09 Oktyabr 2026 15:59
169
SİYASƏT
A- A+
Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ


Aydın məqsədə, saf amala, qarşılıqlı münasibətlərə əsaslanan əməkdaşlıq, dostluq və qardaşlıq etibarlıdır, uzunömürlüdür, xalqların, dövlətlərin gələcək inkişafına, sülhə, əmin-amanlığa, təhlükəsizliyə zəmanətdir. Bu, həm də müharibələrin, münaqişələrin, insan faciələrinin qarşısının alınması, ölkələrin öz taleyinə sahib olması baxımından əhəmiyyətlidir. Uzun illər torpaqları erməni təcavüzkarları tərəfindən işğal altında olan, xalqı əzab-əziyyət içərisində yaşayan və nəhayət güclü, yenilməz ordusunun, mətin xalqının qəhrəmanlığı, Prezidentinin siyasi iradəsi, uzaqgörənliyi sayəsində tarixi qələbə qazanaraq, tam suverenliyini təmin edən və öz iqtisadiyyatı, beynəlxalq aləmdəki nüfuzu ilə seçilən Azərbaycanın keçdiyi şərəfli yol, bəşəri dəyərlərə, sülhə sadiqliyi təqdirəlayiqdir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir RZAYEV qəzetimizə açıqlamasında deyib ki, İlham Əliyev prezident seçildiyi ilk gündən dünya dövlətləri ilə əməkdaşlığa, sağlam münasibətlərin qurulmasına böyük önəm verib. Mərkəzi Asiya respublikaları bu baxımdan xarakterikdir və dövlət rəhbərinin Türkmənistana səfəri bunun əyani ifadəsidir: “Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı və Mərkəzi Asiya ilə əlaqələrinin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın region ölkələri ilə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir. Dövlət başçısının Türkmənistanda keçirdiyi görüşlər və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı Azərbaycanın regionda artan siyasi və iqtisadi rolunun göstəricisidir. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yalnız ikitərəfli müstəvidə deyil, çoxtərəfli regional əməkdaşlıq formatlarında da inkişaf etdirir”.

Deputat qeyd edib ki, ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi tarixi hadisədir. Bu təşəbbüsün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülməsi və Azərbaycan tərəfindən dəstəklənməsi ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın 2027-ci ildə bu mühüm platformaya sədrliyə başlayacaq olması isə ölkəmizin regional proseslərdə rolunun daha da artacağından xəbər verir.

T.Rzayev Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı dinamikasının uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın nəticəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu gün Azərbaycan ilə Türkmənistan arasında münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Son illərdə ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi bunu açıq şəkildə göstərir. “Prezident İlham Əliyevin Türkmənistana səfərləri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, o cümlədən Qarabağa səfərləri iki ölkə arasında siyasi dialoqun nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu səfərlər yalnız diplomatik xarakter daşımır, hər birində siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika, tranzit, logistika, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunur. Bu isə Azərbaycan-Türkmənistan münasibətlərinin artıq çoxşaxəli strateji əməkdaşlıq xarakteri aldığını göstərir. Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirdi ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”, – deyə deputat əlavə edib.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin “Avaza”da Mərkəzi Asiya dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın region ölkələri ilə əməkdaşlığının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər zamanı regional əməkdaşlığın, nəqliyyat və logistika əlaqələrinin, enerji təhlükəsizliyinin, investisiyaların, ticarət əlaqələrinin və qarşılıqlı iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə olunması Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin nə qədər geniş və strateji xarakter daşıdığını göstərir. Avaza görüşü həm də Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimadın və birgə fəaliyyət imkanlarının daha da möhkəmləndirilməsi baxımından mühüm platformadır.

 Azərbaycan və Türkmənistanı birləşdirən ən mühüm amillərdən birinin Xəzər dənizi olduğunu diqqətə çatdıran deputat əlavə edib ki, bu gün Xəzər artıq yalnız coğrafi məkan deyil, həm də nəqliyyat, enerji və ticarət baxımından strateji əhəmiyyətə malik bir regiondur: “Azərbaycanın həyata keçirdiyi böyük infrastruktur layihələri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil yolları ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantısına çevrilməsinə imkan verib. Türkmənbaşı limanı ilə Azərbaycan üzərindən keçən marşrutların inkişafı Orta Dəhlizin imkanlarını daha da genişləndirir. Bu baxımdan Prezident İlham Əliyevin Türkmənistandakı görüşlərində nəqliyyat və tranzit məsələlərinin önə çəkilməsi tamamilə məntiqlidir. Çünki Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit ölkədir”. 

