16 Yanvar 2024 09:30
557
İQTİSADİYYAT
A- A+
Azərbaycan - yaxın gələcəyin "yaşıl" ölkəsi

Azərbaycan - yaxın gələcəyin "yaşıl" ölkəsi

 

Son illər qlobal əhəmiyyətli bir çox tədbirlərin təşkilini uğurla həyata keçirən Azərbaycan bu il də möhtəşəm bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Hazırda bu mühüm əhəmiyyətli tədbirə hazırlıq işləri görülməkdədir. 
Bununla bağlı 15 dekabr 2023-cü il tarixində keçirilən müşavirədə  Prezident İlham Əliyev COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi qərarını ölkəmizin növbəti böyük uğura imza atması kimi dəyərləndirdi: "...Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

 

Beynəlxalq aləmin Azərbaycana dəstəyi

 

Nəzərə alsaq ki, bu cür qlobal miqyaslı tədbirlərə hansı ölkənin evsahibliyi etməsi ilə bağlı qərarlar beynəlxalq birliyin hər bir üzvünün rəyi, rəsmi razılığı nəzərə alınmaqla qəbul edilir, o zaman COP29-un Azərbaycanda keçirilməsi qərarının yeni reallıqlar dövründə nə qədər böyük tarixi mahiyyət daşıdığını təsəvvür edə bilərik. 
Beynəlxalq birliyin bu mühüm qərarının Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən, ərazi bütövlüyümüzün tam bərpasından cəmi iki ay yarım sonraya təsadüf etməsi bütün dünya ictimaiyyətinin vətənimizin haqq mübarizəsinin tarixi nəticəsinə, dövlət suverenliyimizin bərpasına yekdil dəstəyinin ifadəsidir. Bu, başqa ölkələrin daxili işlərinə qarışmaq siyasətindən əl çəkmək istəməyən, riyakarcasına ikili standartları davam etdirən, Ermənistanda revanşistləri yenidən diriltməyə çalışan bəzi Qərb ölkələrinə də tutarlı cavabdır.  
COP29-un ölkəmizdə keçirilməsi qərarı xüsusilə Fransanın son zamanlar Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamların mənasızlığını göstərir. Əslində, başqa cür ola da bilməz. Bu məsələdə beynəlxalq hüquq normaları, haqq-ədalət meyarları məhz Azərbaycanın tərəfindədir. Dövlətimiz öz suveren ərazisində separatçılara, torpaqlarımızı 30 il işğal altında saxlayanlara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib. Bütün humanitar normalara riayət etməklə öz suverenliyinin bərpasına nail olub. Amma bəzi Qərb ölkələri, xüsusən Fransa bununla barışmaq fikrində deyil. "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının Azərbaycanda keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar", - deyə Azərbaycan Prezidenti sözügedən müşavirədə bildirib.

 

COP29 da yüksək səviyyədə keçiriləcək

 

Ölkəmiz indiyə kimi bir çox belə tədbirləri uğurla təşkil edib, bu sahədə mükəmməl nümunələr, üstün meyarlar yaradıb və təbii ki, zəngin təcrübə toplayıb. Ötən il Beynəlxalq Astronavtika Konqresi Bakıda böyük müvəffəqiyyətlə keçirildi. Bu mötəbər beynəlxalq tədbirin 50 ildən sonra ikinci dəfə Azərbaycan paytaxtında təşkil olunması ona xüsusilə böyük tarixi dəyər qatırdı. 50 il əvvəl sovet, bu gün isə müstəqil Azərbaycanın paytaxtı olan Bakı bu mötəbər tədbirə uğurla evsahibliyi etdi və konqres bütün dünyada böyük maraq doğurdu. 
COP29-a gəlincə isə bu, indiyə qədər keçirilmiş tədbirlərin ən genişmiqyaslısı olacaq. Bununla bağlı müşavirədəki çıxışı zamanı dövlətimizin başçısı tədbirin əhatə dairəsi barədə əyani təsəvvür yaratmaq üçün maraqlı bir müqayisə aparıb: "Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq". 
Prezident İlham Əliyev onu da vurğulayıb ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmır. "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
COP29-un məhz Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən ölkəmizin bununla bağlı strateji hədəflərinə uyğundur. Məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaqdır. Müvafiq prioritetə uyğun şəkildə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili kimi götürülmüş 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi də ətraf mühitin qorunması prioriteti nəzərə alınmaqla həyata keçirilir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Dövlətimiz "yaşıl enerji" növlərinin yaradılmasına və onların dünya bazarlarına nəqlinə enerji siyasətində xüsusi əhmiyyət verir, o cümlədən elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi də ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəflərə sadiqliyini göstərir.   

 

Dövlətimiz bütün hədəflərinə çatacaq

 

29 sentyabr 2023-cü ildə Zəngilanda keçirilmiş 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı Prezident İlham Əliyev Böyük Qayıdış Proqramının icrası zamanı da müasir texnologiyalardan, modern şəhərsalma nümunələrindən geniş istifadə edildiyini, "ağıllı şəhər" və "ağıllı kənd"lərin inşa olunduğunu diqqətə çatdırdı. Zəngilan şəhərinin baş planının artıq təsdiq edildiyini, infrastruktura böyük vəsait ayrıldığını, bir neçə yaşayış layihəsinin icra edildiyini bildirdi: "Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq".
Azərbaycan Prezidenti onu da vurğuladı ki, Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.
Forumda Prezident İlham Əliyev hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsinin deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsinin də həyata keçirildiyinə nəzər yetirdi. Ümid etdiyini bildirdi ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə sanballı töhfə verəcək. 
Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı Azərbaycan dövlətinin yaxın illər üzrə müəyyən etdiyi gündəliyin tərkib hissəsidir. Dövlətimizin başçısının qətiyyəti, effektiv siyasəti, xalqın bu siyasətə fəal dəstəyi sayəsində dövlətimiz qarşıya qoyduğu bütün vəzifələrə və hədəflərə nail olacaq. 

İradə ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!