiliyinin və dövlət qulluğunun təşkilinin yüksək səviyyədə təmin edilməsi, bu prosesin daim təkmilləşməsini reallaşdırmaq üçün bu sahəyə aid olan müasir tədris və təlim vasitələrinin hazırlanması və geniş yayılması vacib şərtdir. Bu, ölkənin inkişafında yeni məqsədlərə nail olmaq üçün xüsusilə əhəmiyyətlidir. Bəlli olduğu kimi, Prezident İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı sərəncamla "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təsdiq edilib. Bu prioritetlərdə həm də insan potensialına əsaslanan rəqabətqabiliyyətli iqtisadi artımın "yaşıl" olması, inkişafın davamlılığı, işğaldan azad edilmiş torpaqlara Böyük qayıdışın təmin edilməsi, inklüziv cəmiyyətin qurulması nəzərdə tutulub. Milli ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu istiqamətlərdə bilik və bacarığın formalaşdırılmasına xidmət edən bir sıra dərsliklər dərc edib. Həmin dərsliklərin bəziləri dünyada birincidir və bu səbəbdən onların ingilis dilində dərc edilmiş versiyası dünyanın ən böyük online ticarət platforması olan Amazonda qlobal miqyasda yayılmaqdadır. Yeni biliklərlə yanaşı, bu dərsliklər eyni zamanda Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlər barəsində məlumatları yayır və hazırda COP29-a hazırlıq prosesində faydalı olacaq məqamların açıqlanmasına şərait yaradır. 
Bu gün kadrların hazırlanması və səfərbər edilməsi də daxil olmaqla, dövlət idarəçiliyi sisteminin fəaliyyət səmərəliliyinin ən real göstəricisi ölkənin iqtisadi, sosial və humanitar inkişafı baxımından qazanılan uğurlar və müvafiq qiymətləndirmələrdir. Bir qayda olaraq bu qiymətləndirmələr tanınmış beynəlxalq təşkilatların məlumatlarına əsaslanır. Məlumdur ki, Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına imkan yaradan iqtisadi islahatlar strategiyası ölkənin təbii sərvətlərindən, intellektual resurslarından səmərəli istifadəni nəzərdə tutur. Elmi əsaslara söykənən bu islahatlar iqtisadi potensialına görə dünyada 82-ci yerdə qərarlaşan Azərbaycanın 25 ən inkişaf etmiş, biznes üçün əlverişli mühitinin mövcud olduğu qabaqcıl ölkə sırasında yer tutmasını təmin edib. 
Ölkəmizdəki xalq-iqtidar birliyindən qaynaqlanan ictimai-siyasi sabitlik amili, əlverişli biznes mühiti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın "yaşıl enerji" sahəsində də investisiya cəlbediciliyini yüksəldib. Dərc olunmuş məlumatlar əminliklə vurğulamağa əsas verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Yaradılan sənaye parkları, sahibkarlara edilən güzəştlər və verilən subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafını sürətləndirib. Bunun sayəsində mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. 
Prezident İlham Əliyev tərəfindən işlənilən və tətbiq olunan yeni dövlət idarəçiliyi texnologiyaları, bu innovasiyalara uyğun formalaşdırılan dövlət qulluğu sistemi Azərbaycanın sosial siyasətin reallaşdırılması və insanların rifahının təmin olunması naminə iqtisadi imkanlardan səmərəli istifadə sahəsində dünya lideri kimi tanınmasına yol açıb. Bu fakt həmçinin Davosda Dünya İqtisadi Forumu tərəfindən yayımlanan xüsusi qlobal hesabatlarda əks olunub. Hesabatlarda bildirilir ki, Azərbaycan qlobal miqyasda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması üçün iqtisadi imkanlardan ən səmərəli istifadə edən ölkədir.
Azərbaycan eyni zamanda qlobal miqyasda aktual olan "yaşıl enerji", karbonsuzlaşdırma, hidrogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəbbüskarlarından biridir. Prezident İlham Əliyevin hələ 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" bu sahədə yol xəritəsi müəyyənləşdirərək bərpaolunan enerji mənbələrindən istifadə məqsədilə əsaslı tədbirlərin həyata keçirilməsinə imkanlar açıb. Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanan plana əsasən, 2050-ci ilədək dünya ölkələri tərəfindən atmosferə atılan karbon emissiyalarının tam şəkildə qadağan edilməsi nəzərdə tutulur. Paris İqlim Sazişini ratifikasiya edən Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı könüllü öhdəlik götürüb və artıq bu öhdəliyi 40 faizə çatdırıb. 
Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilməsi, azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin təzahürüdür. Hesablamalara görə, Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı mövcuddur. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Həmin potensial ölkədə ekoloji mühitin yaxşılaşdırılması və turizm cəlbediciliyinin artırılması ilə yanaşı, elektrik ixracı potensialının yüksəldilməsi baxımından da mühüm dividendlər vəd edir. Azərbaycanın "yaşıl enerji" sahəsində reallaşdırdığı layihələrin əsas məqsədlərindən biri də ölkədə elektrik enerjisi istehsalına sərf olunan böyük həcmdə təbii qaza qənaət olunması və onun Avropaya ixracının həcminin artırılmasıdır.
44 günlük müharibədən sonra yaranmış reallıqlar, azad olunan ərazilərdə aparılan bərpa, yenidənqurma işləri, yeni dəhlizlər ölkədə ÜDM istehsalının artmasına, sosial inkişaf trendinin təmininə və məşğulluğa töhfə verir. Zamanında Ümummilli Lider müraciətində deyirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
Bu inamı Prezident İlham Əliyev yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi çoxşaxəli islahatlar, təkmilləşdirmə tədbirləri və zəruri dəyişikliklər sayəsində gerçəkliyə çevirib. Amma bu, hələ son deyil. Cənab İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.  

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!