06 Sentyabr 2025 08:00
1496
SİYASƏT
A- A+
Azərbaycan və Türkiyə liderlərinin enerji siyasəti

Azərbaycan və Türkiyə liderlərinin enerji siyasəti


Əməkdaşlığı genişləndirmək, enerji təhlükəsizliyini gücləndirmək, yeni investisiya layihələrini dəstəkləmək


Prezident İlham Əliyevin enerji siyasəti, ölkəmizin nəhəng neft, qaz və ixrac layihələri ilə qazandığı uğurlar, eləcə də "yaşıl gündəliy"imiz artıq bütün dünyaya bəllidir. Bu sahədə ən yaxın tərəfdaşlarımızdan biri qardaş Türkiyədir. Hələ 1990-cı illərin sonlarından, müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ideyası meydana çıxandan üzübəri ölkələrimiz bütün regionun həyatında mühüm rol oynayan bir sıra layihələrin gerçəkləşməsində həmfikir, tərəfdaş, müttəfiqdirlər. İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumu bu sahədə ölkələrimiz arasında olan əməkdaşlığın daha da şaxələnməsi, yeni işgüzar əlaqələrin yaranması üçün növbəti addım oldu. Tərəflər ötən forumların səmərəliliyinə diqqət çəkərək bu görüşdə də müəyyənləşdirilən yeni hədəflər istiqamətində irəliləməyə, strateji tərəfdaşlığı daha yüksək mərhələlərə qaldırmağa qərarlı olduqlarını bildirdilər.

Öncə xatırladaq ki, bundan əvvəlki üçüncü forum 2023-cü ilin sentyabrında Naxçıvan şəhərində keçirilmişdi. Paralel olaraq ilk dəfə "Naxçıvan - "Yaşıl Enerji" Zonası" Beynəlxalq Konfransı da baş tutmuşdu. Bu tədbirlər çərçivəsində karbohidrogenlər və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpaolunan enerjidən istifadə və mədənçilik istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları təşkil olunmuşdu.

Birinci və ikinci forumlar isə müvafiq olaraq 2021-ci ilin dekabrında Bakıda və 2022-ci ilin oktyabrında Türkiyənin İstanbul şəhərində keçirilmişdi. Onu da qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. 

Budəfəki forumun açılışında çıxış edən ölkəmizin energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir: "Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı ölkələrimizi neft, qaz və bərpaolunan enerji sahəsində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi gücləndirən yeni mərhələyə daxil olub. "İğdır-Naxçıvan" qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin "Şəfəq-Asiman" layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, "yaşıl enerji" interkonnektorlarının qurulması və Zəngəzur dəhlizi, yaxud "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır".

Zəngəzur dəhlizinin (TRIPP) Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də "yaşıl enerji"nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılması üçün də strateji marşrut olacağı qeyd edilib. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin "yaşıl enerji"nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı, "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" interkonnektorunun da icrasından bəhs edilib. Eləcə də türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 meqavat olan 4 kiçik su-elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 meqavatlıq külək-elektrik stansiyası layihələrinə də toxunulub. 

Beləliklə, bu forum karbohidrogenlərdən mədənçiliyə, bərpaolunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələrə aid əməkdaşlığı təşviq etməklə Azərbaycan-Türkiyə enerji birliyinin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da öz çıxışında bunları vurğulayıb: "Enerji ölkələrimizin inkişafının və rifahının ən əsas təkanverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verir. Neft və təbii qaz sahələrində indiyə qədər həyata keçirilən layihələr ortaq baxışımızın düzgün və nəticəyönümlü olduğunu göstərir. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları ilə təməli qoyulan əməkdaşlığımız bu il imzaladığımız "Şəfəq-Asiman" layihəsi ilə yeni bir mərhələyə keçib. "Qarabağ", "D-230" və "Dostluq" yataqlarında əməkdaşlığımızı gücləndirmək də əsas hədəflərimiz arasındadır".

A.Bayraktar deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu il martın 5-də açılışı edilən İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri Naxçıvanın təchizat təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı bağları daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın Türkiyəyə təbii qaz ixracının artırılması istiqamətində işlərin sürətlə irəliləməsini arzuladıqlarını bildirib. 

Yeri gəlmişkən: indiyədək ölkəmizdən Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.

IV Forumun açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də çıxış edərək iki ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29 təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən danışıb. Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Enerji şirkətlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib. Yekunda "Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu" imzalanıb. 

Forumda enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumları ilə əməkdaşlığın davam etdirilməsi məsələləri diqqət mərkəzində olub. Elektrik enerjisi sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!