12 Fevral 2025 17:04
1348
Səfərlər
A- A+
Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.


Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.

Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Mən, həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulamaq istərdim. Əslində, bu gün imzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.

Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz və mən sizə xoş səfər arzu edirəm.

X X X

Sonra Somali Prezidenti bəyanatla çıxış etdi.


Prezident Hasan Şeyx Mahmudun

bəyanatı

-Cənab Prezident, çox sağ olun. Münasibətlərimizin tarixində ilk dəfə Azərbaycana səfər etmək, Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir.

Qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan, hörmətli qardaşım və dostum Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyuram. Səmimi qəbula və qonaqpərvərliyə görə Zati-alinizə minnətdarlığımı bildirirəm. Mənim və nümayəndə heyətimin fikrincə, bugünkü görüşümüz çox məhsuldar keçib və bu, Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı deməkdir.

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik. Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim.

Son üç onillikdə bir çox oxşarlıqlarımız mövcuddur. Xüsusilə 1990-cı illərdə Azərbaycan müəyyən çətinliklərlə üzləşəndə, Somali də belə çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, Əlhəmdülillah, Azərbaycan xalqı dünyanın bu hissəsində sabit və firavan bir ölkə kimi qalib gəlməyə müvəffəq olub.

Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir.

Bu gün imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir.

Eynilə, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

Cənab Prezident, bu gün, sadəcə, başlanğıcdır. Somali və Azərbaycan təkcə iqtisadi artım və təhlükəsizlik üçün baxışı bölüşmür. Biz xalqlarımız üçün daha yaxşı gələcək yaratmaq naminə möhkəmlik, qətiyyət və ambisiya ruhunu bölüşürük.

Zati-aliləri cənab Prezident, mən nümayəndə heyətlərinin səfərləri, ticarət mübadiləsi yolu ilə əlaqələrimizin daha da möhkəmlənməsini arzu edirəm. Somalinin texniki heyətləri Azərbaycana səfər etməyə və Azərbaycan hökumətinə, Azərbaycanın özəl sektoruna Somalidə mövcud olan və yeni yaranan imkanları təqdim etməyə hazırdır.

Cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirirəm və Azərbaycan hökumətinə göstərdiyi səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirir, xalqlarımız arasında daha möhkəm, əmin gələcəyin olmasını arzulayıram.

İnşallah, Sizi müəyyən bir vaxtda Somalidə qarşılamağa ümid edirik.

Çox sağ olun, cənab Prezident.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb  

23:36
24 Mart

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

21:55
24 Mart

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

21:12
24 Mart

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub  

20:41
24 Mart

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

19:44
24 Mart

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

18:14
24 Mart

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

18:08
24 Mart

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

17:29
24 Mart

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

17:12
24 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

16:31
24 Mart

Baş prokuror Vyetnamda işgüzar səfərdədir

15:58
24 Mart

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

15:49
24 Mart

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib

15:16
24 Mart

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

14:47
24 Mart

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb

14:26
24 Mart

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb

13:51
24 Mart

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

13:22
24 Mart

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

12:39
24 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

12:37
24 Mart

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

11:47
24 Mart

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

10:38
24 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!