İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki dövlət arasında dərin tarixi köklərə malik münasibətlərin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. Ölkələrimiz və xalqlarımız arasında onları bir-biri ilə əlaqələndirən və ən müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıqlar mövcuddur.
Ancaq həm Azərbaycanın son illər ərzində beynəlxalq statusunun yüksəlməsi və qlobal siyasi proseslərin iştirakçısı olması, həm hazırkı mövcud regional və daha geniş coğrafiyanı əhatə edən reallıq, həm də bütövlükdə təmsilçisi olduğumuz islam dünyasının geosiyasi rolu və çəkisinin artımı fonunda qarşılıqlı münasibətlərimizin bu gerçəkliyin tələblərinə uyğun müsbətə doğru transformasiya prosesini keçməsi tələb olunur.
Cənubi Qafqaz böyük iqtisadi yüksəliş və tərəqqinin astanasındadır və bu bölgə ilə sıx bağlı olan İranın baş verən və verəcək dəyişikliklərə reaksiyası ölkəmiz üçün olduqca vacibdir. Təkcə ona görə yox ki, bizim aramızda çox böyük sərhəd mövcuddur, həm də onun üçün ki, ölkələrimiz mədəni və humanitar sahələrdən tutmuş iqtisadi və siyasi sahələrədək sıx işbirliyində olublar. Söhbət ondan gedir ki, regionumuz həm siyasi, həm də iqtisadi müstəvilərdə yeni mərhələyə keçid prosesindədir və qonşu dövlətlərin bu tarixi mərhələdə əməkdaşlığı və fikir uyğunluğu olduqca vacibdir: həm ikitərəfli münasibətlər, həm də daha geniş formatlı əməkdaşlıq perspektivləri baxımından.
Çoxşaxəli münasibətlər və perspektivli əməkdaşlıq istiqamətləri
Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycanın ərazi bütövlüyünü və sverenliyini tam bərpa etməsi prosesindən sonra iki dövlət arasında baş vermiş ən əlamətdar hadisədir. İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi, dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmama prinsiplərini xüsusi vurğulaması rəsmi Tehranın 2020-ci ilin Vətən müharibəsindən sonra formalaşmış yeni regional vəziyyətə olduqca mühüm münasibətidir: "Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq… Qəti və mütləq şəkildə bir-birimizin ərazi bütövlüyünə, siyasətinə və təhlükəsizliyinə hörmət etməliyik. Bir-birimizin daxili işlərinə müdaxilə etmək niyyətimiz olmamalıdır. Bu, bizim inandığımız amildir".
İranın dövlət başçısının bu ifadələri rəsmi Tehranın yaranmış yeni regional vəziyyət və irimiqyaslı, transmilli formatlı layihələrə və proseslərə hazırlığının göstəricisidir. İki ölkə arasında olduqca zəngin əməkdaşlıq gündəmi mövcuddur və onların həlli təxarəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Məsud Pezeşkianın Bakıya rəsmi səfəri və dövlət başçılarının səsləndirdikləri bəyanatlardan belə görünür ki, tərəflər mövcud münasibətləri tənzimləyən ikitərəfli anlaşma və sənədlərin daha dərin strateji məna kəsb etməsi üzərində işin aparılması üçün hökumətlərə tapşırıqlar veriblər. Prezident İlham Əliyevin həm mövcud münasibətlərin, həm də bu səfər çərçivəsində imzalanmış sənədlərin strateji əhəmiyyətini vurğulaması tərəflərin qarşısında duran perspektivlərə dair ümumi görüşün olduğunu təsdiqləyir: "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır".
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumundakı çıxışında da xüsusi vurğuladı ki, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir: "Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir".
İran liderinin də bəyanatlarından aydın görünür ki, Tehran iki dövlət arasında olan münasibətlərin daha da möhkəmləndirilməsi və həm siyasi, həm də iqtisadi baxımdan zənginləşdirilməsi ilə yanaşı, daha qlobal xarakterli çağırışlarda eyni mövqedən çıxış etmənin tərəfdarıdır: "Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək..."