T.Rzayev deyib ki, Azərbaycan və Türkmənistan enerji ehtiyatları baxımından da böyük potensiala malik ölkələrdir. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi həm iki ölkənin iqtisadi maraqlarına, həm də regionun enerji təhlükəsizliyinə xidmət edir. İyunun 22-də Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması da bunun bariz nümunəsidir. Bu sənədlər göstərir ki, iki ölkə arasında enerji əməkdaşlığı daha sistemli və uzunmüddətli xarakter alır. “Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ticarət, investisiya, sənaye, logistika və nəqliyyat sahələrində əlaqələrini sürətlə genişləndirir. Münasibətlər yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır, qarşılıqlı investisiyalar, birgə müəssisələrin yaradılması və istehsal zəncirlərinin formalaşdırılması üçün imkanlar artır. Azərbaycan və Türkmənistan arasında sənaye sahəsində 2026-2028-ci illər üzrə əməkdaşlıq proqramının imzalanması da iqtisadi münasibətlərin daha konkret layihələr üzərində qurulduğunu göstərir. Eyni tarixdə gömrük, ticarət və digər istiqamətlər üzrə sənədlərin imzalanması iqtisadi əlaqələrin hüquqi bazasının genişləndirilməsinə xidmət edir”, – deyə o bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqları tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Bu münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması çox mühümdür. Mədəni-humanitar əlaqələrin inkişafı xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşası da bu mənəvi yaxınlığın mühüm nümunələrindən biridir. Prezident İlham Əliyevin Türkmənistandakı çıxışında bu məsələni xüsusi qeyd etməsi Azərbaycan və türkmən xalqları arasında qardaşlıq münasibətlərinin dərinliyini göstərir. 

Deputat vurğulayıb ki, Azərbaycanın C5 formatına tamhüquqlu üzv olması ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir: “Ölkəmizin burada iştirakı regional nəqliyyat, enerji, iqtisadi əməkdaşlıq, investisiya, ticarət və təhlükəsizlik məsələlərinin daha geniş müstəvidə müzakirəsinə imkan yaradır. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycan və Türkmənistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün də imkanlar böyükdür. İyunun 22-də iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması bunu göstərir. Qida təhlükəsizliyi sahəsində imzalanmış saziş də bu istiqamətdə əlaqələrin inkişafı üçün hüquqi baza yaradır. Qarşıdakı dövrdə aqrar məhsulların ticarəti, emalı və qida təhlükəsizliyi üzrə əməkdaşlığın genişlənəcəyinə inanmaq olar”.

T.Rzayev Prezident İlham Əliyevin Türkmənistan səfərinin əsas nəticələrindən birinin Azərbaycanın regional əməkdaşlıq imkanlarının daha da genişlənməsi olduğunu qeyd edərək, ölkəmizin fəal, çevik və uzaqgörən xarici siyasət həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmiz həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli regional platformalarda öz mövqelərini ardıcıl şəkildə gücləndirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı siyasi nüfuzunun artmasına, iqtisadi imkanlarının genişlənməsinə və yeni nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşmasına xidmət edir.

Deputatın fikrincə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, respublikamızda bu ölkələrin kapitalı ilə 400-dən çox şirkətin aktiv şəkildə fəaliyyət göstərməsi, son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması münasibətlərin inkişafının aydın ifadəsidir. Türkmənistanla münasibətlər isə bu prosesdə xüsusi əhəmiyyət daşıyır. “Cənab İlham Əliyev münasibətlərin genişləndirilməsinə böyük önəm verərək çıxışı zamanı bildirdi ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün ilk növbədə onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya  qoymalı, istehsal etməli və xarici bazarlara çıxarmalıyıq. Görüş ərəfəsində “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatının” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın  imzalanması qarşılıqlı əməkdaşlığın inkişafına bir zəmanətdir. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkmənistan əlaqələri bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək. Çünki siyasi dialoqun yüksək səviyyəsi iqtisadi, nəqliyyat, enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrliyi isə bu münasibətlərin, bütövlükdə, regional əməkdaşlığın inkişafına yeni imkanlar açacaq”, – deyə o əlavə edib.

Komitə sədri sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri yalnız iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından deyil, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşması üçün də mühüm siyasi hadisədir. Dövlət başçısının keçirdiyi görüşlər və Məşvərət görüşündə iştirakı Azərbaycanın regional proseslərdə fəal və təşəbbüskar mövqeyini bir daha ortaya qoyur.



Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

15:56
09 Oktyabr

“Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ-yə qayıdıb  

15:49
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

15:42
09 Oktyabr

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb  

15:41
09 Oktyabr

Azərbaycan-Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi sürətlə artır

15:34
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!