İyunun 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası parlament nümayəndə heyəti Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, Əlcəzair parlamentinin üzvü Boudjerra Soltani rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycan–Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılovla görüşüb.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan ilə Əlcəzair arasında siyasi və diplomatik münasibətlər uğurla inkişaf edir. Xarici siyasət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətinin yüksək qiymətləndirildiyi vurğulanıb.
Parlament diplomatiyasının ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafındakı rolu diqqətə çatdırılıb. Şahin İsmayılov Azərbaycan tərəfinin Əlcəzairlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib, xalqlarımızı və dövlətlərimizi birləşdirən ortaq dəyərlərin mövcudluğunu qeyd edib.
Tərəflər parlamentlərarası əməkdaşlığın, mədəni-humanitar əlaqələrin, gənclər və tələbə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin Azərbaycan vətəndaşları üçün Əlcəzairə səfərlərlə bağlı viza prosedurlarının sadələşdirilməsi məsələsinə toxunulub. Bildirilib ki, qarşılıqlı səfərlərin asanlaşdırılması iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verə bilər.
Boudjerra Soltani Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiklərini qeyd edib. O, Azərbaycanın Əlcəzairin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladaraq, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb.
Ölkəsinin Azərbaycanla siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Boudjerra Soltani Azərbaycanda beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirib.
Görüşdə tələbə mübadiləsi proqramlarının genişləndirilməsinin vacibliyi və tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin növbəti təzahürüdür.