Regional siyasi yekdillik
İran prezidentinin Bakıda səsləndirdiyi fikirlər və səfərin siyasi tərəflərinin təhlili bir sıra mühüm nəticələrə gəlməyə əsas verir. Birincisi, Tehran Azərbaycanın təşəbbüskarı olduğu regional təhlükəsizlik düsturu - 3+3 formatına dəstəyini ifadə edir. Bu o deməkdir ki, Azərbaycan kimi İran da bölgəmizdə əsas söz sahibinin məhz yerli dövlətlər və xalqların olması fikri ilə razıdır. Prezidentlərin məhdud tərkibdə görüşü zamanı 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti xüsusi vurğulanıb. Xatırladaq ki, rəsmi Bakının fəal şəkildə dəstəklədiyi bu formata görə, bölgəmizdəki siyasi və təhlükəsizlik çağırışları Cənubi Qafqaz regionunun üç təmsilçisi, habelə bizə birbaşa qonşu olan qardaş Türkiyə, İran və Rusiya arasında müştərək işbirliyi ilə öz həllini tapmalıdır. Bu yanaşma yaşadığımız coğrafiyaya istənilən xarici müdaxiləni, o cümlədən burada yad hərbi mövcudluğu qəti şəkildə rədd edir. Regionun təhlükəsizliyi və inkişaf imkanları burada tarix boyu yaşayan xalqların öz əllərində olmalıdır. Tehranın bu düsturla razılığı regional təhlükəsizlik baxımından olduqca diqqətçəkən faktordur. İran Prezidenti Bakıda səsləndirdiyi çıxışında ölkəsinin bu yanaşmaya sadiqliyini ifadə etdi. Bildirildi ki, regionun təhlükəsizliyini özümüz qoruya bilərik. Başqa yerdən gəlib bizim üçün təhlükəsizliyin yaradılmasına ehtiyacımız yoxdur.
İran Prezidentinin fikirlərinin ilkin analizi onu da göstərir ki, Tehran Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, həmçinin daha geniş miqyasda, konkret olaraq Yaxın Şərqdəki geosiyasi maraqlarını və iştirakını qəbul edir. Azərbaycan son illər ərzində sözügedən mürəkkəb bölgədə öz varlığını nümayiş etdirməyə başlamış yeni geosiyasi aktordur. Rəsmi Bakının qlobal əhəmiyyətli proseslərdə söz sahibi olması onun orta güc statusundan inamla və məharətlə istifadə etməsinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə böyük nüfuzu və hadisələrə təsir mexanizmləri olan Türkiyə ilə qardaş və strateji müttəfiqdir. Bu baxımdan, ölkəmizin sözügedən coğrafiyada baş verən proseslərə münasibəti rəsmi Ankaranın mövqeyi ilə üst-üstə düşür. Bu reallıq bizə imkan verir ki, həm müsəlman ölkəsi olaraq, həm də siyasi iddialarımız baxımından burada baş verən proseslərin iştirakçısına çevrilək. Məsələn, Azərbaycan yeni qurulan Suriyanın həyatında rol oynaya biləcək siyasi və iqtisadi imkanlara malik dövlət kimi nəzərdən keçirilir. Eyni zamanda Bakının islam dünyasının aparıcı təmsilçiləri ilə sıx münasibətləri var, ötən ilin sonunda dövlətimiz müsəlman aləminin nüfuzlu elitar birliyi olan D-8-ə üzv qəbul edilib.
Bununla yanaşı, xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həm də özünün çoxvektorlu xarici siyasətinə uyğun olaraq digər dövlətlərlə də sıx əməkdaşlıq münasibətlərinə malikdir. Bakı Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin işgüzar məcraya gətirilməsi üçün aktiv vasitəçilik fəaliyyəti ilə məşğuldur. Başqa sözlə, Prezident İlham Əliyevin əsasını qoyduğu səmərəli xarici siyasət imkanları təkcə dövlətimizə deyil, eyni zamanda həm də bölgəmizə fayda gətirə, uzunmüddətli sülh və əmin-amanlığın təməli, platforması qismində çıxış edə bilər. Məsud Pezeşkianın bəyanatlarında Yaxın Şərq bölgəsinə işarə etməsi Tehranın Bakının bu imkan və potensialının tanınması kimi xarakterizə olunmalıdır: "Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq".
Müştərək və qlobal perspektivlər
Bakıda keçirilən Azərbaycan-İran danışıqlarının iqtisadi aspektlərinə dərindən varmadan bu müzakirələrin siyasi tərəflərinə diqqət yetirmiş olsaq belə, müəyyən məqamları qeyd etmək xüsusilə vacibdir. Dövlətimizin başçısı Azərbaycan-İran biznes- forumunda vurğuladı ki, Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Ölkəmiz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edir: "Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri, demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər".
Azərbaycan Prezidenti biznes-forumda Araz dəhlizi layihəsinə də toxundu. Xüsusi vurğulandı ki, bu gün Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada bu layihə ilə bağlı müxtəlif fərziyyələr var. Əslində, buna heç bir əsas yoxdur: "Çünki bu, sadəcə olaraq yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada eyni zamanda böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək".
Tehranın mövqeyi regionumuzda baş verən qlobal logistika prosesinin məntiqi ilə də uzlaşmaqdadır. Söhbət Orta dəhliz layihəsində İranın iştirakından və Cənubi Qafqazın bir transmilli nəqliyyat qovşağına çevrilməsindən gedir. İran ölkələrimizin birgə səyləri ilə ərsəyə gəlməkdə olan Araz dəhlizi vasitəsilə bu qlobal nəqliyyat marşrutuna qoşulur və bu əzmi biz Prezident Məsud Pezeşkianın nümayiş etdirdiyi iradədən gördük: "Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını - bizimlə Rusiya arasında Şimal-Cənub, həmçinin Şərq-Qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır..."
Bununla yanaşı, İran lideri Asiya ilə Avropanı birləşdirən bu xəttə Şimal-Cənub istiqamətinin birləşməsini də qəbul etdiklərini bildirdi. Bu o deməkdir ki, Tehran həm Orta dəhlizin Prezident İlham Əliyevin söylədiyi kimi, bir qolu olan Araz dəhlizi ilə qoşulmaqla bu irimiqyaslı nəqliyyat infrastrukturunun iştirakçısı olur, həm də Şimal-Cənub xətti üzərindəki yolların da bu qlobal marşruta birləşməsini təşviq edir.
İqtisadi blok məsələlərinin geosiyasi əhəmiyyətinə dair daha bir amil isə bundan ibarətdir ki, İran islam dünyasını bu tellərlə daha sıx bağlayacaq irimiqyaslı əməkdaşlıq formatının yaranması perspektivlərini müdafiə edir. Bu elə bir format ola bilər ki, özünün vahid sərhəd və gömrük prosedurları ilə müsəlman dövlətlərinin daha sıx və rahat ticari-iqtisadi münasibətlərini inkişaf etdirməyə səbəb olar.
İran Prezidentinin səfərini müşayiət edən xoş və işgüzar atmosfer, imzalanmış mühüm sənədlər, həmçinin dövlət başçılarının nümayiş etdirdikləri əməkdaşlıq əzmi və iradəsi onu göstərir ki, tərəflər regionumuzda son illər baş verən dəyişikliklər, habelə yaşanan qlobal proseslər fonunda müştərək mövqenin əldə edilməsinə nail olublar. Bu fikir ortaqlığı regionumuzda üzünmüddətli dayanıqlı sülhlə yanaşı, iqtisadi çiçəklənməyə, işbirliyinə, tərəqqiyə və təbii ki, xalqlarımızın rifahına xidmət edə bilər. Bu reallıq rəsmi Bakının xarici siyasət gündəmi ilə həmahəngdir və Azərbaycan xalqının milli maraq və mənafelərinə cavab verir.
İradə ƏLİYEVA,
"Azərbaycan"